525.Az

Dəniz hələ görünmür...


 

və ya qıpçaq çöllərinə lirik bir səyahət

Dəniz hələ görünmür...<b style="color:red"></b>

Elxan Zal Qaraxanlı

Hər əhvalatın bir lirik çaları olur. Biz də iki yazıçı dost, Yunus Oğuz və mən Yer səthindən 10000 metr yüksəklikdə, Bakı –Almatı təyyarəsində lirik əhval-ruhiyyədə dünyanın gələnindən –gedənindən danışa-danışa yol gedirik. Almataya Qazaxıstanın Prezident Fondu tərəfindən Mahmud Kaşqari adına Beynəlxalq Fondun rəhbərləri kimi Novruz qutlamalarına dəvət olunmuşduq.  Qazaxıstanın Prezident Fondu ilə  bizi yaxşı münasibətlər bağlayır və Fondun rəhbəri Dariqa xanım Nazarbayevaya böyük hörmətimiz var. Dariqa xanım qazax və ümumtürk mədəniyyətinin inkişafında ciddi rol oynayan önəmli bir insandır.        Siyasi –ictimai bir xadim olmaqla yanaşı Dariqa xanım gözəl bir müğənnidir və belə yaradıcı insanlarla görüşmək, bir məclisə toparlanmaq mənə həmişə zövq verir. Yəqin ki, böyük Kaşqarinin işığıdır bizi bir yerə toplayan. Yalnız dahilərin işığı yığa bilər uzun illər bir-birindən tərək düşmüş türkləri. İndi Yunusla mən bir dahinin, yəni Kaşqarlı Mahmudun  adıyla ənənəvi türk axınlarının əks istiqamətində, Qərbdən Şərqə fəth duyğusunda hərəkət edirik. Neynəyək, fatehlik duyğusu bizim qanımızdadır. Amma fateh babalarımızdan fərqli olaraq, biz torpaqların yox, könüllərin fəthinə yollanırıq. Kaşqari Fondunun məqsədi türklərin könül məbədini dirçəltməkdir. Biz də Yunus Oğuzla bu dirçəltmənin yollarını müzakirə edirik 10000 metr yüksəklikdə; təyyarə bizim üçün bir növ səma məbədidi. Könüllərin sonuncu dənizinə doğru yol gedirik bu məbəddə. Birdən Yunusa şeir gəlir-“Dəniz hələ görünmür”. Özü də mənim, Elxan Zalın  yanında, üstəlik 10000 yüksəklikdə. Biz onu adətən tarixi romanlar və elmi əsərlər müəllifi kimi tanıyırıq. Amma o, şeirlərini çap etdirməsə də, onları hərdən dost məclislərində oxuyur. İndi təyyarədə dediyi misra məni tutur, gözəldi şübhəsiz. Bu gözəlliyi yalnız könüllərin sonuncu dənizini arayanlar bilər. Dəşti-Qıpçaq çöllərinin üzərində dəniz aramaq duyğusu zövq verir mənə. Damarlarımda axan qıpçaq qanı bu çöllərin üzərində oğuz ağzında coşmağa başlayır. Mən bu çölləri sevirəm. Onlar mənə həmişə doğma olub. Mənim üçün Tovuz, Qazax çölləri də, Qazaxıstan çölləri də eynidi. Dəniz hələ görünməsə də, “salam olsun, qıpçaq çölü” deyirəm.

...

Almatı aeroportunda bizi Kazibek Şaxanov qarşılayır. Kazibek mənim tanıdığım ən intellektli adamlardan biridir, Mahmud Kaşqari adına Beynəlxaq  Fondun vitse-prezidenti və bu Fondun Qazaxıstan, Mərkəzi Asiya üzrə nümayəndəsidir.  Gözəl əsərlər yazmaqla bərabər həm də uğurlu biznesmendir. Qazaxıstanın ən elitar dairələri onun dizayn şirkətinin müştəriləri sırasındadır. Təyyarədən yenicə düşmüşük və biz otelə yollanmaq istəyirik, amma Kazibekin sürəkli təkidindən sonra, onun atası, məşhur qazax yazıçısı Berik Şaxanovun evinə yollanırıq. Qazax adətinə görə hörmətli qonaqlar bayram zamanı ilkin olaraq evdə qarşılanmalı, tör başında oturmalıdırlar. Tör türk çadırında xususi, mötəbər  bir yerdir. Min illər öncə müdriklər tör başında oturaraq, ilahi mənşəli türk törəsini yaradıblar. Məncə törə sözü də elə buradan yaranıb. İndi Almatıda heç kim çadırda yaşamasa da, adətlər yaşayır  və biz hamımız ənənənin quluyuq. Arabaya oturub Novruz süfrəsinə yollanırıq.

