525.Az

Dövlətin gələcəyinin sərmayəsini necə quraq?


 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Dövlətin gələcəyinin sərmayəsini necə quraq?<b style="color:red"></b>

Ailə dövlətin kiçik modelidir. Bu ifadə əbəs yerə yaranmayıb. Sən, mən, o, biz, siz, onlar cəmiyyəti formalaşdırırıqsa, ayrı-ayrı ailələr də dövləti əmələ gətirir.

Deməli, sağlam, güclü ailə həm də güclü dövlət deməkdir. Toplumu fərdlər yaradır. Bu səbəbdən cəmiyyətin hər bir fərdinə diqqət yetirmək lazımdır. Xüsusən də sağlam, etibarlı, işıqlı gələcəkdən danışırıqsa, gənclərə, yeniyetmələrə və uşaqlara ciddi nəzarət etməli, onların təlim-tərbiyəsi ilə yaxından maraqlanmalıyıq.

Araşdırma göstərir ki, 80-ci illərin sonu - 90-cı illərin əvvəlləri keçmiş SSRİ ölkələrinə təkcə maddi yox, həm də mənəvi baxımdan böyük zərbə endirdi. Bu mənada ən böyük zərbə azyaşlılara dəydi. Ölkəmiz imperiyanın süqutunun ortaya çıxardığı iqtisadi problemlər bir yana, Ermənistanla müharibənin də fəsadlarını yaşadı. Xüsusən qaçqın və məcburi köçkün ailələri həmin illərdə çox əzab-əziyyətlə üzləşdi. O zaman qışın soyuğunda çadırda, yayın istisində vaqonda yaşayan ata-ananın sağlam övlad yetişdirməsi, onu doğru-dürüst tərbiyə etməsi mümkün deyildi. Həmin dönəmdə doğma torpaqlarından didərgin düşmüş insanlar ilk növbədə yaşamaq üçün mübarizə aparırdı. Övladının ac qalmamasının yollarını axtarırdı. Təbii ki, belə bir vəziyyətdə uşaqların fiziki və mənəvi inkişafı ikinci, üçüncü və bəlkə də dördüncü planda idi.  

MEHRİBAN ƏLİYEVANIN UŞAQLARA QAYĞISI ÖRNƏKDİR 

Zaman keçdi, illər ötdü, atəşkəs yarandı. Artıq cəbhədən onlarla gəncin nəşi gəlmirdi. Tədricən iqtisadi sabitlik də əldə olundu. Bazar iqtisadiyyatına keçid reallaşdıqca sanki xalqın donu açıldı. İnsanların gələcəyə inamı artdı. Ölkədə asayişin bərqərar olması dövlətin sosial yönümlü siyasət yürütməsini stimullaşdırdı. Bu istiqamətdə müxtəlif layihələr icra olunmağa başladı. Məktəblərin təmir edilməsi, məktəbəqədər təhsil üçün infrastrukturun yaxşılaşdırılması uşaqlara yönəlmiş dövlət qayğısının göstəricisiydi. Bu mənada ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əməli fəaliyyətini xüsusi qeyd etmək istərdik. Ümumiyyətlə, həm Mehriban xanım, həm də qızları - Leyla və Arzu Əliyevalar uşaqlara qayğısıyla seçilirlər. Xüsusən də fiziki qüsurlu, daun sindromundan, hemofiliyadan əziyyət çəkən uşaqlar üçün göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Uşaq bağçalarının müasir standartlara cavab verəcək səviyyədə təmir edilməsi azyaşlı uşaqların cəmiyyətə erkən yaşda qazandırılması istiqamətində atılmış önəmli addımlardan biridir. 

UŞAQLARIN MƏNƏVİ VƏ FİZİKİ İNKİŞAFI ÜÇÜN HANSI İŞLƏR GÖRÜLÜR? 

