525.Az

Şərqşünaslıq İnstitutunda illik hesabat iclası


 

Şərqşünaslıq İnstitutunda illik hesabat iclası <b style="color:red"></b>

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.
 
Bu barədə İnstitutun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Vüqar Məmmədovun yaydığı məlumatda bildirilir.

İclasda İnstitutun  2016-cı ildəki fəaliyyətini əks etdirən hesabat dinlənilib. Hesabatda 2016-cı ildə İnstitutunun əməkdaşlarının səmərəli elmi fəaliyyət göstərərək, "Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri" istiqaməti üzrə araşdırmalar apardığı və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirdikləri bildirilərək, ilk öncə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar görülən işlər diqqətə çatdırılıb. Bu çərçivədə keçirilən "Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar", "Müasir Türkoloji tədqiqatlar: problem və perspektivlər" mövzulu beynəlxalq konfranslar vurğulanıb.

Hesabatda bildirilir ki, Azərbaycan Respublikasında 2014-2017-ci illərdə "Elmin inkişafı üzrə "Milli Strategiyanın" həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" ilə əlaqədar Proqramın icrasına dair Tədbirlər Planının bəndlərinə uyğun olaraq İnstitut əməkdaşlarının beynəlxalq elektron resurslara çıxışı genişləndirilib, Azərbaycan şərqşünaslığı web-portalı yaradılıb, Azərbaycan həqiqətlərinin virtual məkanda təbliği və yayılması məqsədi ilə İnstitutun saytının təkmilləşdirilməsi, rus və ingilis dillərində versiyalarının yaradılması istiqamətində işlər tamamlanıb.

Həmçinin, hesabatda Azərbaycan Respublikası Prezidentinin 02 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" və AMEA Ümumi yığıncağının 29 aprel 2015-ci il tarixli 1/1 nömrəli qərarının icrası ilə əlaqədar görülən işlər barədə məlumat verilir.

Məruzədə hesabat ilində elmi-tədqiqat işlərinin 1 elmi istiqamət, 5 problem çərçivəsində aparıldığı, plan üzrə icra olunan 105 elmi-tədqiqat işindən 55 işin bu il başa çatdığı, qalan işlərin 2016-cı il üçün nəzərdə tutulan hissəsinin yerinə yetirildiyi diqqətə çatdırılıb. 2016-cı ilin mühüm nəticələri sırasında  İsmayıl Hikmətin dörd cildlik "Türk ədəbiyyatı" kitabının latın əlifbasına transliterasiyasının həyata keçirilməsi, Əhməd Cəfəroğlunun Türkiyədə 1942-1944-cü illərdə dərc etdirdiyi "Türk amacı" dərgisinin tərcüməsi, Ahmet Hamdi Tanpınarın bədii və elmi yaradıcılığının, türk dastanlarında mif motivlərinin, İran İslam Respublikasının regional siyasətində Cənubi Azərbaycanın maarifi və mədəniyyətinin, Çağdaş İranda cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsinin, "Qloballaşma və inkişaf Şərq-Qərb münasibətləri prizmasından" mövzusunun, sivilizasiyalararası münasibətlərdə tolerantlıq mühitinin formalaşması və inkişafı yollarının, Azərbaycan şərqşünaslığının tarixinin və inkişaf istiqamətlərinin araşdırılması, həmçinin "Türk mətbuatında erməni məsələsi", "İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)", "Cənubi Azərbaycan: "21 Azər"dən İranda "ağ inqilab"a kimi (iqtisadi və sosial-siyasi vəziyyət)", "Seyid Cəfər Pişəvəri. Məqalə və çıxışlardan seçmələr (Təbriz 1945-1946-cı illər)", "Cənubi Azərbaycan: 1918-ci il soyqırımı", "Seyid Həsən Tağızadə və İranın modernləşməsi", "XXI əsrin əvvəllərində ABŞ - Çin münasibətləri", "IX-X əsrlər azərbaycanlı hədisşünas alim  Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli)" kitablarının çapı qeyd olunur.

Elmin İnkişafı Fondu tərəfindən təşkil olunmuş müsabiqədə İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin təşəbbüsü ilə təqdim olunan "Azərbaycan və Cənubi Qafqaza dair Osmanlı vergi dəftərlərinin transliterasiyası, tərcüməsi və nəşri" adlı layihə qrant mükafatına layiq görülüb və 2 il müddətinə icra olunacaq. 

Cari ildə İnstitutun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, professor Mehdi Kazımovun şərhlərlə tərcümə etdiyi "Nəcm əd-Din Razi. "Mirsad əl-ibad min əl-məbdə ilə-l-mə`ad" kitabı Moskvada "İlin kitabı: Rusdilli məkanda İslam və İran" birinci beynəlxalq müsabiqəsində fəxri üçüncü yeri tutub.

Hesabat ilində İnstitutda 18 kitab, monoqrafiya və məqalələr toplusu çap olunub, 11 kitab isə hazırda çapdadır..

İnstitut əməkdaşlarının 200-dən artıq məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 33 elmi məqalə xaricdə nəşr edilib.

2016-cı ildə institutda xarici ölkələrdən gəlmiş elm və dövlət nümayəndələri ilə görüşlər keçirilib, bir sıra konfranslar, elmi sessiyalar və digər tədbirlər təşkil olunub.

Hesabatda qeyd edilir ki, İnstitutun hazırda fəlsəfə doktorluğu üzrə 15 doktorantı və 25 dissertantı, elmlər doktorluğu üzrə 10 doktorantı və 8 dissertantı var. Hesabat ilində 14 dissertant fəlsəfə doktorluğu dissertasiya işi müdafiə edib.

Sonra hesabat ətrafında müzakirələr aparılıb. İclasın sonunda AMEA İctimai Elmlər Bölməsi  tərəfindən təhkim edilən AMEA-nın müxbir üzvü Ilyas Babayev çıxış edərək, Şərqşünaslıq İnstitutunun böyük ənənələrə malik olduğunu və hesabat ilində institutda görülən işlərin Şərqin bütün problem sahələrini əhatə etdiyini söyləyib.

 





15.12.2016    çap et  çap et