525.Az

İsrail-Fələstin münaqişəsində Azərbaycan sülh platforması kimi


 

RƏSMİ BAKI UZUN İLLƏRDİR YAXIN ŞƏRQDƏ MÖVCUD OLAN PROBLEMİN ARADAN QALDIRILMASINA YARDIM ETMƏK NİYYƏTİNDƏDİR

İsrail-Fələstin münaqişəsində Azərbaycan sülh platforması kimi<b style="color:red"></b>

İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfəri ərəfəsində müzakirə mövzusuna çevrilən əsas məsələlərdən biri İsrail-Fələstin münaqişəsi olub.
 
Yaxın Şərqə uzun illərdir mövcudluğunu qoruyan bu problemin həlli xüsusilə, İslam dövlətləri üçün olduqca həssaslığı ilə seçilir. Bu mənada, bəzi qonşu dövlətlər B.Netanyahunun ölkəmizə səfərindən cəmiyyətimizdə narazılıq ab-havası yaratmaq üçün istifadə etməyə çalışır. İctimaiyyətə ötürülən məlumat budur ki, guya Azərbaycan-İsrail əlaqələri müsəlman dövlətlərinə qarşı yönəldilib. Halbuki, məlum xarici dairələr tərəfindən verilən bu cür mesajlar Azərbaycanın müstəqil daxili və xarici siyasətinə qarışmaq cəhdi kimi qiymətləndirməklə bərabər bu istiqamətdə yayılan informasiyalar heç bir halda həqiqətə söykənmir.

Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Əksinə, iki ölkə arasında qarşılıqlı-faydalı münasibətlər dünyada və regionda sülh və əmin-amanlığın möhkəmlənməsinə xidmət edir. Bu mənada, Azərbaycan İsrail-Fələstin münaqişənin iki dövlət yanaşması əsasında sülh yolu ilə həllini dəstəkləyir. Həmçinin, dövlətimiz Fələstinlə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görür və praktiki yardımlarını əsirgəmir. İki ölkənin rəsmiləri, o cümlədən, xarici işlər nazirləri müntəzəm olaraq qarşılıqlı səfərlər edir və qarşılıqlı maraq doğuran məsələlər ətrafında məzmunlu siyasi dialoq aparırlar. Azərbaycanla Fələstin arasında  diplomatik əlaqələrin əsası da keçən əsrin sonuncu on illiyində - 1992-ci ilin aprelin 15-də qoyulub. 1995-ci ilin oktyabrın 22-də isə mərhum prezident Heydər Əliyev Nyu-Yorkda Fələstin Azadlıq Təşkilatının başçısı Yasir Ərəfatla görüşüb. Səmimi dostluq şəraitində keçən görüşdə Heydər Əliyev son dövrdə Yaxın Şərqdə əldə edilən sülh münasibətilə Yasir Ərəfatı təbrik edib və deyib ki, münaqişənin həlli üçün sülhdən başqa yol yoxdur.

2011-ci ilin iyunun 28-də isə Fələstin prezidenti Mahmud Abbas Azərbaycana rəsmi səfər edib. Ölkə başçısı İlham Əliyev Fələstin prezidenti Mahmud Abbasla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, bu səfər tarixi əhəmiyyət daşıyır: "İlk dəfə olaraq Fələstin dövlətinin prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Sizin səfəriniz çox böyük əhəmiyyətə malikdir. Əlaqələrimiz inkişaf edir. Xalqlarımız arasında əlaqələrin böyük tarixi var. Əsrlər boyu xalqlarımız bir-birinə böyük rəğbətlə yanaşıblar. Münasibətlərimizin indiki mərhələsində ikitərəfli əlaqələrin inkişafı üçün çox yaxşı imkanlar var. Biz istəyirik ki, bütün sahələrdə əlaqələrimiz inkişaf etsin və bu inkişaf hər bir istiqamətdə özünü göstərsin. Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Sizin Azərbaycana səfəriniz bunun bariz nümunəsidir. Bir neçə ay bundan əvvəl Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi öz işinə başlayıb. Bu da çox mühüm hadisədir. Əminəm ki, səfirliyin fəaliyyəti nəticəsində ikitərəfli əlaqələrimizin inkişafı üçün yeni imkanlar müəyyən ediləcək. Biz çox istəyirik ki, iqtisadi sahədə də yaxşı əməkdaşlıq edək və əminəm ki, səfər zamanı bu məsələlər də nəzərdən keçiriləcək. Hesab edirəm ki, səfər zamanı iqtisadi əməkdaşlığın dərinləşməsi və investisiya qoyuluşunun təşkili üçün konkret təkliflər irəli sürüləcək. Humanitar sahədə əməkdaşlıq üçün yaxşı imkanlar var. Mədəniyyət sahəsində təbii ki, ənənəvi əlaqələrin yeni formaları haqqında düşünmək olar. Bir sözlə, hesab edirəm ki, sizin səfəriniz zamanı ikitərəfli əlaqələrin bütün istiqamətləri müzakirə mövzusu olacaq və biz yaxşı nəticələrə nail olacağıq".

