525.Az

Gözə görünən “mələklər” - Foto


 

VƏ YA “QAYĞI”YA EHTİYACI OLAN KÖRPƏLƏR

Gözə görünən “mələklər” - <b style="color:red">Foto</b>

Yeni ailə həyatı qurmuş hər bir insanın ən böyük arsuzu övlad-uşağa sahib olmaq, valideyn adını qazanmaqdır. Çoxları gec-tez bu arzuya çatır.

Hərdən elə hallar olur ki... Valideynlər həyatın amansız sınağı ilə üzləşir, övladları hansısa xəstəliklə dünyaya gəlir, fiziki və ya əqli cəhətdən şikəst olurlar... 

Uşaq Serebral İflici nədir? 

Uşaq Serebral İflici adından da göründüyü kimi uşaqlarda rast gəlinən xəstəlikdir və ana bətnində dölün, doğuş zamanı və doğuşdan sonrakı dövrlərdə isə körpənin baş beyninin müxtəlif səbəblərdən zədələnməsidir. Uşaqların erkən yaş dövrlərində aşkarlanan bu xəstəlik hərəki pozğunluqlarla müşahidə olunur. Məsələn, körpədə ifliclər, qıcolmalar baş verir, əzələləri zəif olur, hərəkətlərində qeyri-adilik müşahidə edilir. Belə uşaqlarda həmçinin epileptik tutmalar, psixi inkişaf ləngiməsi olmaqla yanaşı görməyində, nitqində, eşitməsində, psixologiyasında da problemlər meydana çıxır. Serebral iflicin 3 əsas yaranma səbəbi var. Birincisi, ananın hamiləlik dövründə müxtəlif infeksion xəstəliklər keçirməsi (məxmərək, herpes, sitomeqalovirus, toksoplazmoz və s.), zərərli vərdişlər (siqaret çəkmək, narkotik maddələr və alkoqol qəbulu), yaş faktoru və s. İkincisi, doğuş zamanı dölün boğulması, travma alması, həmçinin, erkən və gecikmiş doğuş. Üçüncüsü isə doğuşdan sonra baş beynin müxtəlif xəstəliklər və travmalar nəticəsində zədələnməsidir. Sadalananlara rəğmən serebral iflicin  30 faiz halda səbəbləri hələ də tibbə məlum deyil.

Uşaq Serebral İflici termini ilk dəfə məşhur alman psixoanalitik Ziqmund Freyd tərəfindən təklif edilib. Müxtəlif statistik məlumatlara görə, yeni doğulmuş hər 1000 körpədən 2-10-da serebral iflic aşkarlanır. Dünyada serebral iflicli 17 milyon insan var. Onların böyük hissəsi Uşaq Serebral İflicindən əziyyət çəkir. Azərbaycanda serebral iflicli uşaqlarla bağlı hansısa statistik məlumat verilməsə də, belə xəstələrin sayı az deyil. Ölkəmizdə serebral iflicli uşaqlar üçün nəzərdə tutulmuş kifayət qədər tibb müəssisəsi var. Onlardan əksəriyyəti dövlət təyinatlı olsa da, müxtəlif cəmiyyətlərin nəzdində fəaliyyət göstərən və serebral iflicli uşaqların reabilitasiyasının aparıldığı mərkəzlər də az deyil. 

“Qayğı" ilə əhatə olunmuş uşaqlar 

Belə mərkəzlərdən biri “Qayğı" Sağlam Nəsil İctimai Birliyiinin nəzdində fəaliyyət göstərən “Qayğı" Uşaq Reabilitasiya Mərkəzidir. Mərkəz Bakının Nizami rayonunda yerləşən, hələ 1952-ci ildən fəaliyyət göstərən “Zambaq" uşaq bağçasının binasında yerləşir. 3 il əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə bağçanın binasında yenidənqurma və əsaslı təmir işləri aparıldıqdan sonra bina “Qayğı"nın balansına verilib. 2013-cü ilin may ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə “Qayğı" Uşaq Reabilitasiya Mərkəzinin açılışı olub. Mərkəz uşaqların gün ərzində qalmaları, müalicə almaları, bərpa kursları keçmələri üçün müasir avadanlıqlarla təchiz olunub. Bu barədə əməkdaşımıza məlumat verən “Qayğı" Uşaq Reabilitasiya Mərkəzinin direktoru Bənövşə Yusifova daha sonra mərkəzin fəaliyyəti haqqında danışdı: “Reabilitasiya mərkəzi bağça tipli fəaliyyət göstərir və 3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Səhər saat 9-da uşaqları qəbul edir, axşam saat 5-də isə valideynlərinə təhvil veririk. Əsas odur ki, uşaqlar burada özlərini evdəki kimi, hətta evdənkindən də yaxşı hiss edirlər, bağçada lazımi  və vacib reabilitasiya kursları keçirlər. Reabilitasiya kursları dedikdə nəyi nəzərdə tuturam? Hər səhər hər bir uşaq həkim-pediatrın yoxlanışından keçdikdən sonra bağçaya qəbul edilir. Əgər uşaqların hansındasa infeksion xəstəlik aşkar olunarsa, həmin körpə sağalana kimi evə göndərilir. Çünki, serebral iflicli uşaqların immuniteti zəif olduğundan infeksiya digər uşaqlara asanlıqla keçə bilər. Daha sonra həkim-nevropatoloq uşaqları müayinə edib gün ərzində alacağı müalicə kursunu təyin edir. Müalicə kurslarına elektrofarez, masaj, parafin vannaları, su vannaları və s. daxildir. Mərkəzin əsas üstünlüklərindən biri qapalı hovuzun olmasıdır ki, burada alınan müalicə uşaqların reabilitasiyası üçün çox xeyirlidir".

