İsrailin baş naziri Benyamin Netanyahunun ölkəmizə rəsmi səfərindən sonra iki ölkə arasında münasibətlərinin inkişafı məsələsi aktuallığını daha da artırdı.
Azərbaycan-İsrail əlaqələrində hərb və neft-qaz aparıcı sahələr olsa da, kənd təsərrüfatı, turizm, sənayenin müxtəlif növlərində əməkdaşlığın inkişafı üçün geniş imkanlar var. Bunu B.Netanyahu ilə prezident İlham Əliyev də iki ölkə arasında sənədlərin imzalanma mərasimində sonra təşkil olunan birgə mətbuat konfransında dilə gətirdilər. Hər iki ölkə mövcud potensialdan lazımınca istifadə etmək niyyətindədir. Ancaq B. Netanyahunun ölkəmizə səfəri ərəfəsində bəzi qonşu dövlətlər tərəfindən verilən mənfi məzumlu bəyanatlar onu deməyə əsas verir ki, kimlərsə, Azərbaycanın regionda artan gücündən narahatlıq keçirir. Buna görə də, ictimai fikrə təsir etməklə dövlətimizin müstəqil daxili və xarici siyasət kursuna müdaxilə edilməyə çalışılır.
İsrailin baş nazirinin Azərbaycana səfərinə müsəlman həmrəyliyi kontekstində yanaşaraq mənfi yöndə açıqlamalar verən, hər bir müsəlman dövləti üçün Fələstin probleminin İsraillə münasibətlərdə prioritet təşkil etməli olduğunu deyən İran nədənsə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə kontekstdən kənar yanaşır, işğalçı Ermənistanla ikitərəfli əlaqələrini daha da inkişaf etdirmək yönündə səylərini artırır. Halbuki rəsmi Bakı istənilən dövlətlə əlaqələrini sözdə və əməldə beynəlxalq hüquq çərçivəsində həyata keçirir, heç bir halda xarici ölkələrlə münasibətini din amili üzərində qurmur. Tolerant və multikultural siyasət yürüdən, dünyaya nümunəvi model təqdim edən Azərbaycan müxtəlif coğrafiyalarda mövcud olan münaqişələrə yanaşmada da eyni mövqe ortaya qoyur. Yaxın keçmişə nəzər salsaq, 2014-cü ildə dövlətimiz Rusiya tərəfindən Ukrayanın ərazi bütövlüyünün pozulduğunu, Krımın ilhaq olunduğunu qəbul etdiyi kimi, 60 ildən artıq tarixə malik olan İsrail-Fələstin münaqişəsinə görə də Fələstinə öz dəstəyini göstərməyə davam edir. Diqqət yetirsək, din qardaşlarının dəstəyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanın indiyədək cəzasızlıq şəraitində olmasına baxmayaraq, dövlətimiz beynəlxalq müstəvidə oxşar problemlərə dini nöqteyi nəzərdən yox, yalnız ədalət, hüquq prizmasından yanaşır və qiymət verir. Bunu Azərbaycanın xristian Ukraynasına, müsəlman Fələstininə verdiyi dəstəkdə aydın şəkidlə görmək mümküdür.
Azərbaycan Ukrayanın ərazi bütövlüyünü tanıyır və heç bir halda Rusiyaya Krımın ilhaqına görə haqq qazandırmır. Eyni zamanda, Fələstin-İsrail probleminə yanaşmada da oxşar mövqe ortaya qoyur, Tel-Əvivlə münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, İsraildə səfirlik açmır, əksinə bütün beynəlxalq müstəvilərdə Fələstinin lehinə qərarların qəbul olunmasında iştirak edir. Bundan başqa, dövlətimiz münaqişədən əziyyət çəkən Fələstin dövlətinə humanitar yardımlar da edir, hərbi böhranın nəticələrinin müəyyən qədər aradan qaldırılması üçün öz dəstəyini də göstərir. Həmçinin, Azərbaycanın həm İsrail, həm də Fələstinlə mövcud dostluq əlaqələri də imkan verir ki, Yaxın Şərqdə uzun illərdir mövcudluğunu qoruyan bu probleminin həllində dövlətimiz sülh platforması rolunu oynasın, münaqişənin həllinə müəyyən töhfələrini versin. Lakin bəzi dövlətlər bu reallığı görməzdən gələrək özlərinə sərf edən şəkildə açıqlamalar verir, İsrailin baş nazirinin ölkəmizə səfərinin baş tutmasına mane olmağa çalışırdı. Hərçənd, verilən mesajların həqiqətlə heç bir əlaqəsi yox idi və ona görə də, nəticəsiz qaldı.
