525.Az

Bakı Musiqi Akademiyasında daha bir elmi konfrans


 

Bakı Musiqi Akademiyasında daha bir elmi konfrans<b style="color:red"></b>

Dekabrın 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli macar bəstəkarı Bela Bartokun 135 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Macarıstanın Azərbaycandakı səfirliyinin və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli çıxış edərək dünya şöhrətli bəstəkarın yaradıcılığından söz açıb. B.Bartokun dünya musiqi sənətinin inkişafındakı xidmətlərindən danışan rektor deyib ki, bəstəkar Macarıstan, Rumıniya, Slovakiya, Serbiya, Bolqarıstan, Ukrayna, Xorvatiya, Türkiyə, o cümlədən ərəb ölkələri musiqisi və folklorunun ən yaxşı araşdırmaçılarından olub.

Bildirilib ki, onun musiqi yaradıcılığı folklorun ən əski və dərin qatlarından qidalanan qeyri-adi melodiya və ritmlərlə seçilir. Bəstəkarın yaradıcılığının zənginliyindən danışan F.Bədəlbəyli onun əsərlərinin bu gün də neçə-neçə dünya musiqiçiləri tərəfindən tədqiq olunduğunu söyləyib.

Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski çıxış edərək Bela Bartokun həyat və yaradıcılığından söz açıb. Bəstəkarın macar musiqi mədəniyyətindəki əvəzsiz xidmətlərindən danışan diplomat onun əsərlərinin bu gün dünyanın ən nüfuzlu orkestrləri tərəfindən ifa olunduğunu vurğulayıb. Eyni zamanda, görkəmli bəstəkarın əsərlərinin dünyanın aparıcı musiqi məktəblərində tədris olunduğu söyləyib.

Konfransda BMA-nın professoru Könül Nəsirovanın “Bela Bartok yaradıcılığı XX əsr musiqi axtarışları kontekstində” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra akademiyanın tələbələri tərəfindən bəstəkarın əsərləri səsləndirilib. Konsertdə B.Bartokun “Rumin rəqsləri”, “Sonata I hissə”, “Baqatellər” və viola üçün yazdığı “Duo 2” adlı musiqi kompozisiyaları ifa olunub.

 





17.12.2016    çap et  çap et