Şaxanovlar ailəsi bizi hamılıqla qarşılayır – Berik ağanın həyat yoldaşı Darican xanım, qızı Karlıqaş, kürəkənləri Murad və Serik. Digər qızı Saule Londona, oğlunun yanına gedib.  Köhnə dostlarla məmnunluqla görüşürəm.  Almatıda sonuncu dəfə bu ailə ilə Prezident Fondunda görüşmüşdüm. Onda Dariqa xanım Nazarbayevanın təklifi ilə “Qazaxıstan yolu” kitabının Bakı nəşrinin təqdimatı keçirilirdi və Şaxanovlar ailəsi Mahmud Kaşqari Fondunun Hamilər Şurasının üzvləri kimi hamılıqla orada iştirak edirdi. Bundan sonra Berik Şaxanovun Bakıda Azərbaycan dilində nəşr olunan kitabının təqdimatı keçirilmişdi, amma burada bütün ailə iştirak etmirdi. İndi təpədən dırnağa qədər türk olan bu ziyalı və kübar ailəni görmək mənə çox xoş idi. Mən onlar barədə Yunusa çox danışmışdım, amma Yunus onlarla hələ tanış deyildi. Bakıdakı təqdimat zamanı Yunus Moskvadaydı, orada “Əmir Teymur” kitabının rus nəşrinin təqdimatı keçirilirdi. Amma Darican xanım Yunusu o dəqiqə tanıdı. Məlum oldu ki, “Əmir Teymur” əsərini oxuyub. Kitabı Bakıda ona yazıçı dostumuz Elçin Hüseynbəyli bağışlayıb. Nə isə... Almatıda Novruz qutlamalarına Berik Şaxanovun evindən başladıq. Görüşümüz  bayram süfrəsindən daha çox elmi simpoziuma bənzəyirdi. Çox şey müzakirə olunurdu- xalqlarımızın keçmişi, bu günü, tarix, ədəbiyyat, siyasət...Karlıqaş xanım tarix və ədəbiyyat sahəsində bilgilərini nümayiş etdirirdi və bizi heyran qoyurdu. Karlıqaş xanım metallurgiya zavodunun sahibidir və onun bu dərəcədə mütaliəli olması çox maraqlı idi. Sevirəm intellektli iş adamlarını, amma belələrini az görmüşəm. Qarlıqaş xanım intellektualdır, adının mənası isə “qaranquş” deməkdir. Çox işlərdə həqiqətən qaranquşdur, mühitə bahar əhvalını gətirməyi çox gözəl bacarır. Olsun ki, burada genetik xüsusiyyətlər də rol oynayır. Qazaxıstanda genetik xüsusiyyətlərə xüsusi önəm verilir. Şaxanovların ailə şəcərəsi sonuncu qazax xanı Abulay xana bağlanır, yəni böyük Çingiz xanın törəmələridir. Azərbaycandan fərqli olaraq, qazax cəmiyyətində şəcərə məsələlərinə çox fikir verirlər və insanlar şəcərələrinin adına layiq hərəkət etməyə çalışırlar. Digər insanlar da onlara böyük ehtiram göstərirlər. Bizdə münasibətlər əsasən yerliçilik üstündə qurulub. Qazaxıstanda isə bu fərqlidir. Burada cəmiyyət üç jüzə bölünüb. Jüz,  yüz sözündəndir və böyük tayfalar birliyini ifadə edir. Şaxanovlar ailəsi bütün qazax xanlarının çıxdığı kiçik jüzdəndir. Bu gün bu jüzün ən böyük nümayəndəsi Çingiz xan nəslinin əsas nümayəndəsi hesab olunan Şota Valixanovdur. Sonradan biz Şota ağa ilə tanış olduq. Daha doğrusu Yunus. Mən öncədən onunla tanış idim. Şota Valixanov Qazaxıstanın məşhur memarıdır və çoxsaylı monumental layihələrin müəllifidir. Ətrafındakı insanlar ona əsl xan münasibəti göstərirlər, Çingiz şəcərəsinin davamçısı hesab edirlər.  