“Qayğı" Reabilitasiya Mərkəzi 35-40 nəfər uşaq üçün nəzərdə tutulub. Uşaqlar hər birində 10-13 nəfər olmaqla 3 qrupa bölünüb. Hər qrupun özünün oyun, yataq otaqları ilə yanaşı mətbəxi var. Qruplarda uşaqlar gün ərzində tərbiyəçi və tərbiyəçi köməkçisinin nəzarətində olurlar. Ümumilikdə mərkəzin pedaqoji heyəti 12 nəfərdən ibarətdir. Onlardan 2-i həkim, digərləri isə pedaqoqlardır. Uşaqlar bağçada gün ərzində 4 dəfə qidalanırlar. Özü də serebral iflicli uşaqların mədə-bağırsaq sistemində pozğunluqlara rast gəlinir deyə, onların yeməkləri xüsusi həkim nəzarətində olur. Bənövşə xanımın sözlərinə görə, serebral iflicli uşaqlarda fiziki və əqli qüsurlar müşahidə olunur. Lakin lazımi müalicə kursları keçməklə müsbət nəticələr almaq mümkündür: “Təəssüf ki, bizdə elə valideynlər var ki, uşağı xəstədi deyə, ümidlərini üzür, övladlarına hərdən lazımsız əşya kimi baxırlar. Valideynin uşağı saatlarla televizorun qarşısında əyləşdirərək rahatlıq tapdığının şahidi olmuşam. Amma əslində belə olmamalıdır. Hər bir valideyn xəstə övladına elementar vərdişləri öyrətməlidir. Mərkəzimizə qəbul olunan elə uşaqlar var ki, udma, çeynəmə kimi adi vərdişlər onlara yad idi. Yaxud bəzi uşaqlar qorxur, digər insanlarla ünsiyyət qurmağa çəkinirdilər. Biz serebral iflicli uşaqların hər birinə fərdi yanaşaraq onlarda çatışmayan cəhətlərinə görə müalicələr təyin edir, pillə-pillə, sıfırdan başlayaraq elementar vərdişləri öyrədirik. Mərkəzimizin psixoloqu, loqopedi, idman müəllimi, fizioterapevti, bir sözlə hər bir əməkdaşı uşaqların müalicəsində yaxından iştirak edir. Yeri gəlmişkən, əlimizdə serebral iflicli xəstələrin onurğa sütunu üçün xüsusi “Adeli" kostyum var. Kostyumu geyindikdə xəstənin qaməti düz qalır və bu da müalicə prosesinə müsbət təsir göstərir". 

“Mələklər”dən muğayat olaq

Bənövşə xanım mərkəzin fəaliyyət göstərdiyi 3 il müddətində xeyli iş gördüklərini deyir. Mərkəzdə uşaqlar müalicə ilə yanaşı müsiqi, ana dili, riyaziyyat dərsləri keçir, ətraf aləmlə tanış olurlar, tez-tez müxtəlif tədbirlərə qatılırlar, ekskursiyaya aparılırlar. Artıq, 2 ildir məzun buraxdıqlarını söyləyən mərkəzin direktoru məzunlardan bəzilərinin sağlam uşaqlarla eyni məktəbdə oxuduqlarını bildirdi. Əlbəttə, bu, sevindirici haldır. Belə uşaqlarda yalnız müəyyən fiziki qüsurlar nəzərə çarpır, əqli cəhətdən isə yaşıdlarından heç nə ilə geri qalmırlar. Lakin elə uşaqlar var ki, onlarda əqli zəiflik müşahidə olunur. Belə körpələr məzun olduqdan sonra xüsusi məktəblərdə təhsil alırlar.

