525.Az

Tehranla İrəvanı nə birləşdirir?


 

İRAN PREZİDENTİNİN ERMƏNİSTANA SƏFƏRİ AZƏRBAYCANDA NARAHATLIQLA QARŞILANIR

Tehranla İrəvanı nə birləşdirir?<b style="color:red"></b>

Bu gün İran prezidenti Həsən Ruhani Ermənistana səfər edir.

O, İrəvanda erməni həmkarı Serj Sarkisyanla görüşəcək. Bundan başqa İranla Ermənistan arasında bir neçə əməkdaşlıq sənədinin imzalanması, iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsi planlaşdırılıb.

Azərbaycan ictimaiyyəti, xüsusilə din xadimləri H.Ruhaninin bu səfərinə öz etirazlarını bildirirlər. Dindarlar və o cümlədən, siyasi ekspertlər İranın bu addımının daim önə çəkdiyi müsəlman həmrəyliyi konsepttindən kənar olduğu qənaətindədirlər. Çünki Ermənistan müsəlman Azərbaycan dövlətinə qarşı işğalçı hücum edib, torpaqlarının 20 faizini tutub, 1 milyondan artıq müsəlmanı öz yurd-yuvasından didərgin salıb. Bu fakt kifayətdir ki, rəsmi Tehran öz addımından - işğalçı Ermənistanla münasibətləri inkişaf etdirmək niyyətindən geri çəkilsin. Lakin İran rəhbərliyi tamam fərqli fikirdədir. Bu yaxınlarda İsrailin baş nazirinin Azərbaycana səfərinə müsəlman həmrəyliyi kontekstində yanaşaraq mənfi yöndə açıqlamalar verən, hər bir müsəlman dövləti üçün Fələstin probleminin İsraillə münasibətlərdə prioritet təşkil etməli olduğunu deyən İran nədənsə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə kontekstdən kənar yanaşır, işğalçı Ermənistanla ikitərəfli əlaqələrini daha da inkişaf etdirmək yönündə səylərini artırır.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, İran prezidentinin Ermənistana səfəri Azərbaycanda narahatlıqla qarşılanır. O, "Aznews.az"a bildirib ki, İran prezidenti Azərbaycan torpaqlarını işğal altında saxlayan ölkəyə səfər edir: "Bizim bir milyondan çox məcburi köçkün və qaçqınımız var. İranın müsəlman bacı-qardaşları məcburi köçkün və qaçqın vəziyyətində yaşayırlar. Eyni zamanda, İran tərəfi Azərbaycanın işğal altında qalan bütün məscidlərinin Ermənistan tərəfindən məhv edilməsi məsələsinə biganə yanaşmamalıdır. Bizim tarixi abidələrimiz məhv edilib. Onların əksəriyyəti islam mədəniyyətinin nümunələridir. Ermənistan həmin məscidlərdə müsəlman aləminin qəbul etmədiyi heyvan-donuzu saxlayır və yetişdirir. Bunlar hamısı İslam dininin təhqir edilməsidir. Bunu edən Ermənistandır. Təəssüf ki, İran tərəfi bu məsələdə özünü görməməzliyə vurur".

Deputatın fikrincə, İran tərəfi çox gözəl başa düşür ki, həmin ölkəyə hərbi müdaxilənin baş verməməsində Azərbaycan unikal rol oynayıb:  "Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi üçün ölkəmizə dəfələrlə təzyiq göstərilib. Lakin ölkə prezidenti qətiyyətli şəkildə bunun baş verməsinə imkan verməyib. Eyni zamanda, Azərbaycan İrana qarşı maliyyə, iqtisadi sahələrdəki sanksiyalara qoşulmayıb. Bu da İrana çox gözəl bəllidir.

Belə olan təqdirdə, İran prezidentinin Ermənistana səfəri haqlı olaraq ictimayyət tərəfindən narahatlıqla qarşılanır".

E.Nəsirov düşünür ki, İran prezidentinin Ermənistana səfəri ölkədə hökm sürən Xameyni prinsiplərinə ziddir: "Xameynizmə görə, müsəlmana müsəlmandan yaxın dost yoxdur. Belə olan halda, İran prezidentinin müsəlman qardaşlarını məcburi köçkün və qaçqına çevirmiş, torpaqlarının bir hissəsini işğal etmiş bir ölkəyə səfərinə necə qiymət vermək olar?!"

Həsən Ruhaninin Ermənistana səfəri ilə İsrail hökumət başçısının Azərbaycana səfəri arasında müqayisə aparmağın doğru olmadığını deyən deputat İsrail-Azərbaycan münasibətlərinin heç vaxt üçüncü bir dövlətin, İranın əleyhinə yönəlmədiyini bildirib: "Azərbaycan-İsrail arasındakı münasibətlərin inkişafı Azərbaycanın müsəlman dünyasına verdiyi çox mühüm töhfələrə qətiyyən mane olmur. İsraildə də bunu çox gözəl dərk edirlər. Əgər bu belə olmasaydı, Azərbaycan Fələstin ilə əlaqələr saxlamazdı. Fələstin administrasiyasının Azərbaycandakı səfirliyinin fəaliyyəti məhz Azərbaycan büdcəsi hesabına maliyyələşdirilir. Bu da çox unikal hadisədir. Azərbaycan Fələstin dövlətinin yaradılması ideyasını həmişə dəstəkləyib. 2012-ci ildə BMT Baş Məclisində Fələstinə müşahidəçi statusu verilməsi məsələsində də Azərbaycan onun lehinə səs verib."

