525.Az

Əziz Nesinin doğum günüdür


 

Əziz Nesinin doğum günüdür<b style="color:red"></b>

Bu gün tanınmış türk yazıçısı, publisist və dramaturqu, əsl adı Mehmet Nüsret olan Əziz Nesinin doğum günüdür.

Ə.Nesin 20 dekabr 1915-ci ildə İstanbulda anadan olub. Darüşşəfəq məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənib.

Qadiriyyə təriqətindən olan atası oğlunu da imanlı müsəlman kimi görmək istəyirdi. Əziz Nesin 1935 ildə İstanbuldakı Qülləli Əsgər Litseyinə daxil olur. 1937 ci ildə isə Ankara Hərb məktəbini bitirir. Eyni zamanda İncəsənət Məktəbini də bitirir. Sonralar Əziz xatırlayacaqdı ki, oxuduğu hərb məktəblərində hətta onların düşüncələri belə təqib olunurmuş. 1941 ci ildə dünya müharibəsi başlayanda o da zabit kimi orduya çağrılır. Burada tank kurslarını da bitirir. 1944 cü ildə “vəzifəsini və rütbəsini pis yerinə yetirməsi” maddəsi ilə ordudan qovulur. Ordudan qovulduqdan sonra bir müddət baqqal, mühasib kimi peşələrdə çalışır. Sol təmayüllü “Tan” qəzetində işə girir. Köşə yazıları, teatrlar üçün xırda pyeslər yazmağa başlayır. İlk kitabı “Partiya qurmaq, partiya vurmaq” 1946 ci ildə dərc edilir və ona böyük şöhrət qazandırır. Səbahəddin Əli ilə tanışlıq onda solçuluq ideyalarına marağı daha da artırır və onlar birgə “Marko Paşa”adlı mizah (satirik) qəzetini nəşr etməyə qərar verirlər. Qəzet qısa müddətdə bütün Türkiyəyə səs salır.

“Marko Paşa”nın səhifələrində yüksək çinli dövlət məmurları, nazirlər tənqid olunurdu. Sonralar da dəfələrlə həbslərə və təqiblərə məruz qalmasına baxmayaraq Əziz Nesin köşə yazarlığını və ədəbi fəaliyyətini həvəslə davam etdirir.

Ə.Nesin hədsiz dərəcədə işgüzar olub. O, 1952 ci ildə İstanbulun Levent məhəlləsində dükan kirayələyir və eyni zamanda “Oluş” nəşriyyatını açır.

Demokratik Partiya ilə münasibətləri isti deyildi. 1955 ci ildə İstanbulda yaşayan yunanlara qarşı basqınlarda günahkar bilinərək həbs edilən 100 nəfər solçunun sırasında Əziz Nesin də vardı.

DP hökuməti bu qanlı hadisələrdə kommunist izi axtarırdı. Ə. Nesin heç bir səbəb olmadan 9 ay həbsdə yatdı. Bu həbslər onu daha da qorxusuz edirdi. Düzdür, bəzən həyatı təhlükələrdə qalanda yazılarının altından müxtəlif imzalar qoyurdu.

Ümumiyyətlə, həyatı boyu iki yüzdən artıq təxəllüsdən istifadə etmişdi. Onu ölkənin böyük məmur ordusu, dini ictimaiyyət sevmirdi.

O deyirdi ki, mən hətta uşaqlıqda azan da vermişəm, amma çox qaba səsim vardı. Doğrudur, mən dinsizəm, amma seçim qarşısında qalsam İslamı seçərəm.

1982-ci ildə İzmir Torbalıda keçirilən xalq şənliklərində biri ondan soruşmuşdu: ”Biz əgər bir xalq kimi Nəsrəddin Xocanın nəvələriyiksə, deməli ağıllı millətik, elə deyilmi?” O da cavabında: “Türklərin 60 faizi səfehdir” — cavabını vermişdi.
 
Səhnə arxasında ondan "Niyə belə cavab verdiniz?" deyə soruşduqda, ”Övladım mən 100-də 92 deyəcəkdim, dilimi güclə saxladım” deyir.

Həmin il Türkiyədə keçirilən referendumda xalqın 92 faizi səs verərək Kənan Evrenin prezident kürsüsündə qalmasını təmin etmişdi.

Bütün həyatı və yaradıcılığı ilə Türkiyədə hadisə yaradan böyük ədib, ölümü ilə də hamını mat qoydu.

O, 1995-ci il, iyulun 6-da İzmirin Alaçatı bölgəsində kitablarının imza günü həyatla vidalaşdı. Vəsiyyət etmişdi ki, dəfn mərasimi təşkil edilməsin. Yazıçının anlamına görə, dəfn mərasimi deyilən tədbir, rəzillik və ikiüzlülükdən başqa bir şey deyildi. Onun cəsədi İstanbul Çapa Tibb Fakültəsinə gətirilərək yarıldı. Tələbələr cəsədin üzərində dərs keçdilər. Sonra vəsiyyətinə uyğun olaraq, İstanbulun Çatalca məhəlləsində yerləşən fondun həyətinə gətirildi. Vəqfin baxçasında 7 çuxur qazıldı. Ə. Nesinin nəşi bu çuxurlardan birinə endirildi. O vəsiyyətində yazırdı; ”Mən insanın ruhunun varlığına inanmıram. Demək məzarın olması da vacib deyil. Məzarımın üzərinə işarə-filan, çiçək də qoyulmasın. Görə, qoxlaya bilməyəcəyim çiçəklərin məzarım üstündə boş-boşuna çürümələrinə acıyıram. Türkiyədə məzarlıqlar dinlərə görə bölünüb. Dinsizlərin məzarı olmamalıdır. Mənsə, müsəlmanların yatacaq yeri yoxdur və olmamaldır, deyənlərdənəm”.

Cavid QƏDİR
Mənbə: Vikipediya

 





20.12.2016    çap et  çap et