Elə o da özünü şəcərəsinə adekvat aparır. Hiss edirsən ki, önündə ki, əsl Çingizidir. Onun babası böyük torpaqlar fəth edib, biz isə könüllər fatehiyik və fəth duyğusuna böyük ehtiramımız var. Bu bayram süfrəsinin arxasında Abılay xanın nəslindən olan qazax ziyalıları ilə birgə bayram nemətlərindən tamsına-tamsına türklüyün könül məbədinin dirçəldilməsi yollarını müzakirə edirik. Bu məclis bir növ Qaraxani və Çingizi ittifaqının  gənəş meydanıdır,  XXI əsrdə müqəddəs Ulutau dağlarının ətəyində bizim simamızda dirçəlməyə başlayır. Söhbət zamanı məlum olur ki, Yunus Oğuzun babaları da Çingiz ulusunun bəylərindən olub. Mən həmişə inanmışam ki, tarix təkrar olur, ayrı formada, ayrı məzmunda, ayrı adlar altında, amma mahiyyət dəyişmir. Babalarımız böyük imperiyalar qurub, biz də könül imperiyası, türklüyün mənəvi məbədini qurmaq istəyirik. Mən inanıram ki, Mahmud Kaşqari Fondu gec-tez belə bir məbəd olacaq. Yunus da buna inanır, elə burda oturan insanlar da. Unudulmuş, lakin genlərdə yaşayan türk törəsi XXI əsrdə yenidən cücərəcək, biz bunun potensialını artıq hiss edirik. Kaşqari Fondu da bu amalın gerçəkləşməsi üçün yaradılıb. Bu Fondda Anar və Nizami Cəfərov kimi böyük düha sahiblərinin enerjisi var. Elxan Zal və Yunus Oğuzun enerjisi var. Biz bu enerjini faydalı iş əmsalına çevirməyi bacaracağıq. Enerji məsələlərini Yunus elə bu məclisdə nümayiş etdirir. Darican xanım özünü pis hiss edir və Yunus əlini onun əlinin üstünə qoyur- indi yaxşı olacaqsınız-deyir. Həqiqətən də bir az sonra Darican xanım özünü yaxşı hiss edir. Sonradan Yunus bu qabiliyyətini bir neçə dəfə nümayiş etdirdi. Sözün düzü, mən onu 1988-ci ildən tanısam da,  belə qabiliyyətini bilmirdim. Özüm isə belə praktikanı çoxdan dayandırmışam. Enerjimi daha çox yaradıcılığa yönəldirəm. Ən əsası odur ki, bizim ətrafımızda belə bir enerji var və biz onu uğura kökləmək əzmindəyik.  Qalanı Tanrının işidir, Tanrı ona doğru gedənləri sevir. Bu gün biz, qazax və Azərbaycan türkləri Tanrı dağlarının ətəyində Tanrıya doğru gedən yolları arayırıq. Mən bu dağların kəramətini bilirəm. Dağlara səfərimiz zamanı mənim qəfil qan təzyiqim qalxmışdı və biz dağlara qalxırdıq. Medeoya yenicə çatmışdıq ki, halım pisləşdi. Dedilər qayıdaq, amma mən Yunusun səyahətini pozmaq istəmədim. Sadəcə əllərimi göyə qaldırdım və Tanrıdağın enerjisini istədim. Və oldu. Hər şey bir anda keçdi. Səyahətimiz də gözəl alındı. Ulutau Tanrıdağ silsiləsinin bir hissəsidir, çinlilər bu dağlara Tyan-Şan deyir. Tanrıdağ türklərin ən müqəddəs dağıdır, onun ən müqəddəs zirvəsi isə Xan Tenqri hesab olunur. Bu gün Azərbaycanda Savalan, Babadağ kimi yerlərə olan inanc duyğusu Tanrıdağ kultu ilə bağlıdır. Dediyim kimi, Tanrıdağ silsiləsində ən üca dağ Xan Tenqridir, təəssüf ki, biz hələ orada olammamışıq. Amma olacağıq, inşallah. İndi isə hələ Ulutaunun ətəklərində Novruzu qutlayırıq. Qazaxlar bu bayrama Nauruz deyir. Bu bayram Türkiyə türkləri istisna olmaqla, bütün türk xalqları tərəfindən geniş qeyd olunur. Qazaxların Novruz mərasimləri bizimkindən bir qədər fərqlənsə də, mahiyyət eynidir. Hər xalq bayram mərasimlərinə öz spesifik çalarlarını vurub ...

