525.Az

Türk rəssam: “Əsərlərimi bəyənmədiyimə görə inkişaf edə bilirəm”


 

Türk rəssam: “Əsərlərimi bəyənmədiyimə görə inkişaf edə bilirəm” <b style="color:red"></b> Türkiyənin tanınmış yağlıboya və qravüra ustası Ayşəgül Koranın müsahibəsi
 
- Rahat danışan insan olduğunuza görə, söhbətin startını da ən rahat sualla verək: hardan başladınız?
 
- Hardan başladığımı özüm də bilmirəm. Uşaqlığımdan şəkil çəkirəm. Ailəm bunu gördüyü üçün ibtidai məktəbdə mənə müəllim tutmuşdu. İncəsənət akademiyasına qəbul olunmağa cəhd göstərmədim. Universiteti fərqli ixtisas üzrə bitirsəm də, beynimdə və qəlbimdə daim sənət vardı. Ona görə həyatımı sənətin içində keçirdim, dünyanın ən önəmli muzeylərini dəfələrlə gəzdim, Türkiyənin ən önəmli rəssamlarıyla çalışdım, xeyli fərdi sərgi açdım, qrup sərgilərində iştirak etdim. "Vaxtımın hamısını sənətin gözəllikləri içərisində sənətə həsr edərək keçirirəm” desəm, doğru olar.
 
- “Hardan başladığımı özüm də bilmirəm”- sözünüzlə mənə Füzulinin “Hikməti-dünyavü mafiha bilən arif deyil; Arif oldur bilməyə dünyavü mafiha nədir” beytini xatırlatdınız. Yaradıcılığa “bilərək” başlamaq mümkündürmü?
 
- Məncə, "bilərək” başlamaq demək - kimisə təqlid etməkdir. Kimdəsə nəyisə görüb, o cür olmağı istəmək, ona meyl göstərmək -məndə bu cür şeylər yoxdur. Rəsm çəkməyə kiçik yaşımda başladığıma görə, bu işə niyə meyl etdiyimi xatırlamıram. Ona görə  şəkil çəkmək mənim üçün sevgiyə bərabərdir. Rəngləri çox sevirəm, onlarla oynamağı...
 
- Rəng gücünüzə söz yoxdur...
 
- Bəli, müəllimlərim də mənə “rəngçisən” deyirdilər. Rənglərlə oynamaq çox xoşuma gəlir. Mənim üçün sənətdə göy üzünü illah da mavi rəngdə çəkmək kimi bir qayda yoxdur. Eksperiment edərək, məsələn, qırmızı  rəngdə çəkərəm və təcrübədən keçirincə ortaya çox fərqli şeylər çıxır.
 
- “Göy üzünü mavi yox, qırmızı rəngdə görə bilirəm” dediniz. Bu, içinizdən gələn bir duyğu və müşahidədir, yoxsa?
 

- Çox sevdiyim rəngi kətana sürtəndə içimə rahatlıq doğur. Niyə olmasın? O da mənim xəyalımdır. Mövcud olanı, gözünüzün gördüyü şeyləri çəkmək başqa bir iş, bir də insanın öz xəyalında canlandırdığı şeyləri çəkməsi çox önəmlidir.
 
- Salvador Daliyə gəldik: “Mən həmişə başqalarının görmədiyini gördüm, başqalarının gördüklərini isə mən görə bilmədim”. Görürəm ki, siz də eyni duyğuları daşıyırsınız...
 
- Mən də o cür yanaşmağı sevirəm. Mənim gözümdə bir gül növünün illah da mavi olacağına dair bir qayda yoxdur, mən o gülü mavi kimi təsəvvür edib başqa rəngdə də  çəkə bilərəm.
 
- Bir kompozisiya yaradarkən əvvəlcə qara qələm və ya kömürlə işləyərək kompozisiyanı hazır hala gətirirsiniz, yoxsa birbaşa yağlıboya ilə çəkirsiniz?
 
- Bir sənətkarın karyerində rəsmxətt çox önəmlidir, o nə qədər güclü olsa, yağlıboya və ya sulu boya da o qədər güclü olur. Mən rəsmxətlə hər gün məşğul oluram. Qara qələmlə yaratdığım kompozisiyaları kətana köçürüb, onlara boya ilə can verəndə, o əsərlər tamamilə mənim olur. Mən tamamilə öz əsərlərimi yaradıram, heç bir əsərin surətini köçürmərəm və ya foto çəkib ordan tablo yaratmaram.
 
