525.Az

Kommunal xidmət xərcləri məcburi köçkünlərə necə veriləcək?


 

Kommunal xidmət xərcləri məcburi köçkünlərə necə veriləcək?<b style="color:red"></b>

Son vaxtlar kütləvi informasiya vasitələrində məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmət xərclərinin yemək xərci müavinəti kimi plastik kartla onların özlərinə verilməsi məsələsi müzakirə olunmaqdadır.
 
Bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə çoxsaylı müraciətlər də edilir. Məcburi köçkünlər istifadə etdikləri kommunal xidmətlərin dəyərinin mərkəzləşmiş qaydada xidmət təşkilatlarına yox, vahid plastik kart vasitəsilə özlərinə verilməsini istəyirlər.

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan zəngilanlı məcburi köçkün Vəli Quliyev də məsələyə aydınlıq gətirilməsi üçün dövlət komitəsinə müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunub ki, məcburi köçkünlərin müxtəlif problemlərinin həlli istiqamətində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir: "Göstərilən gündəlik qayğı nəticəsində artıq bir sıra çətinliklər arxada qalıb, həyatımızda ciddi dönüş baş verib. Mənzil-məişət şəraitimizin yaxşılaşdırılması, verilən sosial müavinətlərin artırılması, kommunal xidmət xərclərinin dövlət tərəfindən ödənilməsi bütün məcburi köçkünlər arasında rəğbətlə qarşılanır.

Bizim ailəmiz də, digər yerlilərim kimi uzun illər yataqxanada məskunlaşmışdı. Lakin dövlətimizin qayğı və diqqəti nəticəsində indi Masazırda məcburi köçkünlər üçün tikilən və hər cür şəraiti olan mənzillə təmin edilmişik. İşığa, qaza, suya olan tələbatımızı təmin etmək üçün hərtərəfli tədbirlər görülüb. Bütün kommunal xidmət xərclərimiz dövlət tərəfindən ödənilir".

Bildirilib ki, bu gün heç kəsə sirr deyil ki, elektrik enerjisini, qazın, suyun pulunu özləri ödəyənlər imkan daxilində qənaət etməyə çalışırlar: "Bizim ailədə də buna üstünlük verilir və hər ay xeyli qənaət olunur. Lakin kommunal xidmət xərclərini özləri ödəyənlərdən fərqli olaraq, bizim etdiyimiz qənaət yığılıb qalır. Ona görə də bizə ayrılan kommunal xidmət xərcləri plastik kart vasitəsi ilə özümüzə verilsə, bu, daha yaxşı olar. Çünki onda bu xərclərə görə ayrılmış vəsaitdən edilmiş qənaəti biz başqa problemlərimizin həllinə yönəldə bilərik. Bu, həm bizim imkanlarımızın yaxşılaşdırılmasına, həm də dövlət tərəfindən ayrılan vəsaitdən səmərəli istifadə olunmasına şərait yaradar".

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən sözügedən təklifə münasibət bildirilib.

Komitədən verilən məlumata görə, Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş "Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası"na əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin istifadə etdiyi kommunal xidmət xərcləri mərkəzləşmiş qaydada xidmət təşkilatlarına ödənilir.

Bu gün ölkə ərazisində öz yaşayış ünvanlarını dəyişərkən faktiki istehlaka görə kommunal xidmət xərclərinin ödənilməsi üçün həyata keçirilən müəyyən prosedur qaydaları artıq əlavə problemlərin yaradılmasına gətirib çıxardırdı.

Məcburi köçkünlərin həmin müraciətləri nəzərə alınaraq, onların istifadə etdiyi kommunal xidmətlərin dəyərinin plastik kart vasitəsilə özlərinə verilməsi məsələsi xeyli vaxtdır ki, müvafiq dövlət qurumları ilə müzakirə olunur.

Qeyd olunur ki, məcburi köçkünlərin təşəbbüsü ilə qaldırılan və hazırda müzakirə olunan bu məsələ onların özlərinin xeyrinə olan ən səmərəli bir variantdır. Burada əsas məqsəd məcburi köçkünlərin müstəqil həyat tərzinə uyğunlaşdırılması, torpaqlar işğaldan azad olunandan sonra onların qayıdıb öz torpaqlarında adaptasiya olunmalarına hazırlıq, məcburi köçkünlərin özlərində müəyyən iş vərdişlərinin, əlavə dolanışıq imkanlarının yaranması, dövlət büdcəsinin vəsaitinin qənaətlə istifadə olunması və israfçılığın qarşısının alınmasından ibarətdir.

Ceyhun ABASOV

 





15.12.2016    çap et  çap et