525.Az

Nizami yaradıcılığının tədqiqi üzrə növbəti görüş


 

NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN HƏMSƏDRLƏRİ VƏ NÜMAYƏNDƏ HEYƏTİ GƏNCƏDƏ İŞGÜZAR SƏFƏRDƏ OLUBLAR

Nizami yaradıcılığının tədqiqi üzrə növbəti görüş<b style="color:red"></b>

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviya Respublikasının sabiq prezidenti, doktor xanım Vayra Vike Freyberqa, Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru, doktor İsmayıl Seragəldinin rəhbərlik etdikləri nümayəndə heyəti Gəncə şəhərində olublar.

Qonaqlar dahi şairin məqbərəsini və muzeyini ziyarət ediblər. Daha sonra Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş "Nizami yurdu - qədim Gəncə" adlı təsviri sənət əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Nümayəndə heyətinin iştirakı ilə "Nizami və dünya ədəbiyyatı" mövzusunda beynəlxalq elmi-praktik konfrans da keçirilib. Tədbiri giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları Nizami yurdunda salamlayıb. O,Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, onun həmsədrlərinə - Latviya Respublikasının sabiq Prezidenti Vayra Vike Freyberqa və Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldinə Nizami irsinin tədqiqi və təbliğinə tövhələrinə görə təşəkkür edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike Freyberqa, Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Kəşmir Universitetinin İslam Tədbiqatları mərkəzinin rəhbəri Əhməd Nasem Şah çıxışlarında Şərq xalqlarının ədəbiyyatına son dərəcə yüksək humanist ideyalar və yeni sənətkarlıq nailiyyətləri gətirərək Dünya poetik fikrində yeni istiqamət açan dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığının tədqiqinin əsrlər boyu davam edəcəyinə diqqət çəkiblər.

AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Xəlil Yusifli çıxışında vurğulayıb ki, Nizami yaradıcılığı bu gün də aktualdır və dünya xalqları onun ideyalarını daim qəbul edib, əsərlərini böyük həvəslə oxuyub, tədqiq ediblər.

Digər məruzəçilər də dünyanın nadir şəxsiyyətlərindən olan Nizami Gəncəvinin bəşəriyyətin fikir tarixinə verdiyi əvəzsiz töhfələrdən danışaraq, onun yaratdığı əsərlərin bundan sonra da min illərlə aktual olacağını diqqətə çatdırıblar.

Çıxışlardan sonra Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike Freyberqaya Azərbaycan Dövlət Aqrar Universitetinin, Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri doktor İsmayıl Seragəldinə isə Gəncə Dövlət Universitetinin Fəxri Doktoru  adının verilməsi ilə əlaqədar bu universitetlərin Elmi Şuralarının qərarları oxunub və onlara diplom və mantiya təqdim edilib. Qonaqlara Nizami Gəncəvinin "Xəmsə"si və Nizami Gəncəvinin və Məhsəti Gəncəvinin portret-xalçaları hədiyyə olunub.

Zakir MURADOV
Gəncə

 





15.12.2016    çap et  çap et