Prezident vurğulayıb ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Fələstin dövlətini dəstəkləyir: "İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstinin yanındadır və bundan sonra da belə olacaq. Biz hesab edirik ki, tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və onun paytaxtı Şərqi Qüds şəhəri olmalıdır. Bu, bizim mövqeyimizdir və bütün beynəlxalq təşkilatlarda biz bu mövqeyi müdafiə edirik, müdafiə edəcəyik. Bu, bir tərəfdən bizim qardaşlıq borcumuzdur, digər tərəfdən, bu mövqe beynəlxalq hüquq normaları əsasında formalaşıb".

2013-cü ilin aprelin 21-də isə  xarici işlər naziri Elmar Məmmədyarov Fələstinə səfər edib. Səfər çərçivəsində E. Məmmədyarov Fələstinin xarici işlər naziri Riad al-Maliki və baş nazir naziri Salam Fayad ilə görüşüb. Səfər zamanı xarici işlər naziri Elmar Məmmədyarov dünya müsəlmanlarının müqəddəs ziyarətgahlarından hesab olunan Əl-Aqsa məscidini ziyarət edib.

2015-ci ilin mayın 27-dən 28-dək Küveytdə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının 42-ci sessiyasında çıxışı zamanı isə E.Məmmədyarov qeyd edib ki, Fələstindəki vəziyyət və Əl-Qüds Əl-Şərif məsələsi beynəlxalq ictimaiyyətdən vahid mövqenin olmasını tələb edir: "Biz İƏT Baş katibi və onun heyətinin bizi səylərimizi birləşdirməyə və Fələstin xalqına bütün zəruri dəstəyin göstərilməsi məqsədilə İƏT Nazirlər Əlaqə Qrupunun səfərlərinin təşkil etməyə yönəlmiş dəyərli işini yüksək qiymətləndiririk.

Azərbaycan hökuməti iki dövlət arasında münaqişənin həllinin tərəfdarıdır və bir daha qardaş Fələstin xalqına sülhə və stabilliyə nail olmaq səylərində və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil dövlətlərinin yaradılmasında tam dəstəyini təsdiq edir".

Qeyd edək ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda, xüsusilə BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında Fələstinə dəstək verib və bu dəstək Fələstin tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Ərəb Dövlətləri Liqası yekdilliklə Azərbaycanın namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edib. Azərbaycan Fələstin məsələsini BMT TŞ-nın qeyri-daimi üzvü olarkən özünün prioritetləri sırasına daxil etmişdi.

Rəsmi Bakıda Fələstin dövlətinə siyasi dəstəklə yanaşı mütəmadi olaraq humanitar yardımlar da etməkdədir. Azərbaycan hökuməti Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə (AİDA) 2012-ci il ərzində Qəzza bölgəsində hərbi toqquşmalar nəticəsində yaranmış humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına 100 min ABŞ dolları məbləğində maliyyə yardımı göstərib. 2013-cü il iyunun 11-də isə Bakıda İƏT Xarici İşlər Nazirlərinin Müqəddəs Əl-Qüds şəhərinə dəstək məqsədilə donor konfransının və Fələstin dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsisat konfransı keçirilib. Konfransların planında təqdim olunmuş layihələrə dəstəyin verilməsi məqsədilə Azərbaycan daxil olmaqla, bir sıra ölkələr tərəfindən maliyyə yardımı ayrılıb. Bundan başqa, cari ilin mayın 19-da xarici işlər nazirinin müavini Araz Əzimov Fələstin Dövlətinə səfər edib. Səfər zamanı o, Fələstin Dövlətinin Baş Naziri Rami Hamdallah, Fələstin Azadlıq Təşkilatının Baş katibi Saeb Erekat və xarici işlər nazirinin müavini Tayser Caradat ilə görüşlər keçirib. Səfər zamanı "Azərbaycan Respublikası hökuməti ilə Fələstin Dövləti hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında Saziş" imzalanıb. Ümumilikdə isə son 5 il rəzində Fələstinlə Azərbaycan arasında 4 saziş və Anlaşma memorandumu imzalanıb.