- Bu cür deyə bilərikmi: rəsmxət sizin matematikanız, məntiqiniz, boya isə qəlbiniz və duyğularınızdır.
 
- Eynilə o cürdür. Ya da iç dünyam, ruhum.
 
- Söz sənətiylə və ya musiqi ilə nə dərəcədə iç-içəsiniz? Məsələn, Füzulinin bir beytini oxuyub ondan bir tablo çıxara bilərsinizmi? Və ya musiqi əsəri dinləyərkən oradan tablo kompozisiyası çıxarmaq necə?
 
- Ədəbiyyatla o səpkili bağlantı heç qurmadım, ancaq musiqi ilə daim qururam. Çünki mən musiqi təhsili də almışam, konservatoriyanı  bitirmişəm. Klassik musiqidəki yüksəliş-enişlər mənim tablolarımda öz əksini tapa bilir. Tablolarımın üzərində işləyərkən musiqidən təsirlənirəm. Musiqi və təbiət mənə çox ilham verir. Təbiətdəki rəngləri  bu və ya digər dərəcədə tablolarımda əks etdirə biləndə özümü xoşbəxt sayıram.
 
- Emalatxanada çalışanda təbiətdə gördüyünüz rənglər gözünüzün önünə gəlir və siz onu kətanın üstünə daşıyırsınız, yoxsa fotoapartla şəkil çəkərək ondan istifadə edirsiniz?
 
- Hər rəng mövsümünə görə mənim ağlımda qalır. Tablolarımın tarixinə baxanda o mövsümün rəng izlərini görə bilirsiniz. Mən onların hamısını beynimdən və qəlbimdən kətana köçürürəm.

- Kitablara illüstrasiyalar çəkmək üçün nəşriyyatlardan təklif aldınızmı, alsanız, qəbul edərsinizmi?
 
- İndiyə qədər o cür təklif almadım, alsam, məmnuniyyətlə yerinə yetirməyə çalışaram. Bir kitabın üz qabığına mənim tablomun fotosunu qoymaq istəmişdilər, məmnuniyyətlə razılıq vermişdim.
 
- Dünya qravüra sənətinin böyük ustası Süleyman Saim Təkcan ilə onun muzeyində qravüra işləri gördüyünüzü də bilirəm. O sahəyə necə gedib çıxdınız?
 
- Qravürada texniki işlər çox fərqlidir, həm oyma həm də qazıma işləri yapırsınız. İşi öyrənəndən sonra yağlıboyalarımın qravürasını yapdım. O işi bacardım və ondan sonra özümə güvənim artdı. 3-4 ildən bəri İstanbul mövzusunda əsərlər yaradıram, o mövzudakı yağlıboya tablolarımın hamısını qravüraya və linoliuma da köçürəcəyəm.
 
- Müxtəlif janrlarda və fərqli materiallarla işləməkdən, eksperimentlər  etməkdən heç çəkinmirsiniz. Cəsur sənətkarsınız...
 
- Eynilə o cürdür. Qorxsam, yarada bilmərəm. Qorxu mənim yaradıcılıq sahəmi məhdudlaşdıra bilər.
 
- Bəzi rəssamlara bu sualı verəndə “Bu, sənətdir, sən başa düşməzsən” cavabını da almaq mümkündür. Siz isə çox rahat şəkildə və lovğalanmadan danışırsınız.
 
- Bəzi əsərlərim pis də ola bilər, ondan heç qorxmuram. Bacarmadığımı görüb ya bir daha o cür yapmaram, ya da yenidən daha yaxşı yapmağa çalışaram. Bunların heç birindən çəkinmərəm.
 
- Tablolarınızı bitirib imzanızı qoyanda tam bəyənirsiniz, yoxsa “Daha yaxşı çəkə bilərdim” deyirsiniz? Yenidən boyadığınız tablolarınız oldumu?
 

- Bir dönəm çəkdiyim tabloları sərgilərdə nümayiş etdirəndən və satandan müəyyən müddət sonra görürəm ki, bəzi tablolarımı yaxşı çəkməmişəm. Məncə, bu, bir sənətkar üçün yaxşı haldır. Çünki mən öz əsərlərimi bəyənmədiyimə görə inkişaf edə bilirəm. Özümü çox bəyənsəm, olduğum yerdə qalaram, irəliləməyim mümkün olmaz.
 
