525.Az

Naftalanın içməli su və kanalizasiya sistemi yenidən qurulub - Fotolar


 

ETİBAR MƏMMƏDOV: “HAZIRDA ŞƏHƏRƏ SANİYƏDƏ 54 LİTR SU VERİLİR Kİ, BU DA İSTEHLAKÇILARIN TƏLƏBATINI TAM ÖDƏYİR”

Naftalanın içməli su və kanalizasiya sistemi yenidən qurulub - <b style="color:red">Fotolar</b>

Respublikamızın mühüm turizm bölgələrindən sayılan, dünya əhəmiyyətli, unikal müalicəvi kurort və sanatoriyaların yerləşdiyi Naftalan şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası başa çatıb.
 
“Azərsu” ASC-nin mətbuat xidmətindən “525”ə verilən məlumata görə, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində şəhərin su-kanalizasiya infrastrukturu tamamilə yenidən qurulub, Naftalan Sukanal İdarəsi üçün yeni tikilən müasir tipli inzibati bina istifadəyə verilib.

Dekabrın 21-də Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin, “Azərsu” ASC-nin və Naftalan şəhər İcra Hakimiyyəti rəhbərliyinin, həmçinin şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Naftalan Sukanal İdarəsinin yeni inzibati binasının açılışı olub. Açılış mərasimində Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov son illər şəhərdə aparılan abadlıq quruculuq işlərindən danışmış, içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulmasını şəhərin sosial-iqtisadi inkişafı, turizm potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi qeyd edib ki, kurort şəhəri sayılan Naftalanda içməli su və kanalizasiya sistemlərinin tamamilə yenidən qurulması sevindirici haldır və Yaponiya hökuməti bundan sonra da Azərbaycanda su və kanalizasiya layihələrinin icrasına dəstək verəcəkdir.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə genişmiqyaslı içməli su və kanalizasiya layihələrinin icra edildiyini bildirib. “Bu layihələr sırasında kurort şəhəri sayılan Naftalanda su və kanalizasiya infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulması mühüm əhəmiyyət daşıyır. 2030-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan layihədən Naftalan şəhərində 9800 nəfər, Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərinə 3200 nəfər olmaqla, ümumilikdə 13 min sakinin faydalanması nəzərdə tutulub. Artıq Naftalan şəhəri və Qasımbəyli kəndinin sakinləri yeni mənbənin keyfiyyətli suyundan istifadə edir. Dayanıqlı su təchizatının aparılması üçün Goranboy şəhərini içməli su ilə təmin edən Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 6,4 km uzunluğunda magistral su xətti çəkilib, hər birinin həcmi 3000 kubmetr olan 2 ədəd anbar tikilib. 2013-cü ilin sentyabrın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Naftalan şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib. Hazırda şəhərə saniyədə 54 litr su verilir ki, bu da istehlakçıların tələbatını tam ödəyir”.

Tədbir iştirakçıları inzibati binaya baxış keçirib, burada yaradılan şəraitlə tanış olublar. Qonaqlara məlumat verilib ki, Naftalan Sukanal İdarəsi üçün 1600 kvadratmetr ərazidə tikilən  yeni inzibati binanın ümumi sahəsi 484 kvadratmetrdir. İkimərtəbəli binada ulu öndər Heydər Əliyevin büstü qoyulub, müasir tələbələrə cavab verən iş otaqları, laboratoriya, zəng mərkəzi, iclas zalı, digər xidməti və yardımçı otaqlar yerləşir. İdarəyə müraciət edən vətəndaşların qəbulu üçün lazımi şərait yaradılıb.

Tədbirdən sonra Yaponiyanın ölkəmizdəki səfiri və qonaqlar Naftalan şəhərindəki müalicəvi kurort müəssisələri ilə tanış olublar.

 





25.12.2016    çap et  çap et