525.Az

Sara Selcanın şeirləri


 

Sara Selcanın <b style="color:red">şeirləri</b>

Şükür, İlahi!

Min sirrin var bilinməyən,
Dil-dodaqla deyilməyən,
Alnımızda görünməyən
Yazına şükür, İlahi!

Yaş var qısa, yarımçıq
Yaş var qarğadan da çox,
Yaratdın Körpəsindən qarıcıq,
Pozuna şükür, ilahi!

Şeytanın mələk dondakı,
Cənnət cəhənnəm sondakı,
Yaşılca yarpağındakı
Tozuna şükür, İlahi!

Cücərtmişəm qəm toxumu,
Kədər udub qorxumu,
Nə qəmli yozdun yuxumu,
Yozuna şükür, İlahi!

Bir sünbülə min dən verdin,
Min dərdə bir bədən verdin,
Verdiyini birdən verdin,
Azına şükür, İlahi!

Qara bağ

Qərənfillərin belinə bağlandı
Yanvarın iyirmisi,
Qərənfillər məzar dəlisi
O gündən...

Qara bağ
əsgər tabutları,
şəhid bolluğu,
bələklə
səngər arası
ağrı çəkir torpaq,
illərdi  susuruq bu boşluğu.

Qara bağ
Xəritədə 20 faiz,
Ürəyimizdə min misqal,
Ruhumuzu skalioz etdi
Bu İşğal.
Vətən onurğasından ağrıyır.

lll

Duyduğum bu kədərin
Qəribə qoxusu var,
Kim deyirsə, yalandır,
Quşun da yuxusu var.

Qağayının yuxusu
Dənizdəki ləpədir.
Göyərçinin yuxusu
Körpədən də körpədir.

Qaranquşun yuxusu
Saman çöpündə itir.
Sığırçının yuxusu
Gömgöy yemlikdə bitir.

Uyğusu sığal çəkir
Çöllərə küləklərin,
Yuxusundan tanıdım
Ən gözəl mələkləri.

lll

Yetim uşağın xəyalları

Hamınıza düşəcək atam alan şirnidən,
Görərsiniz necə dadlıdır,
necə rəngbərəng,
Kim hansından istədi götürər.
Ad günümə gələndə sizə göstərəcəm
Öz otağımı,
Bütün oyuncaqlarımı.
elə möhkəm səsi var ki,
mənim avtomatımın
İnanmırsınız atıb baxın,
Elə bil əsl avtomatdır .
Onu atanda qonşu itləri qorxar.
Mənim robotum bütün robotları yıxar.
Görsəniz bacımın gəlinciyini
Sarışın saçlı, gözləri yaşıl,
Adam kimi danışır.
nə boydadır boyu,
çoxdan istəyirdi bacım bunu.
Sizinkini ötəcək velosipedim
yarışsaq,
Təkərlərini muncuqlarla bəzədim,
Buludların üstüylə sürürəm lap onu,
Ötərəm, ötərəm hamını.
Bu xəyallarla yatır uşaq,
Gül yastığa batır uşaq.
Nə şirindir yuxusu,
Divardakı şəkil susur,
susur.
Uşaqsa
yuxusunda dostlarına
Bunların hamısını atam alıb deyir,
Öz Atam.
...Uşağın xəyallarını gerçəkləşdirə bilmir
Şəkildəki adam...

lll

Gəmisiz limanlarda
Yola çıxıb yosunlar
Dənizlərdə su hanı
Saçlarını yusunlar.

Yosunlar vəfalıdır
Vəfasız gəmilərə.
Çınqılsız sahillərdə
Kimə, kimə, kimlərə.
İtib-batır aylarla
Gəmilərin fit səsi,
O səsdə dincin alır
Yosunların nəfəsi.

lll


Canım bu qədər ağrımazdı,
Çölün düzündə
Xırda qarışqanın ruzisi olsam,
 Kiçik ocaqda
Tez sönən bir parça kösövtək yansam,
Sınıq qədəhlərə dolsam, dolsam,
Su olsam...
Dan yerinin oyatdığı kəpənək olsam,
Şeh olsam o kəpənəyin ayaqlarında,

Tənha ağac olsam,
Tək-tənha,
meşələrin qırağında.
Canım bu qədər ağrımazdı.
Siz ağrıtdınız.

İri daşların yanında xırda kəsək olsam-
Şəlalələr sıçradığı,
Daşlarda bitən çiçək olsam,
Ləçək olsam - küləklərin qırdığı,
Külək olsam divanə,
hamının tanıdığı.
Canım bu qədər ağrımazdı,
Siz ağrıtdınız,
Siz!

lll

Qadın tarlasını şumlayır kişilər...
Bu şumda adam becərir
əlləri-qolları palçıqlı Tanrı.
Qadını kişidən,
Kişini torpaqdan
Hazırlayıb,
nəfəsindən üfləyib ona
can verir, ruh verir,
Dilinə söz,
gözünə nur verir
Qadir Tanrı
yaratd ıqlarının.

Oddan yaratdığı  mələk
Çox vaxt felinə salır
Palçıq bədənliləri.
Hər şeyi itirib alma dadına,
Adəmi azdıran həmin qadınla
başlayır
Yer üzünə tullanışı  tarixi
Bütün bəndələrin-
Cənnətdən qovuluş cəzalı.
Günahkar bəndələr heç nə olmamış kimi
Hər gün qayğılı
Qayıdırlar
tövbənin ətəyinə yıxılı,
Səcdə edirlər
Hər şey istəyib.
Tövbə qapısı açıqdı həmişə,
Sevib bağışlayır
Yaratdıqlarının hər günahını
Təkcə Şeytana acıqlı Tanrı.

Sara SELCAN

 





20.12.2016    çap et  çap et