Azərbaycan təkcə 2016-cı ildə BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, YUNESKO və digər qurumlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən və İsrailin fəaliyyətini tənqid edən 20-dən artıq qətnamənin lehinə səs verib. Bütün bunlar dövlətimizin Fələstinə verdiyi dəstəyin bariz nümunələridir.

Fələstinlə bərabər Azərbaycan İsraillə də yüksək səviyyəli münasibətlərə malikdir.

Eyni zamanda, Azərbaycan İsrailin enerji məhsulları ilə təminatında etibarlı tərəfdaş kimi çıxış edir. İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Həmçinin, Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır.

İki ölkə arasında münasibətlərdən əsassız yerə narhatlıq keçirən İran isə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq bu günə kimi Azərbaycana uzaq mənzilli raketlər satılması məsələsinə müsbət baxmayıb. Halbuki, İran regionda sülh və təhlükəsizliyə ən böyük təhdid olan Ermənistanla əməkdşalıq əlaqələri qurmaqdan da çəkinmir. Bu onu göstərir ki, Azərbaycanın belə prinsipiallığı fonunda bizi ittiham etməyə çalışanlar Dağlıq Qarabağ münaqişəsinin həllində heç də müsəlman həmrəyliyi mövqeyindən çıxış etmir, ədalətli və düzgün mövqe tutmurlar. Buna nümunə olaraq qeyd edək ki, İranın bütün sabiq prezident və vitse-prezidentləri Ermənistana səfər edib və Ermənistanın prezident, baş nazir və digər rəsmi şəxslərini öz ölkələrində yüksək səviyyədə qarşılayıblar. Onlar bunu İranın milli maraqları çərçivəsində olduqları ilə əsaslandırmağa çalışıblar. Daha sonra İranla Ermənistan arasında viza rejimi qaldırılıb. Hazırda isə İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərinə hazırlıqlar aparılır. Bu zaman nəinki müsəlman həmrəyliyi, Azərbaycan ərazisində 1 milyondan çox müsəlman -şiənin doğma yurd yuvasından didərgin salınması nəzərə alınmır, İran ali dini liderinin Ermənistana hər cür əlaqələri yasaq edən fətvası da unudulur. Yaxın Şərqdəki hadisələr zamanı müsəlman həmrəyliyi zərurətini qabardan İran nədənsə öz qonşuluğundakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə müsəlman həmrəyliyi, nə də şiə təəssübkeşliyinə sadiq qalmır.

Bunun əvəzində dövlətimiz Azərbaycan-İsrail dialoquna həm də Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır. Azərbaycan tərəfi İsrail ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında qurduğu ikitərəfli əlaqələrinin verdiyi müsbət təsir imkanlarından istifadə edərək, bu dövlətlə siyasi dialoqu çərçivəsində İsrail-Fələstin münaqişəsinin həlli üzrə sülh prosesində müşahidə olunan durğunluqdan və münaqişə zonasında bəzi fəaliyyətlərdən narahatlığını ifadə edir, nəticə yönümlü sülh prosesinin bərpa edilməsinin və münaqişənin iki dövlət yanaşması əsasında tezliklə həll edilməsinin vacibliyini ifadə edir. Bu mənada, Azərbaycanın İsrail-Fələstin münaqişəsində vastiəçilik missiyası üzərinə götürmək istəyi də nümunəvi sülh platforması kontekstində qiymətləndirilməlidir.

Məsələ ilə bağlı "525"ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı barışdırıcı missiya təklifi yeni təşəbbüs deyil: "Bundan öncə də Azərbaycan tərəfindən belə bir təklif ortaya atılıb. Rəsmi Bakının iki ölkə ilə yüksək səviyyədə olan münasibətlərini nəzərə alaraq, belə bir təşəbbüsün problemin həllində öz real nəticəsini tapması mümkündür.

