525.Az

"Qlobal istiləşmə" macərası


 

"Qlobal istiləşmə" macərası<b style="color:red"></b>

Alimlər bəşəriyyəti dəhşətli proqnozlarla qorxudur.

Atmosferə buraxılan zərərli tullantılar Arktika buzlarının tədricən əriməsinə şərait yaradırlar. Meqatonlarla ölçülən su kütləsi dünya okeanının səviyyəsini qaldıracaq və bununla da, əksər ölkələr su altında qalacaq. Venesiya, Nyu-York, Sankt-Peterburq və London yer üzündən silinəcək. Parnik effekti bütün dünyanı bürüyəndə gözlənilməz istilər həyatımızı dözülməz hala gətirəcək. Qlobal istiləşmə dünyanın yeni təhlükəsidir, onunla mübarizəyə nəhəng ölkələrin liderləri külli-miqdarda vəsait xərcləyirlər. Hərçənd, burda nəsə qəribəlik var - bizi dözülməz istilərlə qorxudurlar, amma yazın ortasında pəncərəmizdən çöldə dekabr şaxtasının müşayiətilə qar yağır.

Bir neçə il qabaq alimlər ümumi qəbul olunmuş "qlobal istiləşmə nəzəriyyəsində nəsə qaydasında deyil" mövzusuyla bağlı narahatçılıq keçirməyə başladılar. Səbəbi sadə idi – çöldəki hava. O, heç cürə elmi nəzəriyyə ilə düz gəlmirdi, çünki istiləşmə əvəzinə soyuqlaşma müşahidə edilirdi. Keçən ilin iyulunda Peruda temperatur sıfırın altına düşdü. Müasir sivilizasiya tarixində ilk dəfə bu ekzotik ölkəyə qar yağdı, "yay" şaxtaları mənfi iyirmi dərəcəni keçdi, ölkədə çaşqınlıq yarandı. Astek övladları ağladılar, heç vaxt qartəmizləyən maşın görməyən Montesuma qızlarının yaşı gözlərində dondu. Hələ bu azmış kimi, rus qışı ABŞ-ın 13 ştatında cövlan edir. İncə tropik palmalar şaxtadan titrəyir, soyuq boranlar günəşli Texasın pambıq tarlalarını qovurur. İndi Tom dayının plastik daxmasında da soyuqdur. Afrikanın şimalında daha kokos yetişmir, çünki bu cənub qitəsinin bir küncü qar altındadır. Və budur, nəhayət ki, bəzi sağlamfikirli vətəndaşlar dedi: "Cənab alimlər, pəncərədən çölə baxın! Planet söz verdiyiniz qlobal istiləşmə əvəzinə əsl buz dövrü yaşayır". Həmişəki kimi, aydınlanma qəfildən baş verdi. 2009-cu ilin 17 noyabr tarixində Şərqi İngiltərə Universitetindən olan klimatoloqların saytını nəyəsə görə dağıdan hakerlər gördüklərinə inanmadılar. Bağlı forumların birində rast gəldikləri yazışma sonradan böyük qalmaqala səbəb oldu. Planet səviyyəsində iqlimləri öyrənən alimlərin gizli yazışmasından çıxarış belə idi: "Düşdüyünü gizlətmək üçün elə indicə hər sıraya bir neçə dərəcə temperatur əlavə etdim".

Belə çıxır ki, iqlimin dəyişdiyini gizlətmək üçün alimlər məlumatları qəsdən azdırırlar.

"Qlobal istiləşmə" kəlməsini ilk dəfə amerikalı gənc alim Uolles Broker "Science" jurnalında çap olunan məqaləsində işlədib. Əgər onu Amerikanın gələcək vitse-prezidenti Albert Qor dəstəkləməsəydi, gənc alimin bu ideyası elə jurnalın səhifələrində itib-batacaqdı. Qor bu nəzəriyyəni o qədər coşquyla müdafiə etdi ki, cəmi bir neçə il sonra qlobal istiləşmə haqda bütün dünya xəbər tutdu. Hətta, Albert Qor İqlim Dəyişikliyi üzrə Dövlətlərarasi Ekspertlər Qrupunun üzvlərilə birgə 2007-ci ildə planeti müdafiəyə görə Nobel mükafatına layiq görüldü.

Nəyə görə Albert Qor bütün bu illər ərzində dünyanı qlobal istiləşmə ilə qorxudur? Bu nədir? Alimlərə aldanan biznesmenin səmimi azması? Yoxsa ayıqbaşlı qənaət? Axı, Qorun həmişə siyasətçi deyil, uğurlu biznesmen olmasını unuda bilmərik. Qlobal istiləşmədən söz düşən kimi "Kleiner Perkins" korporasiyası dərhal zavodlarda tüstünün təmizlənməsi filterləri və günəş batareyalarından əla gəlir götürməyə başladı. Qəribə təsadüf olsa da, həmin vaxtı korporasiyanin baş direktoru Albert Qor idi.

Bu gün bəşəriyyət qlobal istiləşmə nəzəriyyəsini asta-asta çeynəyərək həzm edib. Artıq dünyanın xilasına görə Nobel mükafatı və Qiyamət haqda istedadlı propaqandaya görə Oskar heykəlciyinin üstünü bir küncdə toz basıb. Oyun bitdi. Hamıya təşəkkürlər!

İqor Propekenko
"Hərbi sirr" verilişinin müəllifi və aparıcısı
Tərcümə: Səbuhi ŞAHMURSOY

 





24.12.2016    çap et  çap et