Bir az da məktəblərdə şagirdlər arasında həyata keçirilən layihələrə toxunaq. Şən və hazırcavablar klubu uşaqlarda yumor hissini gücləndirir, intellektini zənginləşdirir, kollektiv fəaliyyət təcrübəsini artırır. Mənəvi inkişaf baxımından belə tədbirlər böyük önəm daşıyır. Fiziki inkişaf üçün cəsurlar və şahinlər oyunu prioritet yarışlardan sayılır. Bu həm də şagirdlərin vətənpərvər ruhda böyüməsinə şərait yaradır. Müxtəlif idman növləri üzrə turnirlər də məktəblilərin fiziki inkişafına böyük təkan verir. SSRİ-dən bizə miras qalan spartakiadaları da unutmaq olmaz. Artıq bir neçə ildir ki, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi təqdirəlayiq layihənin icrasını həyata keçirir. Söhbət Respublikanın bütün bölgələri üzrə həyata keçirilən Olimpiya hərəkatından gedir. İldən-ilə hərəkatın çərçivəsi genişlənir. Bu il hərəkat 4 idman növü üzrə məktəblilər arasında keçirilirdisə, gələn il növlərin sayı 5-ə çatdırılacaq. Bu, yeniyetmə və gənclərdə həm idmana maraq yaradır, potensial azarkeş kütləsi formalaşır, həm də fiziki inkişafa səbəb açır. Televiziyaların da əməyini danmaq olmaz. Uşaqlar və gənclər arasında müxtəlif tele-müsabiqələr böyük marağa səbəb olur. Bu mənada AzTV və İTV-nin fəaliyyətinə alqış düşür. Yaxşı olardı ki, digər telekanallar da "Breyn rinq", "Kim, nə, harda" və sair bu tipli intellektual müsabiqə verilişləriylə gənclərin diqqətini cəlb etsin.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı bu ölkənin gələcəyinə qoyulmuş sərmayə anlamına gəlir. Azərbaycanı davamlı şəkildə güclü qala biləcək dövlətə çevirmək istəyiriksə, cəmiyyətin bu təbəqəsinə özəl diqqət ayırmalıyıq. Bu məsələdə yalnız dövlət qurumlarının, Gənclərə Yardım Fondu kimi qeyri-hökumət təşkilatlarının fəaliyyətinə bel bağlamaq olmaz. Eyni zamanda, hər bir valideyn övladının düzgün təlim-tərbiyə almasında maraqlı olmalıdır. Hələ uşaq dil açmamış düzgün tərbiyənin təməli qoyulmalıdır. Məsələn, hansısa zərərli davranışı etməməsi üçün uşağa yalnız "olmaz" deyib, bunu əsaslandırmadan qadağa qoymaq çıxış yolu deyil. Bunun nə üçün zərərli olduğunu uşağa səbirlə, doğru və aydın şəkildə izah etmək lazımdır. Hətta bəzi məqamlarda ona həmyaşıdın kimi davranmalısan ki, mənlik şüurunu sağlam formalaşdıra bilsin. Valideynlər heç vaxt uşaqlarının yanında mübahisə etməməli, ümumiyyətlə, övladlarını şiddətdən uzaq tutmalıdır. Uşağını televizor və kompyuter qarşısında "Maşa və medved" (başqa animasiya da ola bilər) cizgi filmiylə baş-başa qoymaqla sağlam ruhlu övlad böyütmək mümkün deyil. Bu, sadəcə, valideyn tənbəlliyinin göstəricisidir. Halbuki uşaqlarla daha çox vaxt keçirmək, onlara sevgi aşılamaq uşaqların mənəvi inkişafı üçün prioritet təşkil edir. Əlbəttə, paralel olaraq fiziki inkişafı da unutmaq olmaz. "Sağlam bədəndə sağlam ruh olar" deyiblər. Müxtəlif xəstəliklərə qarşı ən yaxşı immunitet idmanla məşğul olmaqdır. Xüsusən gimnastika və üzgüçülük kimi idman növləri uşaqların sağlam böyümələrinə böyük töhfə verə bilər. 

