525.Az

Deputat Masallıda seçiciləri ilə görüşdü


 

ELMİRA AXUNDOVA: “YAXIN İLLƏRDƏ RAYONDA İŞSİZLİK PROBLEMİ QALMAYACAQ”

Deputat Masallıda seçiciləri ilə görüşdü<b style="color:red"></b>

Milli Məclisin deputatı Elmira Axundova seçildiyi Masallı rayonunda seçiciləri ilə görüşüb və bir sıra tədbirlərdə iştirak edib.

Dekabrın 13-də deputat rayonunun Bədəlan kəndindəki deputat ofisində qəbul keçirib. 50-dən çox seçici şəxsi və rayonun bir sıra sosial problemləri ilə bağlı deputata müraciətlər edib.

Qəbulda qaldırılan əsas məsələlər ünvanlı sosial yardım, işsizlik, əlillik dərəcəsinin verilməsi, müalicə-müayinə və qəzalı ev problemləri ilə bağlı olub.

Deputat seçicilərlə söhbət zamanı vurğulayıb ki, ünvanlı sosial yardımın mahiyyətinin qısa bir zamanda dəyişdirilməsinə böyük ehtiyac var:

“Əks halda onun mənfi fəsadları hələ uzun müddət insanlar arasında narazılıqlara səbəb olacaq”.

Qəbul zamanı ən qabarıq şəkildə özünü göstərən problemlərdən biri işsizlik olub.

Deputat seçicilərə bildirib ki, yaxın vaxtlarda Masallıda qurulması gözlənilən Sənaye Parkı regionda işsizlik probleminin azalmasına əhəmiyyətli dərəcədə töhfə verəcək:

“O şərtlə ki, insanlar özləri təşəbbüs göstərsinlər, sənaye parkı rəhbərliyinə müxtəlif layihələri təqdim etsinlər, hər hansı istehsal sahəsinin açılmasına səy göstərsinlər. Başqa iş sahələri isə gələn bir neçə il ərzində rayonda turizm sahələrinin qurulması, xidmət sahələrinin açılması ilə ortaya çıxacaq”.

Dekabrın 14-də isə deputat Babaser kənd tibb məntəqəsinin açılışında iştirak edib. 4 otaqdan ibarət olan müasir səviyyəli bu məntəqə dövlət vəsaiti cəlb olunmadan qeyri-hökumət təşkilatlarının ianəsi ilə inşa edilib. Tibbi avadanlıqlar isə Masallı rayon Mərkəzi Xəstəxanasının köməkliyi ilə əldə olunub.

Daha sonra E.Axundova Masallı rayonunun Heydər Əliyev Mərkəzində Ağsaqqallar Şurasının mərhum sədri, tanınmış ziyalı və ictimai xadim Cavanşir Əsədovun 80 illik xatirə gecəsində iştirak edib. Xanım deputat öz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Millət vəkili qeyd edib ki, Cavanşir müəllim ömrünün böyük hissəsini çayçılıq müəssisəsinin rəhbəri kimi işləyib, çayçılığın inkişafına böyük töhfələr verib.

Deputat ölkə başçısı İlham Əliyevə həsr etdiyi “Prezidentin portreti dəyişikliklər fonunda” kitabını Masallı Rayon İcra Hakimiyyəti kitabxanasına, Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanı Muzeyinə və rayon ağsaqqallarına hədiyyə edib.

Qeyd edək ki, E.Axundovanın müəllifi olduğu kitab Moskvada nəşr edilib.

Ceyhun ABASOV

 





15.12.2016    çap et  çap et