Milli Qəhrəman Salatın Əsgərovanın unudulmaz xatırəsinə
Fədakarlıq dastanıdır qeyrətin,
Dönə-dönə oxudum mən, Salatın!
Daim gözün önündədir surətin,
Özün xəyal olan gündən, Salatın!
Doğuldun qız, öldün fəqət kişi tək,
Məzarını qucaqlayıb gül-çiçək;
Neçə fəsil, neçə nəsil keçəcək
Tunc özüllü söz körpündən, Salatın!
Ağı deyir Turşsu, Tərtər, Həkəri...
Bulud örtüb çöhrəsini səhərin;
Pozulsa da, Laçına son səfərin,
Səsin gəlir yenə öndən, Salatın!
Məsəl kimi şölələn bu dünyada,
Qərənfilə, laləyə dön baharda;
Dəyanətdə, mətanətdə, vüqarda
Natəvana, Həcərə tən Salatın!
Qismətində yoxmuş sakit, dinc həyat,
Aya dəyər ömründəki hər saat.
Əsirgəməz sevgisini el heç vaxt
Oğlun Ceyhun kimi gəncdə, Salatın!
Yaşın qədəm qoyacaqdı o buza,
Silah satan silah verdi quduza;
Bənzərin var qəfil sönən ulduza,
Heyif Səndən, heyif Səndən, Salatın!