525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1991-ci il. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.

Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası (parlamentin 50 deputatdan ibarət daimi fəaliyyət göstərən orqanı) müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.

16 dekabr Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür.
2005-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi, Material Ehtiyatları Komitəsi ləğv edilərək onların funksiyaları Fövqəladə Hallar Nazirliyinə verilib. Bundan əlavə, Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsi, DİN-in Dövlət Yanğından Mühafizə İdarəsi, Dövlət Sularda Xilasetmə Xidməti, “İzotop” kombinatı, Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti yeni nazirliyin tabeliyinə verilib. Ölkə başçısının 2006-cı ildə imzaladığı sərəncama əsasən, dekabrın 16-sı Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
 
1991-ci il. Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsi yaradılıb.

Müstəqillik əldə etdikdən sonra -1991-ci il dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsi təsis edilib və ölkəmizin sərhədlərini milli qüvvələrimiz qorumağa başlayıb. 1993-cü il martın sonu-aprelin əvvəllərində keçmiş SSRİ sərhədçiləri Azərbaycanı tərk ediblər.

1898-ci il. Azərbaycanın tanınmış karikatura ustası, Xalq Rəssamı Qəzənfər Xalıqov anadan olub (1898-1981).

Q.Xalıqov Azərbaycan rəssamlıq sənətinin ilk peşəkar nümayəndələrindən biridir. O, həmçinin teatr və kino dekorativ sənətkarı kimi fəaliyyət göstərib. Abşeron rayonunun Qobu qəsəbəsində Q.Xalıqovun adını daşıyan orta məktəb və küçə var.

1934-cü il. Görkəmli şair, tərcüməçi, Əməkdar İncəsənət Xadimi Tofiq Bayram anadan olub (1934-1991).
Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi başlayan T.Bayram sonralar Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Dövlət Opera və Balet Teatrında işləyib. Bir sıra tərcümələrin müəllifi olan T.Bayram Aleksandr Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə Maksim Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülüb. T.Bayram “Ana təbəssümü”, “Mənim şair xalqım”, “Sizi düşünürəm”, “Azərbaycan dünya gəzir” kimi bur sıra əsərlərin müəllifidir.

1961-ci il. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, tanınmış jurnalist Salatın Əsgərova anadan olub (1961-1991). 

S.Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilib. O, Azərbaycanın ilk şəhid qadın jurnalistidir.
 
2011-ci il. Azərbaycanın tanınmış müğənnisi, SSRİ Xalq Artisti, “Şöhrət” ordenli Firəngiz Əhmədova vəfat edib (1967-2011).

F.Əhmədova 1946-1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951-1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Sənətkar Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış edib.

M.Maqomayevin “Nərgiz” operasında Nərgiz, “Şah İsmayıl” operasında Gülzar, Ü.Hacıbəylinin “Koroğlu” operasında Nigar, F.Əmirovun “Sevil” operasında Sevil kimi bir sıra rolları çox böyük ustalıqla yaradıb.

F.Əhmədova Azərbaycan romanslarını, eləcə də klassik rus bəstəkarlarının romanslarını, bir sıra filmlərdə mahnıları sənətkarlıqla ifa edib. 2003-cü ildə Xalq Artistinə həsr olunmuş “Firəngiz Əhmədova” sənədli filmi çəkilib.

1979-cu il. Bəstəkar, pianoçu, caz-muğamın banisi, Əməkdar İncəsənət Xadimi, Əməkdar Artist Vaqif Mustafazadə vəfat edib (1940-1979).

V.Mustafazadə 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqə və festivallarının laureatı olan bəstəkar fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.
 
Azərbaycan muğam caz hərəkatının memarı sayılan görkəmli caz ustadı Azərbaycan musiqisinin, muğamın klassik Amerika caz musiqisi ilə sintezini yaradıb. V.Mustafazadə Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadın - Eliza Mustafazadənin həyat yoldaşı olub.

Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi olan V.Mustafazadə 1982-ci ildə, ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb. Dahi cazmenin xatirəsinə “Caz əfsanəsi - Vaqif Mustafazadə” adlı sənədli film çəkilib, “Vaqifsayağı” Caz festivalı təşkil olunub. 1989-cu ildə Vaqif Mustafazadənin ev-muzeyi yaradılıb.

 





16.12.2016    çap et  çap et