525.Az

İtaliyada Azərbaycanın müasir memarlığına həsr olunan sərgi - Foto


 

İtaliyada Azərbaycanın müasir memarlığına həsr olunan sərgi - <b style="color:red">Foto</b>

Dekabrın 20-də İtaliyanın Florensiya şəhərində “Auditorium al Duomo” Mərkəzində Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Romualdo Del Bianko Fondu Azərbaycanın müasir memarlığına həsr olunan sərgi keçirib.

Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Fondun direktoru Paolo Del Bianko rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi tədbirlər arasında Azərbaycan memarlığına həsr olunmuş tədbirlərin xüsusi yerə malik olduğunu bildirib.

Fondun 30-dan çox ölkə ilə əlaqələrə malik olduğunu deyən P.Bianko Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti və Fond arasında əməkdaşlığın 13 ildən artıq davam etdiyini, bu əlaqələrin təməlinin məhz Florensiyanın “Auditorium al Duomo” Mərkəzində qoyulduğunu bildirib. Azərbaycanın zəngin mədəni irsi, son illərdə Bakıda və ölkənin digər bölgələrində həyata keçirilən nadir memarlıq nümunələrindən bəhs edən natiq keçirilən tədbirin Azərbaycan memarlıq irsinin İtaliya ictimaiyyətinə nümayiş etdirilməsi üçün əlavə bir vasitə olduğunu deyib. Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək, Azərbaycanın zəngin mədəniyyəti, tarixi ənənələri, multikulturalizm modeli, sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən önəmli iqtisadi, infrastruktur və memarlıq layihələri, o cümlədən, mədəni irsin qorunması sahəsində əldə edilmiş uğurlar haqqında məlumat verib.

Tədbirin əhəmiyyətindən danışan M.Əhmədzadə, sərgidə nümayiş etdirilən məlumat lövhələrinin Azərbaycanda həyata keçirilən layihələrlə bağlı ilkin təsəvvür yaratdığını deyib, həmin layihələrlə canlı tanış olmaq üçün tədbir iştirakçılarını Azərbaycana dəvət edib.

AzMİU rektoru Gülçöhrə Məmmədova isə Universitetlə Romualdo Del Bianko Fondu arasında əməkdaşlığın tarixindən danışıb, istər Bakıda, istərsə də Florensiyada birgə çoxsaylı tədbirlər təşkil edildiyini bildirib, səmərəli əməkdaşlığa görə Fondun prezidenti Paolo Del Biankoya təşəkkür edib.

Rektor G.Məmmədova Azərbaycanda son illərdə memarlığın yüksək inkişaf dövrü yaşadığını qeyd edib, tədbirdə təqdim edilən layihələrin bunun göstəricisi olduğunu deyib.

Tədbirin sonunda AzMİU-nun beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərhad Əliyev Bakının müasir memarlıq nümunələri haqqında geniş təqdimatla çıxış edib, hər bir layihənin konsepsiyası, texniki tərəfləri və Bakının sosial, iqtisadi və mədəni həyatındakı rolu barədə danışıb.

Tədbirdə Azərbaycanın müasir memarlıq nümunələri ilə bağlı sərgi nümayiş etdirilib.

Ceyhun ABASOV

 





22.12.2016    çap et  çap et