525.Az

Xalq rəssamı Elbəy Rzaquliyevin yubiley sərgisi


 

Xalq rəssamı Elbəy Rzaquliyevin yubiley sərgisi<b style="color:red"></b>

Dekabrın 13-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Elbəy Rzaquliyevin 90 illiyinə həsr olunmuş sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, professor Çingiz Fərzəliyev qonaqları salamlayaraq sərginin əhəmiyyətindən danışıb.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq Rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılığından söz açıb.

Bildirilib ki, Bakı şəhərində dünyaya göz açan E.Rzaquliyev Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirib və dövrünün görkəmli fırça ustalarından sənətin sirlərini öyrənib. 1953-cü ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib, elə həmin ildən də "Azərbaycanfilm" studiyasında quruluşçu rəssam kimi sərbəst yaradıcılıq fəaliyyətinə başlayıb. "Görüş", "Ögey ana", "Sevil" və s. kimi uğurlu ekran həyatı yaşamış filmlərin rəssamı olub. Kino rəssamlığı sahəsində qazandığı nailiyyətlərə baxmayaraq, dəzgah rəngkarlığı və qrafika sahəsinə də maraq göstərərək, fərdi yaradıcılıq üslubu, aktual mövzusu, ideya həlli baxımından orijinallığı ilə seçilən akvarel, rəngkarlıq əsərləri yaradıb.

Vurğulanıb ki, 1959-cu ildən başlayaraq Meksika, Fransa, Rumıniya, İtaliya, Hindistan, Tailand, Yaponiya, Türkiyə, Suriya, Yəmən, Küveyt, İordaniya, ABŞ, İsveçrə və s. ölkələrdə yaradıcılıq səfərlərində olub, hər səfərdən sonra yaratdığı bənzərsiz əsərlərlə böyük tamaşaçı məhəbbətini qazanıb. 1960-cı ildə keçirilən "Meksika boyunca" adlı fərdi sərgisi sonralar onun məşhurlaşmasına böyük təsir göstərib.

Sənətkarın əməyinin hər zaman yüksək qiymətləndirildiyini söyləyən natiq deyib ki, o, 1964-cü ildə Əməkdar Rəssam, 1977-ci ildə isə Xalq Rəssamı fəxri adlarına, "Azərbaycan-cəbhəyə" və "1945-ci il May. Qələbə Bayramı" əsərlərinə görə Azərbaycanın Dövlət mükafatına layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının idarə heyətinə üzv seçilib, uzun illər Rəssamlar İttifaqının katibi olub. 1998-ci ildə rəssam çoxillik yaradıcılıq fəaliyyətinə, milli incəsənətimizin inkişafına verdiyi əvəzsiz töhfələrə görə müstəqil Azərbaycanın yüksək mükafatı - "Şöhrət" ordeni ilə təltif olunub.

Nazir müavini deyib ki, E.Rzaquliyevin çəkdiyi tablolar müasir Azərbaycan boyakarlığı və qrafika sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox sərgi salonlarında, rəsm qalereyalarında və muzeylərdə uğurla nümayiş etdirilib. Xaricə çoxsaylı səyahətlərindən sonra səfər etdiyi ölkələrin həyatından bəhs edən silsilə rəsmlərindən ibarət sərgilər Azərbaycan incəsənətinə şöhrət gətirib.

Qeyd olunub ki, 81 yaşında vəfat edən Elbəy Rzaquliyevin yaratdığı əsərlər müəllifinə əbədiyaşarlıq qazandırıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev, Xalq Rəssamı Səlhəb Məmmədov Elbəy Rzaquliyevlə bağlı xatirələrini bölüşüblər. Rəssamın necə sadə və qayğıkeş biri olduğunu deyiblər.

Bildirilib ki, tanınmış fırça ustasının yaradıcılığı Azərbaycan rəssamlıq məktəbinin inkişafında özünəməxsus yer tutur. Rəssamların bir neçə nəsli onun zəngin sənət təcrübəsindən faydalanıb. E.Rzaquliyevin yaradıcılıq fəaliyyəti daim diqqət mərkəzində olub və yüksək qiymətləndirilib.

Sonra iştirakçılar rəssamın sənət dünyasından bəhs edən sərgi ilə tanış olublar.

Sərgidə fırça ustasının ailə kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərləri nümayiş olunub.

Sərgi dekabrın 17-dək davam edəcək.

 





15.12.2016    çap et  çap et