525.Az

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi


 

SAHİBKARLIĞIN İNKİŞAFI ÖLKƏNİN İQTİSADİ SİYASƏTİNİN BAŞLICA İSTİQAMƏTLƏRİNDƏNDİR

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi<b style="color:red"></b>

İqtisadi inkişafın əsas elementlərindən biri də ölkədə sahibkarlıq üçün əlverişli mühit yaradılmasıdır. Çünki iqtisadiyyatın tərəqqisi üçün rəqabət mühiti və şaxəli şəkildə inkişaf olmalıdır.

Hər bir ölkənin iqtisadi tərəqqisində onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti vacib rol oynayır. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda , ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas istiqamət seçən Azərbaycan hökümətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər böyük əhəmiyyət daşıyır.

Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun , kiçik və orta sahibkarlığın inkişafından asılı olduğu üçün respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir və özəl sektor ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində xüsusi rol oynayır.  

İqtisadi inkişafın Azərbaycan modeli uğurlu nəticələr və aydın perspektivlərlə səciyyələnir...  

"Azərbaycanda həyata keçirilən iqtisadi siyasətdə əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun güclü inkişafına nail olunması mühüm aktuallıq kəsb edir. Qeyri-neft sektorunun hərtərəfli, sürətli və səmərəli inkişafının təmin edilməsinin ən zəruri şərtlərindən biri sahibkarlığın inkişaf etdirilməsi, ilk növbədə kiçik və orta biznes fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.

Beynəlxalq təcrübə göstərir ki, kiçik və orta biznesin səmərəli  fəaliyyətinin təmin edildiyi şəraitdə istehsal olunan məhsul və xidmətlərin yarıdan çoxu, elmi texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin 80 faizi, hər yeni açılan 3 iş yerindən 2-si həmin sahənin payına düşür. Eyni zamanda kiçik və orta biznes subyektləri əhalinin tələbatına daha həssas olduğundan, bazar konyukturunun dəyişiklərinə operativ reaksiya verib, istehsal və istehlak sferalarındakı müvafiq boşluqları daha effektiv şəkildə doldura bilirlər.

Bundan əlavə kiçik və orta sahibkarlıq orta təbəqənin formalaşmasının əsas mənbəyi kimi cəmiyyətdə zəruri sabitlik təmin edərək, ölkədə həyata keçirilən demokratik yönlü , mütərəqqi iqtisadi, hüquqi və siyasi islahatların dəstəklənməsinin sosial bazasını genişləndirir". Bu fikirlərin müəllifi  - tanınmış iqtisadçı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli belə bir qənaətdədir ki, səmərəli fəaliyyət göstərən, oturuşmuş və güclü sahibkarlıq institutunun formalaşması inkişafı uzunmüddətli bir proses olub, xeyli dərəcədə dövlət-hakimiyyət orqanları tərəfindən müəyyənləşdirilən iqtisadi, hüquqi, siyasi şəraitin əlverişlilik, səmərəlilik dərəcəsindən asılıdır. Əli Məsimlinin fikrincə, Azərbaycanda planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid prosesində sahibkarlığın inkişafı istiqamətində xeyli iş görülüb.

Ölkədə 200 mindən artıq xırda sahibkarlıq subyekti, o cümlədən, 14 mindən artıq kiçik müəssisə fəaliyyət göstərir. Özəlləşdirmə və aqrar islahatlara dair qanunlar qəbul edilib, qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılması, valyuta bazarının formalaşdırılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması və sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaranmasına yönələn hüquqi normativ aktlar qəbul edilib. Ölkədə bazar institutlarının formalaşdırılması, valyuta birjası, kredit, qiymətli kağızlar, sığorta və lizinq bazarlarının yaradılması istiqamətində də zəruri işlər görülüb. Sahibkarlığın inkişafında əhəmiyyətli dövlət dəstəyi mexanizmi olan xüsusi iqtisadi zonalarının yaradılmasının qanunvericilik bazası formalaşdırılıb: "Həyata keçirilən islahatlar nəticəsində ÜDM-də özəl sektorun payı 2009-cu ildə 85 faizə, sənaye istehsalında 91 faizə, tikintidə 67 faizə, kənd təsərrüfatı istehsalında 99,8 faizə nəqliyyat xidmətlərində 78 faizə, məşğul əhalinin sayında 70 faizə çatıb". 

