525.Az

Bişkekdə Rəşid Behbudov və Müslüm Maqomayev yad edildi - Foto


 

Bişkekdə Rəşid Behbudov və Müslüm Maqomayev yad edildi - <b style="color:red">Foto</b>

Dekabrın 17-də Bişkek şəhərində Abdılas Maldıbayev adına Qırğız Milli Akademik Opera və Balet Teatrında Rəşid Behbudovun 100 illik yubileyinə və Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş "Göy əbədiyyət" adlı qala-konsert keçirilib.

Tədbirin əvvəlində teatrın foyesində qonaqları Qırğızıstanda yaşayan azərbaycanlıların İctimai Birliyi olan "Azəri"nin musiqi ansamblı qonaqları Azərbaycanın milli mahnıları ilə qarşılayıblar.

Tamaşaçılarla dolu olan nəhəng salonda Qırğız Respublikasının rəsmiləri, görkəmli ziyalılar - elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, soydaşlarımız iştirak ediblər.

A.Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrının baş direktoru Bolotbek Osmonov gecəni açaraq, növbəti dəfə Azərbaycan mədəniyyəti ilə bağlı belə böyük tədbirin onun rəhbərliyini etdiyi teatrda keçirildiyinə görə böyük fəxr və həyəcan duyğusu yaşadığını, qala-konsertin dahi sənətkarlar Rəşid Behbudov və Müslüm Maqomayevə həsr olunmasının xüsusi önəm daşıdığını, qırğız xalqının onlara böyük rəğbət və sevgi bəslədiyini qeyd edib.

Baş direktor belə tədbirlərin hazırlanmasında və keçirilməsində verdiyi ardıcıl dəstəyə görə Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyinə minnətdarlığını bildirib.

Sonra səfir Hidayət Orucov çıxış edərək, Azərbaycanın dahi sənətkarlarına verilən qiymətə görə qırğız xalqına təşəkkürünü dilə gətirib. Səfir son zamanlar həm Azərbaycanda, həm də  Qırğızıstanda mədəni əlaqələr baxımından bir çox vacib tədbirlərin keçirildiyini qeyd edib. O, belə tədbirlərin təşkil olunmasının iki qardaş xalqı daha da yaxınlaşdırdığını vurğulayıb. Sonra H.Orucov həm R.Behbudovun, həm də M.Maqomayevin şəxsiyyəti və yaradıcılığı barədə fikirlərini bölüşüb, prezident İlham Əliyevin təşəbbüs və tapşırıqları əsasında hər iki korifey sənətkarın xatirəsinin layiqincə anıldığını və əbədiləşdirildiyini diqqətə çatdırıb.

Sonra rejissor İskender Saatbayevin quruluş verdiyi, Rəşid Behbudovun repertuarından, Müslüm Maqomayevin, Üzeyir Hacıbəyovun əsərlərindən, həmçinin Sevil Əliyevanın, Gövhər Həsənzadənin musiqilərindən ibarət qala-konsert başlanıb. Qala-konsertdə Qırğızıstanın populyar opera müğənniləri Yuliya Babiç, Almaz İstambayev, Ayzirek Momunova, Yelena Ovçinnikova, Elnura Kanatbekova, Said Bekmuratov, Aleksandr Donis, Kamçıbek İsenbayev, Anton Leshov ilə yanaşı həmyerlimiz Faik Baxışev, "Almaz-studio" qrupunun üzvləri, "Bişkek Biq-bend" rəqs qrupu çıxış edib. Bir çox mahnılar Azərbaycan dilində səsləndirilib. Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə bitən qala-konsert gur alqışlarla müşayiət olunub.

Tədbir yaxın günlərdə göstərilmək üçün ölkənin əsas dövlət kanalı olan İctimai Televiziya (KTRK) vasitəsi ilə tam şəkildə lentə alınıb.

CEYHUN

 





19.12.2016    çap et  çap et