Məsələ ilə bağlı “525”ə fikirlərini bildirən “Konstitusiya” Araşdırmalar Fondunun sədri, politoloq Əliməmməd Nuriyev qeyd edib ki, qarşılıqlı hörmət, dostluq əsasında qurulan Azərbaycan-İsrail əlaqələri davamlı inkişaf xətti tutmuş əməkdaşlığa söykənir: “İsrail Azərbaycanın strateji tərəfdaşlarından biridir. Bu əlaqələri daha da dərinləşdirmək lazımdır. Bu mənada, ölkəmizin İsraildə səfirliyinin açılmasına da ehtiyac var. Çünki İsrail Azərbaycana Dağlıq Qarabağ və digər məsələlərdə dəstək olur. Eyni zamanda, iki ölkə arasında geniş ticari əlaqələr mövcuddur. Burada əsas yeri neft-qaz və hərbi əməkdaşlıq tutur. Bunlar Azərbaycan üçün çox vacib olan istiqamətlərdir”.
Politoloq bildirib ki, İsrail ən yüksək texnologiyalara malikdir, dünyada böyük nüfuz sahibidir: “İki ölkə arasında kənd təsərrüfatı, sənayenin digər sahələri üzrə əlaqələr qurmaq, inkişaf etdirmək olduqca zəruridir”.
Ə.Nuriyevin sözlərinə görə, Azərbaycanda heç bir vaxt anti-semitizm əhval-ruhiyyəsi mövcud olmayıb: “Bu baxımdan, ölkəmiz dünyada sayılıb-seçilən ölkələrdəndir. Azərbaycanda heç bir din daşıyıcısına qarşı ayrıseçkilik edilmir, əksinə hansı dinə mənsub olmasından asılı olmayaraq, hər kəs sərbəst şəkildə yaşaya, fəaliyyət göstərə bilir. Azərbaycan müsəlmanların daha çox cəmləşdiyi ölkə olsa da, burada yaşayan xristian, yəhudi və digər dinin daşıyıcıları da dövlətimizin tamhüquqlu vətəndaşlarıdır”.
Azərbaycanda yəhudilərin ibadət ocaqları - sinaqoqların, eləcə də yəhudi məktəblərinin fəaliyyət göstərdiyini xatırladan fond sədri hesab edir ki, bütün bunlar iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi, vətəndaş cəmiyyətləri arasında əlaqələrin gücləndirilməsi baxımından olduqca mühüm addımlardır: “Azərbaycanla İsrail arasında həm mədəni, həm iqtisadi, həm hərbi-siyasi, eləcə də sosial əlaqələr daha da dərinləşməyə doğru gedir. Bu əlaqələri daim yüksələn xətlə inkişaf etdirmək lazımdır”.
Ekspert qeyd edib ki İsrail Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir: “İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfəri, prezident İlham Əliyevlə görüşməsi, eləcə də iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanan sənədlər bir daha onu göstərir ki, Azərbaycan-İsrail münasibətləri yüksələn xətlə inkişaf edir. Bu həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır”.
Fond sədri hesab edir ki, İsrail-Azərbaycan əlaqələri müsəlman dünyası üçün nümunəvi xarakter daşıyır: “Yəhudi dövləti ilə müsəlman dövlətləri arasında münasibətlərin qurulması və inkişafında Azərbaycan modeli olduqca mühüm əhəmiyyətə malikdir. Dövlətimiz bu məsələdə körpü rolunu oynamaq iqtidarındadır”.