"Daxili investorların ölkəyə maliyyə yatırması üçün hər cür şərait var"

İqtisadi və Sosial İnkişaf  Mərkəzinin (İSİM) eksperti Nicat Hacızadə mövzu ilə bağlı danışarkən bildirdi ki, Azərbaycanda sahibkarlıq istiqamətində müstəqillikdən bəri müxtəlif yönümlü addımlar atılıb, bir sıra layihələr həyata keçirilib. Bu layihələrin tərkibində kənd təsərrüfatı fermerleri üçün subsidiyaların, sahibkarlara  güzəştli kreditlərin verilməsi, pay torpaqlarının ayrılması, onların fəaliyyətinin genişləndirilməsi və s.  müəyyən dəstəkverici fəaliyyətlər olub.

N.Hacızadə sahibkarlıq sahəsində ölkəmizdə mövcud olan pozitiv və neqativ amillərdən də danışdı. Bildirdi ki, pozitiv amillərdən ən önəmlisi odur ki, daxili investorların ölkəyə maliyyə yatırması üçün hər cür şərait var: "Birinci növbədə ictimai-siyasi sabitlik burada böyük rol oynayır. İkinci makroiqtisadi mühit, üçüncüsü isə investisiya əlverişliliyi və gəlirgətirmə qabiliyyəti də burada mühüm rol oynayır. Neqativ cəhətlərdən biri odur ki, ölkə Prezidentinin də qeyd etdiyi kimi, Azərbaycanda bir sıra səlahiyyət sahiblərinin borclarını düzgün yerinə yetirə bilməyən sahibkarları incitməsi halları var. Eyni zamanda, ölkədə pul-kredit siyasətinin sabitləşməməsi də sahibkarlar üçün müəyyən qədər problem yaradır. Xaricdən məhsul idxal edən, yaxud hansısa istehsal üçün xammal gətirən zaman xarici valyutaya ehtiyac duyurlar. Xarici valyutanın kursunun dəyişkən olması, iki dəfə manatın məzənnəsində baş verən kəskin dəyişiklik sahibkarlıqda müəyyən problemlər yaratdı. Bir də bank sektorunda sahibkarlara verilən müvafiq kreditlərin faiz dərəcələri çox yüksəkdir. Buna görə də sahibkarlar kapital mənbəsi tapmaq üçün müəyyən çətinliklər çəkirlər".

İqtisadçı deyir ki, SKMF fəaliyyətə başlayandan indiyə qədər sahibkarlıq sahəsində dövlət tərəfindən dəstək üçün müəyyən işlər görülüb. O deyir ki, sahibkarların bu kreditlərə əlçatanlığının təmin olunması üçün müəyyən bürokratik əngəllər olsa da, ümumilikdə bu fondun sahibkarlığa dəstəyi yüksəkdir: "Təkcə 2015-ci ildə təxminən 5 243 layihəyə 248 milyon manatdan çox vəsait ayrılıb. Müxtəlif sənaye istehsalı mallarına 35 milyon manatdan, kənd təsərrüfatı məhsullarının emalı üçün 12 milyon manatdan çox maliyyə ayrılıb.

SKMF-nun Azərbaycanda üstünlük verdiyi əsas sahə kənd təsərrüfatı məhsullarının istehsalıdır. Bu istiqamətdə 2015-ci il ərzində sahibkarlara 158 milyon 145 min manat pul ayrılıb. İkinci yerdə xüsusi xidmət sahələridir ki, buraya 42 milyon 605 manat maliyyə ayrılıb. Bütün bunların nəticəsində belə qeyd etmək olar ki əsas pay kənd təsərrüfatı məhsullarına düşür. Fondun ayırdığı maliyyənin 63, 3 faizi kənd təsərrüfatının payına düşür.

