525.Az

Revmatik xəstəlikləri yaradan başlıca səbəblər - Professor Sahib Musayev danışır


 

Revmatik xəstəlikləri yaradan başlıca səbəblər - <b style="color:red">Professor Sahib Musayev danışır</b>

Hava şəraitinin kəskin soyuqlaşması ilə əlaqədar bir çox xəstəliklər, eləcə də son zamanlar uşaqlar və yeniyetmələr arasında geniş yayılmış revmatik xəstəliklər aktuallaşır.

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının revmatologiya və qastroenterologiya şöbəsinin müdiri, professor Sahib Musayev revmatizm xəstəliyi olan uşaq və yeniyetmələrin valideynlərinin qış aylarında xüsusilə diqqətli olmalarını tövsiyə edir.  

İmmunitetin aşağı düşməsi  revmatik qızdırmanı yaradır 

Professor Sahib Musayev hava şəraitinin kəskin dəyişməsinin  bilavasitə immunitetin aşağı düşməsinə və revmatik xəstəliyi olan insanlarda, xüsusilə də uşaqlarda və yeniyetmələrdə ağırlaşmalara gətirib çıxardığını deyir.

“Bu xəstəlik uşaqlar və yeniyetmələr arasında geniş yayılmış revmatik qızdırma ilə özünü büruzə verir. Bu da əsasən angina ilə müşayiət olunan və revmatik xəstəliklər arasında ən öncül yerlərdən birini tutan revmatik qızdırmanın  yaranmasına səbəb ola bilir.

Streptokokk infeksiyaları isə uşaqlarda və yeniyetmələrdə immunitetin aşağı düşməsi nəticəsində yaranır. Əhali arasında sanitariya gigiyenik qaydalara əməl edilməsi və yaxşılaşdırılması, streptokokk infeksiyasi olan uşaqlarda birincili və ikincili profilaktikanın aparılması  vacibdir.

Birincili profilaktika  xəstəlik əmələ gəlməmiş onun qarşısını almaqdır. Uşaq bağçaya və yaxud məktəbə  gedirsə (xüsusən qış aylarında), bu zaman onlara birdəfəlik ekstensilin preparatının vurulması vacibdir. Bu dərman 12 yaşa qədər uşaqlara 1.2 milyon dozada, 12 yaşdan yuxarı uşaqlara isə 2.4 milyon dozada müəyyən edilərək həkim tərəfindən vurulur. Nəticədə xəstəliyin yaranmasının qarşısını almaq mümkün olur”. 

Bu xəstəlik zamanı vitaminlə zəngin olan qidalara üstünlük verilməlidir… 

Revmatoloq diqqət yetirilməli olan amillərdən birinin də uşaqlara və yeniyetmələrə vitaminlə zəngin olan qidaların verilməsinin vacib olduğunu qeyd edir.

“Vitaminlə zəngin olan qidaların uşaqlara və yeniyetmələrə verilməsi,  eyni zamanda maye qəbulunun artırılması önəmlidir. Bu da immunitetin yüksəlməsinə xidmət edən vacib amillərdəndir.

Digər xəstəliklər içərisində birləşdirici toxumanın diffuz xəstəlikləri arasında sistem qırmızı qurd eşənəyi, revmatoid artrit, vaskulitləri və s. bunlar da mövsümi xarakter daşıyan, havanın dəyişməsi və soyuqların düşməsi ilə ağırlaşan xəstəliklər sırasına daxildir. Ona görə insanlar əsasən immunitetlərinin möhkəm olmasına fikir verməlidirlər”.  

Revmatizm yoluxucu xəstəlik deyil...

S.Musayev revmatik xəstəliklərdə əsasən qidalanma rejiminə, immunitetə, xroniki infeksiya ocaqlarının məhv edilməsinə yönələn tədbirlərin həyata keçirilməsinin vacib olduğunu vurğulayır.

“Digər xəstəliklərin, xüsusilə xroniki infeksiyaların fonunda da revmatik xəstəliklər ortaya çıxa bilər.  Bir şeyi xüsusi olaraq qeyd etmək istəyirəm. Əgər hərbi xidmətə gedən yeniyetmədə revmatizm xəstəliyi varsa, onlar da son dərəcə diqqətli olmalıdırlar. Çünki, səngərdə bu proses intensivləşə bilər. İmmunitetin aşağı düşməsi, sanitariya qaydalarına əməl edilməməsi, iqlim şəraiti, bilavasitə bu xəstəliyin yaranmasına  və yaxud intensivləşməsinə şərait yarada bilər. Yeniyetmə əsgərliyə gedən zaman birincili profilaktika olaraq onlara birdəfəlik 2.4 milyon təsir vahidində ekstensilin preparatının vurulması vacibdir. Xəstəlik varsa, sözümün əvvəlində də qeyd etdiyim kimi şəxsi gigiyena qaydalarına, maye qəbuluna fikir verilməlidir, bununla yanaşı, həmin patoloji proses mütəxəssis tərəfindən müalicə olunmalıdır.

Revmatizm yoluxucu xəstəlik deyil, amma revmatik qızdırma yoluxucu xəstəlik kimi qiymətləndirilə bilər. Uşaqlar revmatik xəstəliyə fon yaradan xroniki infeksiya ocaqlarından bu xəstəliyə asanlıqla yoluxa bilər. Tutaq ki¸ bir uşaqda kəskin angina varsa, bu zaman onun ətrafındakı digər uşaqların da bu xəstəliyə yoluxa bilmək ehtimalı daha çoxdur”.

 





14.12.2016    çap et  çap et