Müsahibimizdən daha ağır formalı serebral iflicli uşaqların valideynlərinin onlardan yardım istədikləri halda nə etdikləri ilə maraqlandıq. Məlum oldu ki, Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24 saylı qərarına əsasən əsasən “Qayğı"ya nisbətən yüngül xəstələri qəbul edilir. Elə ağır serebral iflicli xəstələr var ki, onların hərəkətləri tam məhduddur, yataq rejimində olmalıdırlar və ya əqli cəhətdən çox geri qalırlar. Belə xəstələrin müraciətləri geri çevrilmir, sadəcə, qanuna uyğun olaraq digər müalicə müəssisələrinə yönləndirilməsinə kömək edilir. Məsələn, serebral iflicin tetraparez deyilən forması var ki, xəstənin aşağı ətrafları iflic olur. Bu halda “Qayğı" həmin xəstəyə yardım göstərmək gücündə olmur. Elə xəstələr gərək eyni vaxtda bir neçə mütəxəssisin nəzarətində olsun. Bu isə mərkəzin imkanı daxilində deyil. Amma Azərbaycanda sırf elə xəstələr üçün nəzərdə tutulan mərkəzlər var və “Qayğı"nın qəbul edə bilmədiyi təqdirdə uşaqların həmin mərkəzlərdə yerləşdirilməsinə həmişə köməklik göstərilib. Yeri gəlmişkən, təkcə Bakıda Səhiyyə və Sosial Müdafiə nazirliklərinin balansında bir neçə belə tibb müəssisəsi var - Uşaq Psixonevroloji Mərkəzi, Uşaq Reabilitasiya Xəstəxanası, Uşaq Psixonevroloji Sanatoriyası, Uşaq Bərpa Mərkəzi, Uşaq Reabilitoloji Mərkəzi və digərləri.

2012-ci ildən bu yana hər il oktyabr ayının ilk çərşənbə günü Dünya Serebral İfliscli Uşaqlar Günü kimi qeyd edilir. Əlbəttə “Qayğı" üçün də bu gün xüsusi önəm daşıyır. Hər il olduğu kimi bu il də mərkəzin xəstələri Dənizkənarı Parkda tədbir keçiriblər. 28 serebral iflicli uşağın istirak etdiyi son aksiyada əsas məqsəd fiziki qüsurlu körpələrimizin üzləşdikləri problemləri ictimaiyyətə çatdırmaq olub. Uşaqlar diqqəti cəlb etmək məqsədilə üzərində mövzu ilə bağlı şüarlar yazılmış köynəklər geyinib və havaya ürək formasında şarlar buraxıblar. Tədbir zamanı serebral iflicli uşaqların ifasında rəqs proqramı nümayiş olunub. Daha bir maraqlı fakt: tanıdığımız bir çox məşhur insanlar var ki, müxtəlif dərəcədə iflic olublar. Məsələn, Lenardo da Vinçi Uşaq Serebral İflicinin hemiparez növü ilə dünyaya gəlib. İtaliyalı dahi ömrü boyu axsayıb. Yaxud, məşhur Hollivud aktyoru Silvestr Stallone. Doğuş zamanı həkimlər gələcək aktyorun sinir sistemini zədələyiblər ki, bu da Stallonenin sifətində aydın hiss olunur. Bununla demək istəyirik ki, serebral iflicli uşaqlar vaxtında və düzgün malicə alarlarsa, gələcəkdə onlardan bəziləri həyatda böyük uğurlar qazana bilərlər. Söz düşmüşkən, Yay Olimpiya Oyunlarından sonra keçirilən Yay Paralimpiya Oyunlarında iştirakçılar arasında serebral iflicli xəstələrə tez-tez rast gəlmək mümkündür.

“Qayğı"nın əməkdaşları - həkim-nevropatoloq Təranə Seyidməmmədova və həkim-pediatr Fatma Məmmədova ilə söhbət və bağça ilə tanışlıq zamanı uşaqlara yaradılan şəraitin yüksək səviyyədə olmasının, onların mərkəzin adına uyğun olaraq qayğı ilə əhatələndiklərinin şahidi olduq. Bağça sakinləri ilə tanışlıq isə məndə xoş təəssürat yaratdı. Hələ indiyə kimi bu qədər mehriban, istiqanlı, gülərüz uşaqlarla rastlaşmamışdım. Sanki mələkdilər. Mələklər bizi qoruyarkən, biz niyə onlardan muğayat olmayaq?

İlqar TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





21.12.2016    çap et  çap et