Statistik nəticələrə də baxsaq, sahibkarlara verilən kreditlər kiçik, orta və yüksək həcmdə olmaqla üç yerə bölünür. Burada üstünlük kiçik həcmli kreditlərdədir. Fondun ayırdığı kreditlərin 55 milyon manatla 98 faizini kiçik həcmdə olanlar təşkil edir. Bütün bunları ümumiləşdirsək, SKMF tərəfindən Azərbaycanda yetərincə vəsait xərclənib. Bu da məşğulluğun artmasına səbəb olub və 2015-ci il ərzində 12 587 yeni iş yeri açılıb".

Şəxsi mülkiyyətə söykənən sahibkarlığın əsası...

Məlum olduğu kimi, sahibkarlıq sektorunda bir sıra hallarda inhisarçılıq əlamətləri özünü büruzə verə və bu, iqtisadi inkişafı, azad rəqabəti əngəlləyə bilər. İnhisarçılıqla mübarizə tədbirləri genişmiqyaslı və sistemli iş olmaqla iqtisadiyyatın bir sıra sahələrində korrupsiyaya və rüşvətxorluğa yol açan meyillərin qarşısının alınmasına xidmət edir. Bu istiqamətdə atılan addımlar üümumilikdə strateji məqsəd hesab olunmaqla , həm də ölkə həyatının bütün sahələrində, bölmələrində şəffaflığın təmin edilməsinə öz töhfəsini verir. Məhz bu amilləri nəzərə alan prezident İlham Əliyev inhisarçılığa rəvac verə biləcək faktorların qarşısının alınması üçün lazım olan bütün tədbirlərin görülməsini aidiyyəti orqanların qarşısında başlıca vəzifə kimi qoyub. Prezident İlham Əliyevin azad sahibkarlığa, özəl sektora verdiyi böyük siyasi dəstək rüşvətxorluğa qarşı ən sərt və amansız mübarizə tədbirlərinin həyata keçirilməsi üçün güclü mexanizm yaradır. Yəni, dövlət başçısı qeyd olunan neqativ halların qarşısının alınmasına birbaşa öz güclü dəstəyini nümayiş etdirməklə, bütün aidiyyəti orqanları mübarizə tədbirlərində səfərbər edir. Bu, eyni zamanda, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin prinsipial xarakter daşıdığını və dövlət siyasətinin ən prioritet sahələrindən birini təşkil etdiyini təsdiqləyir. Bu istiqamətdə görülən təsirli tədbirlər korrupsiya ilə mübarizənin  effektiv nəticələr verməsini şərtləndirməklə bərabər, cəmiyyətin hər bir üzvündə, o cümlədən, sahibkarlarda qətiyyətlilik və prinsipiallılığı gücləndirir, fəaliyyətində nöqsanlara yol verən məmurlara qarşı onların müqavimətini möhkəmləndirir, mənfi hallar barədə lazımi ünvanlara çəkinmədən məlumat verilməsində ardıcıllığa yol açır.

Hazırda ölkəmizdə yeni iqtisadi meyarlara uyğun islahatlar aparılır və dövlət-biznes münasibətləri müasir müstəvidə qurulmaqdadır. Bu tədbirlərin nəticəsi kimi sahibkarlar üçün lisenziyaların verilməsi, qrant müqavilələrinin alınmasının elektron qaydada aparılması, bu sahədə müvafiq rüsum və ödənişləri elektronlaşdırılması həyata keçirilməkdədir. Yeni xidmətlər dövlət strukturlarının sahibkarlıq sektoruna müdaxiləsinə imkan vermir. Elektron xidmətlərin çeşidinin artırılmasında da məqsəd sahibkarlıq sektorunda şəffaf mexanizmlərin tətbiqinin genişləndirilməsidir.

Samirə QULİYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim edilir.

 





13.12.2016    çap et  çap et