- O biri rəssamlara verdiyim sualı sizə də verəcəyəm: son illər türk rəsm sənətində konyukturaçılıq hökm sürür, çox yüksək dəyəri olmayan tablolarda ərəb hərfləri  və ya dini  simvollar varsa, yüksək qiymətə satılır. Sizcə, bu durum sənətə, sənət bazarına nə verir?
 
- Mən bu durumun nə sənətə, nə də sənət bazarına bir şey verdiyinə inanram. Bu, səhv işdir. Məncə, pul dünyada hər şeyi pozur. Nəticə etibarı ilə tablolar da bir investisiya vasitəsidir, ancaq pul məsələsi ön plana çıxanda sənət pozulur. Türkiyədə sənət və sənət tarixi dərsləri yaxşı tədris edilmədiyinə görə, adı çıxmış sənətkarların istənilən əsərinin sənət dəyəri olduğuna inanılır və təəssüf ki, əsərin keyfiyyətindən asılı olmayaraq, alıcılar çox vaxt imzaya əhəmiyyət verirlər. Gözdən qaçan və təzə yetişən o qədər sənətkar var ki, nə qalereyalar, nə hərraclar, nə də muzeylər onları yaxına qoyur, kolleksiyaçılar isə onları görmür.
 
- 15 il əvvəllə müqayisədə tablo alan kolleksiyaçıların, qalereya sahiblərinin bir çoxu sanki yox oldu. Sizə də elə gəlmirmi?
 
- Bu məsələ böyük ölçüdə pulla əlaqədardır. Türkiyədə sərvət böyük ölçüdə əl dəyişdirdi, indi əlinə pul keçmiş insanların çoxunun sənətlə heç bir əlaqəsi yoxdur. Əslində, onlar bu işi anlamırlar. Sənətə dəyər verən “Bəyaz Türklər”in əlindən sərvət çıxıb. Sənət bazarı ümumilikdə çox durğun vəziyyətdədir. İnsanlar sənətə diqqət göstərmirlər. İş o yerə gəlib ki, qalereyalardakı sərgi açılışlarına “Burda çılpaq tablolar var” və ya “Burda içki içilir" bəhanəsiylə basqınlar olur. Bunları qəbul etmək mümkün deyil. Sənətin ölkəyə sadəcə faydası ola bilər, ona sənət kimi baxmaq lazımdır. Sənətkarların əksəriyyəti tablosunu sata bilmək üçün qalereyalarda sərgilər açır, oralara basqınlar olursa, siz o sənətkarların vəziyyətini təsəvvür edə bilirsinizmi?
 
- Sənətkar əsər yaradarkən pulu düşünsə, yaxşı əsər yarada bilərmi? Sizin xarakterinizi bilirəm: pula ehtiyacınız olsa belə, yenə əsərlərinizi yaradarkən onları satmaq barədə düşünməyəcəkdiniz. Tablo yaradarkən pulu düşünmək: ortaya hansı nəticə çıxar?
 

- Sənətkar əsəri üzərində çalışarkən qətiyyən pulu düşünməməlidir, yoxsa ortaya əsər çıxmaz. Bizim kimi toplumlarda sənət layiq olduğu dəyəri ala bilməyib, ona görə bu qədər sıxıntımız var. Sənət əsərlərinin maddiyyata çevrilməsi sahəsində işlər xeyli geriyə getdi. İndi sənətkarlarımız böyük sifarişlər alıb, maddi cəhətdən rahatlaya bilmirlər. Toplumumuzu sənətə alışdırmqdan başqa yolumuz yoxdur. Məsələn, bir uşağa doğum günündə oyuncaq yerinə kiçik bir tablo alıb hədiyyə versək, onun mənəvi dünyasını nə qədər zənginləşdirmiş olarıq. Və ya toylara qızıl yerinə yaxşı bir tablo aparsaq, pismi olar? Təəssüf ki, bizdə bu cür ənənə yoxdur. Sənətə təzyiq təcili dayandırlmalıdır. Dünyada tanınmış pianoçumuz Fazıl Say məhkəmələrdən yığışmalıdır. Xalqımız aydınlıq uğrunda mübarizəyə heç bir dəstək vermir, mübarizəni ziyalılar aparır, biz də onlara dəstək verməliyik. Sənətkar toplumdakı fərdlərin bir pillə üstündədir, ona görə daim topluma aydınlıq saçır. Tarık Akan vəfat etdi, dəfninə az qala bütün Türkiyə qatılmışdı.

APA
 





17.12.2016    çap et  çap et