GƏNCLƏR ÖZƏL DİQQƏT İSTƏYİR  

Cəmiyyətin ən həssas təbəqəsi gənclərdir. Araşdırma göstərir ki, bu yaş dövründə insan özünü hamıdan ağıllı sanır. Özəlliklə 15-20 yaş arası riskli dövr sayılır. İnsanın daxilində üsyankarlıq, azad olmaq arzusu bəzən valideynlərlə ziddiyətin yaranmasına səbəb olur. Bu mərhələdə onlarla dil tapmaq çox vacibdir. "Mən böyüyəm, nə deyirəmsə, o da olmalıdır" prinsipiylə hərəkət etmək ciddi münaqişələrə gətirib çıxara bilər. Siqaret, alkoqol və hətta narkotik vasitələrə meyillik bir çox hallarda valideynlərlə yola getməməyin nəticəsi olaraq ortaya çıxır. Dövlətin gənclərin inkişafı üçün həyata keçirdiyi çoxsaylı layihələr belə məqamda çox işə yarayır. Bütün bölgələrdə istifadəyə verilən gənclər evi ölkəmizdə çoxluq təşkil edən təbəqənin asudə vaxtını səmərəli keçirməyə və yekun nəticədə zərərli vərdişlərdən uzaq durmağa imkan verir. Gənclərimizin daha fəal olması, cəmiyyətə daha çox fayda verməsi üçün ilk növbədə onların məşğulluq problemi aradan qaldırılmalıdır. Bu istiqamətdə ciddi addımlar atılır. Gələcəkdə gənclərə daha çox diqqət və qayğının ayrılacağına ümid edirik.

Çalışmaq lazımdır ki, uşaqlara, gənclərə onların cəmiyyətin önəmli parçası olduğunu hiss etdirə bilək. Bu baxımdan müxtəlif dərnəklərin intensiv fəaliyyətindən də çox şey asılıdır. Məsələn, Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzi sırf bu istiqamət üzrə çalışır. Burda uşaq və gənclərin əl işləri, yaradıcılıq qabiliyyəti üzə çıxarılır, inkişaf etdirilir. Yekunda sərgilərin təşkil edilməsi onları daha böyük həvəslə bacarıqlarını nümayiş etdirməyə stimullaşdırır. Uşaq Gənclər İdman Məktəbləri, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları İdman Məktəbləri sırf uşaq və gənclərin idmançı kimi yetişməsində baza rolunu oynayır. Bu yaxınlarda Gənclər və İdman Nazirliyinin idman şöbəsinə olimpiya çempionumuz Fərid Mansurov rəhbər seçildi. O, hal-hazırda əsas diqqəti məhz bu məktəblərin inkişafına yönəldib. Bu isə ondan xəbər verir ki, uşaqlarımızın, gənclərimizin fiziki inkişafı planlı şəkildə gedəcək.

NAZİRLİK VƏ QHT-lər FƏALDIR 

Ümumiyyətlə, AGİN-in gənclər siyasəti təqdirəlayiqdir. İki il əvvəl Bakıda gənclər siyasəti üzrə 1-ci Qlobal Forumun keçirilməsi də bu siyasətin bir parçası idi. Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş  "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən 2016-2020-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramı hazırlanıb. Maraqlıdır ki, bu proqram hazırlanarkən gənclər və gənclərin qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülən təklifləri nəzərə alınıb. Bu isə o deməkdir ki, proqram ictimai maraq əsasında formalaşıb. Eyni zamanda, AGİN tərəfindən"2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" qəbul edilib. Buna qədər isə 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramı, ardınca "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı həyata keçirilmişdi. Bütün bölgələrdə Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Yeniyetmə və gənclər bu idman zallarında müxtəlif növlər üzrə məşqlərdə iştirak edə, fiziki inkişafa nail ola bilər. Gənclər İdman və Baş İdarələri bu baxımdan əsas öhdəlik sahibidir.

Qeyri-hökumət təşkilatlarının əməyini də yerə vura bilmərik. Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, Azərbaycan Gənc Mütəxəssislərin Hüquqlarını Müdafiə Cəmiyyəti, Azərbaycan Maarifçi Gənclər Təşkilatı, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti, "Bakı Beynəlxalq Tələbə Klubu", "Azəri Yurdu", "Bizim Nəsil", "Dalğa", "Demokratik Azərbaycan Naminə", "Demokratik İslahatçı Gənclər", "Gənc Liderlər", "Gülüm", "NUR", "Qızılbaş", "Resurs", "Rezonans", "Sülh Mədəniyyəti Naminə", "Sən Tək Deyilsən", "SOS Uşaq Kəndləri Azərbaycan", "Tərxis Olunmuş Hərbçilərin Gəncləri", "Uşaqların Xoşbəxt Gələcəyi", "Uğur", "Yaddaş" və sair ictimai birlik və hərəkatların uşaq və gənclərin cəmiyyətin bir parçasına çevrilməsi göstərdiyi çabaları alqışlamağa dəyər.

İbrahim CƏFƏROV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





15.12.2016    çap et  çap et