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri isə qeyd edib ki, Həsən Ruhaninin Ermənistana səfəri İranın ikili siyasətinin göstəricisidir. O PİA-ya bildirib ki, İranın bu yanaşması dəyişməyənə qədər Azərbaycan ictimaiyyətinin İrana olan münasibəti də dəyişməyəcək: "Əgər qonşu və müsəlman İran dövləti ikili siyasət yürütməsəydi, ortalıqda anti-türk siyasəti olmasaydı, eyni zamanda müsəlmanlar arasında fəsad çıxarmağa çalışmasaydı, bu səfəri normal qarşılamaq olardı. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan müsəlman ölkəsi deyil. Həmçinin, Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal edib. Buna paralel olaraq, Ermənistan məhz İranın da iddia etdiyi Azərbaycanın şiə əhalisinə qarşı bir soyqırım tətbiq etmiş ölkədir. Bütün bunları nəzərə alanda İran dövləti bu məsələyə həssas yanaşmalı idi. Hansı ki, İranda İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfəri öncəsi hay-küy salmışdılar ki, guya bu səfər İranın təhlükəsizliyini təhdid edə biləcək hadisədir. Hətta Azərbaycanın daxili işlərinə qarışaraq Azərbaycan ictimaiyyətini buna qarşı dirəniş göstərməyə çağırmışdılar. Mənim üçün maraqlıdır ki, bu gün həmin çağırışlar niyə İranda yenə də səsləndirilmir? Niyə bu gün İran ictimaiyyəti və dini xadimləri Azərbaycan müsəlmanlarını, şiələrini qətlə yetirən, onları doğma yurdundan qovan və məhv edən, bütün dini və mədəni binaları tamamilə yerlə-yeksan edən, Azərbaycan məscidlərində donuz otaran erməniləri bu gün nədənsə qınaq obyektinə qoymur və daha çox susqunluq nümayiş etdirir. İran nə qədər İsrailin baş nazirinin Azərbaycana gəlməsinə psixoloji cəhətdən normal yanaşmırsa və bu məsələni özləri üçün təhqir və tənqid hesab edirsə, İran prezidentinin Ermənistana səfəri də bu qədər Azərbaycan dövlətini və ictimaiyyətini yaralayır. Çünki Dağlıq Qarabağ Azərbaycanın ürəyidir, mənəvi və psixoloji baxımdan hər bir azərbaycanlının rəyində Dağlıq Qarabağ və yeddi ətraf rayonların xüsusi yeri var. Bu yerləri bu gün işğal altında saxlayan Ermənistana İran prezidentinin səfəri necə qarşılanmalıdırsa, Azərbaycan o cür qarşılayır. Ona görə də mən bu məsələyə çox pis baxıram. İran məsələlərə ikili standartdan yanaşmamış olmuş olsaydı, bu məsələni normal qəbul etmək olardı. Ancaq şiəliyin mərkəzi olan İran bu gün öz şiə qardaşlarını qətlə yetirən Ermənistana səfər edir".

N.Miri qeyd edib ki, indiyə qədər İranın Ermənistana 2 milyard dollardan artıq yardım verməsi haqqında konkret informasiyalar var: "Yəni belə çıxır ki, Azərbaycan şiələrinə qarşı düşmən olan bir ölkə ilə bu cür əlaqədə olmaq və bu əlaqəni daha da müsbət məcraya daşımaq İslama sığan bir haldır, amma Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün İsrail dövləti ilə hərbi əməkdaşlıq edirsə, bu heç bir normaya sığmır? Bu cür ikili yanaşmalar bu gün məhz İran dövlətinin siyasətidir. Ona görə də ilk növbədə, İran dövləti özünün dövlət olaraq yürütdüyü siyasətə baxmalıdır. Çünki İslam dövləti ikili siyasət yürüdə bilməz. İslam özü mahiyyətcə ikili siyasəti, ikiüzlülüyü qəbul edən bir din deyil. Bu baxımdan İran mütləq şəkildə öz siyasətinə baxmalıdır və şiə Azərbaycanın həssas məsələlərinə  diqqətlə yanaşmalıdır. Bu yanaşma dəyişməyənə qədər Azərbaycan ictimaiyyətinin İrana olan münasibəti də dəyişməyəcək. Baxmayaraq ki, Azərbaycan da bir şiə dövlətidir".

İranın Ermənistanla siyasi-iqtisadi münasibətləri gücləndirməsindəki məqsədin İsrail-Azərbaycan əməkdaşlığı ilə bağlılığına gəlincə politoloq qeyd edib ki, İran Azərbaycan-İsrail münasibətlərinin mövcud olmadığı zamanlarda belə daim Ermənistana dəstək olub: "Azərbaycanın İsraillə normal münasibətlərinin hələ qurulmadığı 90-cı illəri xatırlamaq lazımdır. Həmin dövrdə Azərbaycanın bir növ mənəvi paytaxtı olan Şuşa şəhərinin işğalı məhz Azərbaycan prezidentinin İranda Ermənistanla danışıqları zamanı baş verdi. Şuşa işğal olunan zaman İran əlini daşın altına qoymadı. Əksinə İran Ermənistanın daha da güclənməsi üçün şərait yaratdı. Bu illər ərzində Ermənistan blokada şəraitində yaşadığı bir vəziyyətdə bu dövlətə yardım əlini uzadan tək ölkə məhz İran olub. Çünki Ermənistan coğrafi geosiyasi bir məkan olaraq İran üçün çox həssas məkandır. Ona görə ki, Ermənistan iki türk cümhuriyyətinin arasında yaradılmış süni bir dövlətdir. Bu gün İrana sərf edən faktor məhz budur. Çünki türk dövlətlərinin arasında bir xristian dövlətinin olması  və bunun türk dövlətlərinin birləşməsinə əngəl yaratması İranın geosiyasi maraqlarına xidmət edən siyasətdir".

Ceyhun ABASOV

 





21.12.2016    çap et  çap et