525.Az

Tərəddüd etmədən yazmaq istəyi


 

Tərəddüd etmədən yazmaq istəyi<b style="color:red"></b>

Günlərdir, özümlə bərabər gəzdirdiyim, vaxt tapdıqca oxuduğum, tapmayanda isə yadımdan çıxmayan,məni düşünməyə sövq edən bir kitab haqqında öz təəssüratlarımı oxucularla, qələm əhli ilə bölüşmək istədim.

Psixologiya  üzrə fəlsəfə doktoru Vaqif  Hüseynin bu il  "Təfəkkürün tərəddüdü və ya bəla ağıldadır, yoxsa arzuda?"  adlı kitabı  çap olunmuşdur. Zahirən bir o qədər böyük  görünməsə də, kitab mənəvi tutum etibarilə cildlərlə kitaba bərabərdir. Həyat həqiqətlərindən bəhs edən bu yazılarda müəllif göstərə bilmişdir ki, həqiqətən "psixologiyada sadə və kiçik heç nə yoxdur". Çünki, psixologiyada hər sadə hesab olunan məsələnin əsasında bir mürəkkəblik,hər kiçik işin nə qədər böyük olduğu zaman-zaman öz təsdiqini tapmışdır.

Məlumdur ki, psixologiya psixika haqqında elmdir. Qədim dövrlərdən başlayaraq psixika haqqında iki-materialist və idealist təlim mövcud olmuşdur. Psixologiyanın bir elm sahəsi kimi inkişafı isə  məhz materialist təlimlə əlaqədardır.Bu təlimə görə,psixika obyektiv aləmin insan beynində subyektiv əksolunmasıdır. Bu əksolunmada isə ağıl mühüm rol oynayır. Ağıl o zaman öz qüdrətini göstərir ki, insan etdiyi səhvlərdən nəticə çıxararaq irəliləyir və uğur qazanır. Səhvsiz insan yoxdur,lakin səhvlərindən nəticə çıxarmayanlar çoxdur.Bu isə onların ağlının bəlasıdır ki,arzuya,istəyə yol verib ki,ondan qabağa keçsin.

Vaqif Hüseynin oxuculara təqdim etdiyi bu kitabın hər sətrinin arxasından sanki özü görünür. Zahirən nə qədər sakit görünsə də, qəlbi şahə qalxan dalğalara bənzəyən, müəyyən məsələlərə əhəmiyyət vermədiyi deyilsə də, əslində həssas, kövrək bir ürəyə malik, dünyaya göz açdığı torpaqda yetişdirdiyi gülləri, çiçəkləri qoxlamaq üçün uzaq yollara çıxmağa həmişə hazır olan dostlarından, sevdiklərindən imkanı daxilində heç nəyini əsirgəməyən, sözündə ehtiyatlı, davranışında tədbirli, böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşan bir insandır bu kitabın müəllifi.

Kitabda verilmiş kiçik həcmli yazılar və "Gərək olanlar olmamış olaydı"  adlı hekayə əsasən müəllifin həyat həqiqətlərindən bəhs edən düşüncələrini əks etdirir. Bu yazılarda bəzi məqamlarda Azərbaycan və dünya mütəfəkkirlərinin fikirlərinə də istinad olunur.Baxmayaraq ki,bu yazılardan bir hissəsi birbaşa  müxtəlif vəziyyətlərdə tərəddüdlə bağlıdır,o biri yazılarda da tərəddüd problemi bu və ya başqa şəkildə diqqət çəkir.

Müəllif həyat həqiqətləri haqda öz düşüncələrini maraqlı bir tərzdə ifadə edir. O, insanlara aid olanların hansının əbədi qalacağına diqqət çəkərək,onların hər birinə öz münasibətini bildirir:

Var-dövlət?  -  Onu səndən ala bilərlər.

Şöhrət?  -  Onu həsəd kölgədə qoyur.

Möhtəşəmlik? - O, bir zaman yox olur.

Qanunlar? - Onlar dəyişir.

Dostlar? - Onlar xəyanət edə bilər.

Yoxsulluq? - Ona nifrət edirlər.

Əməl? - O, əbədiidir!

Həqiqətən, insanın əməllərinin ömrü onun öz ömründən uzundur.

Müasir insan və onun tərəddüdünün səbəbləri haqqındakı fikirlərində maraqlıdır ki,müəllif özü də bir qədər tərəddüd edir; "Müasir insan qərəzli və qəsdlidir; emosiyalarla bağlı onun böyük çətinlikləri var. O,canlı arzu,istək və meyllərdən məhrumdur.Onun həyatı olduqca darıxdırıcı,boş və mənasızdır.Bəlkə də buna görə də indi daha çox tərəddüd edirlər? Bəlkə də ağzımızdan çıxacaq ehtiyatsız bir sözün girovuna çevrilməmək üçün tərəddüd edirik?"

