525.Az

Gəncə "Avropa Gənclər Paytaxtı" adı ilə vidalaşdı


 

GƏLƏN İL ÜÇÜN BU ESTAFET BOLQARISTANIN VARNA ŞƏHƏRİNƏ ÖTÜRÜLDÜ

Gəncə "Avropa Gənclər Paytaxtı" adı ilə vidalaşdı<b style="color:red"></b>

"Gəncə - Avropa Gənclər Paytaxtı 2016" layihəsinin bağlanış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gənclər və İdman Nazirliyinin, Prezident yanında Gənclər Fondunun təmsilçiləri, Kutaisi şəhərinin meri Şota Murquliani, 2017-ci il Avropa Gənclər Paytaxtı olacaq Varna şəhərinin meri İvan Portnix və həmin şəhərin bələdiyyə üzvləri, xarici ölkələrin diplomatik nümayəndələri, gənclər təşkilatları rəhbərləri, könüllülər və digər qonaqlar iştirak ediblər.

Toplantıda Azərbaycanın, o cümlədən, Gəncənin qədim tarixini və mədəniyyətini, bu gününü, həmçinin "Gəncə - Avropa Gənclər Paytaxtı 2016" çərçivəsində burada həyata keçirilən layihələri özündə əks etdirən videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları Avropanın Gənclər Paytaxtında, Azərbaycanın qədim və zəngin mədəniyyətə malik ən gözəl şəhərlərindən biri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yurdu olan Gəncədə görməkdən məmnun olduğunu bildirib. Şəhər rəhbəri qeyd edib ki, bu gün gənclər siyasəti Azərbaycan dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir və bu siyasət ölkədə uğurla icra olunur.

Tədbirdə bildirilib ki, ölkə rəhbərinin tapşırığına əsasən "Gəncə - Avropa Gənlər Paytaxtı 2016" çərçivəsində həyata keçirilən layihələrə 9 Nazirlik və 2 Komitə dəstək olub. Bu titulu qazanmaqla şəhərin əldə etdiyi nailiyyətlərdən danışılaraq qeyd edilib ki, bu il ərzində Gəncədə Gənclər Evi, "Avropa Gənclər Paytaxtı" İctimai Birliyinin ofisi, Kitab Evi, Avropa Gənclər Paytaxtı Parkı və başqa obyekt və tikililər açılıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirib ki, Gəncənin Avropa Gənclər paytaxtı seçilməsi ilə əlaqədar olaraq ölkə rəhbərinin sərəncamı ilə xüsusi tədbirlər planı hazırlanıb və gənclərin inkişafı ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qeyd edib ki, ölkədə həyata keçirilən gənclər siyasətində gənclər təşkilatlarının rolu haqda da danışıb.

Gələn il üçün Gənclər Paytaxtı statusunu Gəncədən qəbul edən Varna şəhərinin meri İvan Portnix iştirakçıları salamlayaraq qonaqpərvərliyə görə öz minnətdarlığını bildirib və Bolqarıstanın bu şəhəri haqqında geniş məlumat verib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünya üçün bir örnək kimi səciyyələndirib.

"Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin yüksək səviyyədə təşkil olunmasında xidmətlərinə görə gənclər təşkilatlarının, dövlət və biznes qurumlarının, mətbuatın nümayəndələrinə və könüllülərə Fəxri Fərmanlar verilib.

Gəncə şəhərinin rəhbəri Avropa Gənclər Paytaxtının simvolik açarını Varna merinə təqdim edib.

Zakir Muradov
Gəncə

 





22.12.2016    çap et  çap et