Azərbaycanın müsəlman dövlətləri arasında inam qazanmış dövlət olduğunu deyən politoloq qeyd edib ki, dövlətimizin beynəlxalq arenada ortaya qoyduğu fəaliyyət İslam dövlətləri tərəfindən rəğbətlə qarşılanır".

Bu mənada, Azərbaycanın İsrailin etibar etdiyi azsaylı müsəlman dövlətlərdən biri olduğunu deyən M.Əhmədoğlunun sözlərinə görə, mümkündür ki, İsrailin baş naziri Benyamin Netanyahunun prezident İlham Əliyevlə görüşündə Fələstinlə bağlı məsələ müzakirə olunsun: "Azərbaycan İsrail-Fələstin münaqişəsinin aradan qaldırılmasına yardım edə bilər. Ona görə də bu məsələ gündəliyə gətirilə bilər. Nəzərə almaq lazımdır ki,  Azərbaycan beynəlxalq siyasətdə artıq özünü təsdiqləmiş dövlətdir. Həmçinin, nəzərə alınmalıdır ki, bu yaxınlarda Türkiyə ilə Rusiya arasında vəziyyət gərgin olanda Azərbaycan öz vasitəçiliyini ortaya qoyaraq tərəfləri barışdırmağa nail oldu. Eləcə də Azərbaycan özü Dağlıq Qarabağ kimi münaqişədən əziyyət çəkir. Ona görə də münaqişələrin psixoloji aspektləri, ziyanları rəsmi Bakıya yaxşı məlumdur. Bu mənada, Azərbaycanın belə məsələlərdə xüsusi rol oynamaq üçün əlində əsası var".

M.Əhmədoğlu hesab edir ki, B.Netanyahu öz ölkəsinə qayıtdıqdan sonra israilli ekspertlər bu məsələ ilə bağlı açıqlamalar verəcəklər.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə mövqeləri kifayət qədər möhkəmdir: "Dövlətimiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Üstəlik, Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla bərabər İslam dünyasında da yüksək nüfuza malikdir. Həmçinin, İsrailin müsəlman dövlətləri sırasında ən yaxşı münasibətləri olduğu ölkə Azərbaycandır. Bu mənada, İsrail Azərbaycana daha çox qulaq asa bilər və Fələstin probleminin həllində rəsmi Bakı çox böyük rol oyanaya bilər".

İsraillə qurulan yaxşı münasibətlər Azərbaycana beynəlxalq arenada da kömək edir. Dünya miqyasında tanınan yəhudi lobbi təşkilatları qlobal müstəvidə Azərbaycanın maraqlarının təmin olunması üçün səy göstərirlər. Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərin də böyük rolu var. Hazırda Azərbaycanda çoxminli yəhudi icması, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır. Azərbaycanlılar ölkədə yaşayan yəhudilərə heç zaman özgə kimi baxmayıblar, yəhudilər də Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayıblar. Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi əsilli şəxs olub. Azərbaycan əsilli İsrail vətəndaşları hazırda iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına mühüm töhfə verirlər. Bu mənada, Azərbaycanın İsraillə yaxın əlaqələri digər müsəlman dövlətləri üçün də model ola bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan İsraillə münasibətlərin inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti deyil. Fələstinlə eyni ortaq coğrafiyanı, ortaq tarixi, ortaq mədəniyyəti, dili bölüşən İordaniya ilə İsrailin münasibətləri həmişə yüksək səviyyədə olub, bu ölkə əhalisinin çoxluğunun keçmiş fələstinlilər təşkil etməsi də ikitərəfli əlaqələrə mənfi təsir göstərə bilməyib. İsrailin özündə çoxsaylı ərəbdilli icma yaşayır, onların əksəriyyəti İsrail cəmiyyətinə inteqrasiya edib, orduda, parlamentdə təmsil olunurlar. Türkiyə, Misir kimi İslam dünyasının aparıcı söz sahibi sayılan dövlətlərin də uzun illər İsraillə sıx əlaqələri olub, bu gün də həmin ölkələrin İsraillə əlaqələri kifayət qədər yüksək əhval-ruhiyyədədir. İsrail rəsmilərinin səfər etdiyi yeganə müsəlman ölkəsi də Azərbaycan deyil. Baş nazir B.Netanyahu Azərbaycandan sonra Qazaxıstana səfər edəcək.

Ceyhun ABASOV

 





14.12.2016    çap et  çap et