525.Az

ABŞ-da Azərbaycana dair sənədli filmlərdən ibarət DVD disklər toplusu


 

ABŞ-da Azərbaycana dair sənədli filmlərdən ibarət DVD disklər toplusu<b style="color:red"></b>

ABŞ-da Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə Azərbaycana dair sənədli filmlərdən hazırlanmış DVD disklər toplusu buraxılıb.

Baş Konsulluqdan verilən məlumata görə, nəfis şəkildə tərtib olunmuş “Azərbaycan İnciləri” adlı topluya 5 sənədli film daxil edilib.

Filmlərin çəkilişi və istehsalı Los-Ancelesdə fəaliyyət göstərən ECONEWS teleradio şirkəti tərəfindən həyata keçirilib.

Filmlərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təbiəti, turizm potensialı və coğrafi mövqeyi barədə məlumat verilir, ölkəmizin multikulturalizm və dini dözümlülük ənənələrindən, Azərbaycanda müsəlmanların, yəhudilərin, xristianların, eləcə digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamasından söhbət açılır.

DVD disklər toplusunda istifadə olunan filmlərin əsas süjet xətti ölkəmizin özünəməxsus və təkrarolunmaz maddi-mənəvi dəyərlərini estetik çalarlarla tamaşaçılara təqdim etməkdən ibarətdir. Tamaşaçı hər bir filmdə Azərbaycanın sevilən xalq və bəstəkar mahnılarının müşayiətilə ölkəmizin tarixi-mədəni irsinə, eləcə də füsunkar təbiətinə vizual səyahət edir. Filmlərin professional quruluşu və rəngarəng kadrları uzaq ABŞ tamaşaçısında Azərbaycana güclü maraq və rəğbət hissi oyada bilir.   

Disklər toplusunun ABŞ-da geniş şəkildə yayılması nəzərdə tutulub.

Topluda istifadə olunan filmlər Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Los-Ancelesdəki Baş Konsulluğunun birgə dəstəyilə hazılanaraq, bu il tamaşaçıların ixtiyarına verilib. Filmlərin çəkilməsi məqsədilə ECONEWS şirkətinin rəhbəri Nensi Perlmanın rəhbərlik etdiyi çəkiliş qrupu Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında səfərdə olub.

Sözügedən filmlər artıq Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 50 televiziya kanalında yayımlanıb.

Qeyd edək ki, üç dəfə məşhur Emmi mükafatına namizəd olmuş ECONEWS şirkəti, ABŞ-da ətraf mühit və turizmlə bağlı televiziya və radio proqramlarının hazırlanması ilə tanınmaqdadır.
 
Filmlərin tam versiyalarına bu linklər vasitəsilə baxmaq olar:
 
“Azerbaijan: Land of Hope & Inspiration” –  https://youtu.be/tocsUq0TRfE?t=33s
 
“Baku: Jewel of the Caspian” - https://youtu.be/QkaB6X1PNfU?t=26s 
 
“Christian & Muslim Villages of Azerbaijan” -  https://youtu.be/7xmLwXE_VUc?t=27s
 
“Jews of Azerbaijan: A Model for Muslim-Jewish Coexistence” - https://youtu.be/Yci6bcH4PqQ?t=25s
 
“Cultural & Natural History of Azerbaijan” -  https://youtu.be/IgpAj1USwDE?t=25s

Ceyhun ABASOV

 





22.12.2016    çap et  çap et