...Məclis get-gedə qızışır, Berik Şaxanov Bakını xatırlayır. Azərbaycandan böyük sevgi ilə danışır. Xüsusən böyük yazıçı Anarla görüşündən tarixi bir an kimi danışır. Deyir ki, xoşbəxt adamlarsınız, belə böyük bir şəxsiyyətlə hər gün təmasda olursunuz. Mən dəfələrlə şahidi olmuşam ki, Qazaxıstanda Anarı çox sevirlər. Xüsusən də Şaxanovlar ailəsində. Onlar deyir ki, biz Azərbaycanı Anarın əsərlərindən tanımışıq. Mən bunu Bakıda Kazibeklə İçərişəhəri gəzəndə hiss etdim. Son illərdə Bakı çox dəyişsə də, İçərişəhər əsasən Anarın əsərlərində olduğu kimi qalıb. Kazibek bir çox binaları, dalanları ilk dəfə görsə də, tanıdı. Bunları “Gürcü familiyası”ndan tanıyıram-dedi. Deyirəm nə yaxşı, Anarın, Elçin Əfəndiyevin əsərləri var, yoxsa biz köhnə Bakını necə xatırlayacaqdıq. ....

Biz Elçin Hüseynbəylini, Rəşad Məcidi xatırlayırıq. Telefonla təmas qururuq, məclisdəkilər onlarla da  bayramlaşır. Elçin Hüseynbəylini də buralarda yaxşı tanıyırlar və Şaxanovlar ailəsi  onun rus dilində çıxan bütün əsərlərini oxuyub.

Amma onu da deyim ki, Qazaxıstanda azərbaycanlıları yalnız kitablardan tanımırlar. Burada böyük Azərbaycan diasporu yaşayır. Rəsmi məlumatlara görə hal-hazırda Qazaxıstanda yüz min, qeyri-rəsmi məlumatlara görə üç yüz min azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, kiçik, orta biznes və digər sahələrdə çalışırlar.

Qazaxıstan azərbaycanlıları Qazaxıstanın bütün ərazisində məskunlaşıblar. Qazaxıstanda yaşayan soydaşlarımızın əksəriyyəti XX əsrin 30-cu illərinin siyasi repressiya dövründə bura məcburi köçürülənlər və onların övladlarıdır. Onların içərisində dövlət və hökumət strukturlarında, icra və seçkili orqanlarda təmsil olunanlar, özəl sektora rəhbərlik edənlər də az deyil. Eyni zamanda onlar Qazaxıstan Respublikasının ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlət orqanlarında təmsil olunurlar. Bununla yanaşı, həmvətənlərimiz Qazaxıstan Respublikasında özlərinin bir neçə milli-mədəniyyət təşkilatlarını yaradıblar.  Almatıda “Turan”, Qazaxıstan Azərbaycanlıları Assosiasiyası, Aktyubinsk vilayətində “Dostluq”, Cambul vilayətində “Azəri”, Qərbi-Qazaxıstan vilayətində “Birlik”, Qaraqanda vilayətində “Namus”, Kustanay vilayətində “Heydər”, Pavlodar vilayətində “Vətən” və s. Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu cəmiyyətlər eyni zamanda Qazaxıstan prezidenti cənab Nursultan Nazarbayevin başçılıq etdiyi “Qazaxıstan Xalqları Assambleyası”nın üzvləridir. Paytaxt Astanada  “Xəzər” Milli-mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu təşkilatların ən fəalı və ən nüfuzlusu isə Almatıda fəaliyyət göstərən Qazaxıstan Azərbaycanlıları Assosiasiyasıdır. Quruma tanınmış iş adamı Əbülfəz Xamidov rəhbərlik edir. Əbülfəz  müəllimin ata-babaları keçən əsrin 1932-1937-ci illərində Azərbaycandan Qazaxıstana sürgün olunub. 1962-ci ildə Cənubi Qazaxıstan vilayətinin Maxtaral rayonunda dünyaya göz açan Əbülfəz Müslüm oğlu hazırda ölkənin 20 ən güclü və investisiya qabiliyyətinə malik sahibkarlarından hesab olunur. Ötən ilin sonlarında Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin sədri, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü, texnika elmləri namizədi Əbülfəz Müslüm oğlu bu ölkənin ən ali mükafatı sayılan “KÜRMET” ordeni ilə təltif olunub. O, Qazaxıstanın müstəqillik tarixində ölkənin ən yüksək Fəxri mükafatına layiq görülən ilk azərbaycanlıdır. İki gün öncə o, azərbaycanlılar adından Almatıda Novruz qutlamaları təşkil edib. Berik ağa bu tədbirdən ağızdolu danışır. Mən Əbülfəz müəllimə zəng edib Yunus Oğuzla Almatıda olduğumuzu söyləyirəm. O, çox sevinir və mənim qonağımsınız deyir. Qrafikimizin çox sıx olduğunu bildirirəm. İmkan olsa hökmən görüşəcəyimizi deyirəm. Biz onunla Qazaxıstanın Prezident Fondunda tanış olmuşuq.

  (ardı var)

 





08.04.2013    çap et  çap et