Müəllifin bu fikrində bir qədər həqiqət var. Müəyyən yaş dövrünə qədər etdiyimiz hərəkətlərə valideynlərin,böyüklərin gözü ilə baxmağa çalışaraq,nəyin yanlış, nəyin düz olduğunu aydınlaşdırmaq istəyirik. Bir də Azərbaycan reallığında, müsəlman psixologiyasından doğan "nə deyərlər" fikri beynimizdə "at oynadır, istəklərimizi, hiss etdiklərimizi çərçivəyə salır". Nəticədə "proqramlaşdırılmış" həyat keçirməyə məcbur oluruq. Məktəb, təhsil, əmək fəaliyyəti isə bu proqramin əsasını təşkil edir. Əlbəttə,bunların hamısı insanin şəxsiyyət kimi formalaşmasında vacib olan amillərdir. Ancaq, hər halda insan öz istəkləri üçün də vaxt ayırmağı bacarmalıdır ona görə ki,onun narazılıq dərəcəsi dözüm dərəcəsinə üstün gəlməsin. Çünki narazılıq üstün olanda bu insanın bütün fəaliyyətində -davranış və rəftarında əks olunur. Nəticədə onun ünsiyyət dairəsi daralır,hamı ondan ayrı durmağa çalışır. Bu vəziyyət isə insanın psixikasına mənfi təsir göstərməklə yanaşı,onun sağlamlığından da yan keçmir. Beləliklə,insan addım-addım tənhalığa yaxınlaşır. Tənhalıq isə insan üçün həqiqətən fəlakətdir.

Tərəddüd edən insanlar qərar verməkdə aciz olurlar. Napoleonun fikrincə, "Döyüşdə o adam qalib gəlir ki, o məsləhət yox, qərar qəbul edir. "Bizim isə gözəl bir atalar sözümüz var: "Məsləhətli don geniş olar. Müəyyən qərarlar verərkən (təbii ki,bir anda verilən bəzi qərarlar istisna olmaqla - S.M.) məsləhət almaq da pis nəticə verməz.

İnsan həqiqəti görür, anlayır, ancaq anlatmağa tərəddüd edir. Bu qorxu hissidir. Vaqif Hüseynin də qeyd etdiyi kimi, "Tərəddüd - inamsızlıq,etimadsızlıq və qorxudan yaranır.Qərar ağlın,əzmin,cəsarətin məhsuludur".

Öz həyatlarına dair qərar verməyə qadir olan şəxsləri isə bəzən hadisələr idarə edir və tərəddüdlü vəziyyətə salır.

Müəllif məhəbbətdə tərəddüddən, onun xoşagəlməz nəticələrindən danışarkən Çingiz Aytmatovan "Qırmızı yaylıqlı qovağım mənim" əsərindən məhəbbət haqqında belə bir fikri nümunə göstərir: "Məhəbbət - qayğıkeşlik, mehribanlıq, səadətdir". Burada tərəddüd etmək olmaz. Ona görə ki, "Məhəbbət tərəddüddən qorxur. Çünki tərəddüd edən an məhəbbətin böyük, əlçatmaz, əsrarəngiz gözəlliyinə xələl gəlməyə, mühafizəkar və sirayətedici funksiyani şübhə əvəz etməyə başlayır".

Vaqif Hüseynin "Ailədaxili münasibətlərin uşaq şəxsiyyətinin formalaşmasında rolu" adlı məqaləsində də bu mövzuda ətraflı danışılaraq, qeyd olunur ki,"bu cür ailələrdə çatışmayan bir şey olursa, o da məhəbbət olur".

Vaqif Hüseyn əsil ziyalıdır, müəllimdir, psixoloqdur. O, köməyə, məsləhətə ehtiyacı olanlardan bacardığını əsirgəməyən bir insandır. Hüsey Caviddən misal gətirən Vaqif Hüseynin bu misralarda özü görünür:

İnsan! Sənə mən yardım etməsəm gerçək,
Məni vicdan əzabı məhv edəcək!

Bu əzab yükünü çəkmək istəməməsi Vaqif müəllimin "Gərək olanlar olmamış olaydı"  adlı hekayəsində aydın görünür. Bu hekayədə müəllif "yaşamaq istəmədikləri"ni qələmə alıb. Həqiqətən qürurunu,şərəfini hər şeydən uca tutan insan üçün belə bir vəziyyət cəhənnəm əzabına bənzəyir. Ancaq burada da onun "real mən"i "ideal mən"inə uyğun gəlir. O.yaşadıqlarını, anladıqlarını və anlamağa çalışdıqlarını təfəkkür süzgəcindən keçirərək qələminə ötürür. Qələm isə öz növbəsində olanları tarixə çevirir. Bu çevirmədə isə müəllifin "sosial mən"i onun "real mən"inə uyğundur. Ona görə də mükəmməl məzmuna,cilalanmış ifadələrə malik bu kitab oxucusunu düşünməyə, olanlardan nəticə çıxarmağa sövq edir.

Vaqif Hüseynin sonda, "Son söz əvəzi"ndə dediyi kimi, "Bu ölümlərdən, faciələrdən nəticə çıxarsaq, yeni həyat başlayacaq, ölümləri dirilmələr əvəz edəcək, xoşbəxt həyatın əsl sahibləri doğulacaqlar!"

Sədaqət MƏMMƏDOVA
filologiya elmləri üzrə fəlsəfə doktoru,dosent

 





14.12.2016    çap et  çap et