Azərbaycanın İsrail-Fələstin münaqişəsinə münasibətinin birmənalı olduğunu deyən Ə.Nuriyev bildirib ki, Fələstin xalqı ilə yəhudi xalqının dinc şəraitdə yaşaması, sülhün əldə olunması arzuolunandır: “Azərbaycan Fələstin dövlətini tanıyır. Dövlətimiz bu münaqişənin sülh yolu həllini istəyir və bu istiqamətdə Fələstinə öz dəstəyini göstərir”.
Yaxın keçmişdə rəsmi Bakının Türkiyə ilə İsrail arasında buzların əriməsində müstəsna rolunun olduğunu deyən politoloq qeyd edib ki, Azərbaycan İsrail-Fələstin münaqişəsində də barışdırıcı rol oynaya bilər.
İsrail-Azərbaycan əlaqələrinin bəzi qonşu dövlətləri narahat etdiyini deyən fond sədri vurğulayıb ki, Azərbaycan suveren bir dövlətdir: “Dövlətimiz daxili və xarici siyasətini, ayrı-ayrı dövlətlərlə əlaqələrini hansı səviyyədə quracağını özü müəyyənləşdirir. Təəssüf doğuran faktdır ki, İsrail-Azərbaycan münasibətlərinə müsəlman həmrəyliyi kontekstində yanaşan bəzi dövlətlər burada ikili yanaşma tətbiq etdiklərinin fərqinə belə varmırlar. Həmin dövlətlər Dağlıq Qarabağ münaqişəsinə yanaşmada müsəlman həmrəyliyini nədənsə unudur və ya gözardı edirlər. Lakin Azərbaycan hansısa qeyri-müsəlman ölkəsi ilə əlaqələr quranda İslam həmrəyliyi məsələsi ortalığa atılır və dövlətimizə qarşı bundan təzyiq vasitəsi kimi istifadə edilməyə çalışır. Ancaq bütün bunlar heç bir nəticə vermir. Dövlətimiz milli maraqlara uyğun olaraq ayrı-ayrı ölkələrlə əlaqələrini lazımi səviyyədə inkişaf etdirir, öz tərəfdaşlarının sayını artırır. Bu mənada, İsraillə münasibətlərin dərinləşdirilməsi birmənalı olaraq Azərbaycanın dövlət maraqlarına tam cavab verir”.
Politoloq Fikrət Sadıxov da hesab edir ki, İsrail-Azərbaycan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək. O, “Kaspi”yə bildirib ki, bir sıra mühüm məsələlərlə bağlı hər iki ölkənin mövqeyi üst-üstə düşür.
Politoloq İsrailin Avropa ölkələrində və ABŞ-da güclü lobbiyə malik dövlət olduğunu söyləyib: “İsrail kimi güclü ölkənin Azərbaycana dəstəyi mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı olaraq İsrail də Azərbaycanla münasibətlərin inkişafına maraq göstərir, ölkəmizin regiondakı rolunu müsbət qiymətləndirir. Təbii olaraq həm bu münasibətlər, həm də Netanyahunun Azərbaycana səfəri bəzi dairələri qıcıqlandırmaya bilməzdi. Lakin bu o demək deyil ki, Azərbaycan İsraillə münasibətləri qurub-qurmaması üçün hansısa dövlətdən təlimat almalıdır. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət həyata keçirir. Bu siyasət çərçivəsində də dünya dövlətləri ilə qarşılıqlı maraqlara söykənən münasibətlər qurur”.
Politoloq hesab edir ki, İsrail-Azərbaycan əlaqələri hər hansı bir dövlətə qarşı yönəlməyib: “Bu amili bütün dünya dövlətləri bilməlidir. Azərbaycan İsraillə yaxınlığından istifadə edərək qonşu dövlətlərə qarşı hər hansı alyansda yer almaqda heç zaman maraqlı olmayıb. Bizi bunda qınayan dövlət isə işğalçı Ermənistanla yaxın münasibətlər qurmaqla, onu bütün kommunikasiya vasitələri, ərzaq və digər zəruri məhsullarla təmin etməklə, dolayısı ilə rəsmi İrəvana dəstək verir, Azərbaycan ərazilərinin işğalda qalmasının uzanmasına, Dağlıq Qarabağ probleminin həllinin yubanmasına səbəb olur”.
Ceyhun ABASOV
çap et