525.Az

Fotomüxbir Rüstəm İsmayılovun fərdi fotosərgisi açıldı


 

Fotomüxbir Rüstəm İsmayılovun fərdi fotosərgisi açıldı<b style="color:red"></b>

Dekabrın 24-də Xətai Sənət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun layihəsi çərçivəsində fotomüxbir Rüstəm İsmayılovun yaradıcılığına həsr edilmiş fərdi sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, layihə rəhbəri Şəbnəm İsmayılova R.İsmayılovun Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr etdiyi sərgisini bu günlərdə Norveçdə keçirilmiş fərdi sərgisinin davamı adlandırıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva R.İsmayılovun yaradıcılığından söhbət açıb. Natiq bildirib ki, sərgidə R.İsmayılovun jurnalistlik fəaliyyətini əks etdirən, mədəniyyətin bütün sahələrinə aid fotoları yer alıb. Q.Paşayeva R.İsmayılovun fəal fotoqraf kimi müsbət keyfiyyətlərini və əməksevərliyini xüsusi qeyd edib, ona yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gənclər Fondunun vitse-prezidenti Salman Əliyev, AZPRESS.AZ informasiya agentliyinin rəhbəri Rasim Sadıxov, şair-publisist Zərəngiz Dəmirçi Qayalı, R.İsmayılovun atası Fərman İsmayılov, "Dirçəliş" İctimai Birliyinin sədri İslam Baxşəliyev və başqaları çıxış edərək bildiriblər ki, bu ekspozisiya R.İsmayılovun başqa bir yaradıcı keyfiyyətini üzə çıxarıb. Onun sərgisində olan fotoların əksəriyyəti "Bakı-2015" Avropa Oyunlarına həsr olunub ki, bu da ölkə Prezidenti İlham Əliyevin idmana və gənclərə göstərdiyi xüsusi qayğının təzahürüdür.

Bildirilib ki, fərdi sərgisində R.İsmayılovun ən çox üstünlük verdiyi mövzu müasir Azərbaycanın idmanı və mədəniyyətidir. Festivallar, bayram şənlikləri, konsertlər, opera və balet, teatr tamaşaları, rəsm, foto, karikatura sərgiləri, idman yarışları, çempionatlar, ictimai-siyasi əhəmiyyət daşıyan tədbirlərdən çəkilmiş fotolar sanki böyük bir mədəniyyətin təbliğinə həsr olunub.

Ekspozisiyadakı fotolarda R.İsmayılov şəhərimizin hər bir sakininə tanış olan guşələrlə bizi yenidən "tanış edir" və təəccübləndirir. "Filarmoniya bağı", "Mirvari" kafesinin dənizdən görünüşü, "Fəvvarələr meydanı"nın iri şarlar üzərində əksi, şəhərin yuxarı hissəsinin panoramı tamaşaçını valeh edir. Çoxfiqurlu janra aid olan "Bakının göyərçinləri", "Ay işığında", "Diskussiya", "Dəcəllər meydanı", "Tanışlıq", "Rəssam Adil Ələkbərovu xatırlayarkən" kompozisiyaları, Rüstəmin portret janrında çəkdiyi "Gənc skripkaçı" və "Türkmən gözəli" kompozisiyaları sərgiyə xüsusi yaraşıq verib. Rüstəm İsmayılovun teatr və balet tamaşalarından çəkdiyi kadrlar bəzən rəngkarlıq əsərlərini xatırladır. "Şəhrizad", "Əlibaba və qırx quldur", "Ələddinin sehrli çırağı", "Şeyx Sənan" tamaşalarından çəkilmiş kadrları seyr edərkən bu kompozisiyaların fotokamera ilə lentə alındığına inana bilmirsən.

Tədbirdə R.İsmayılova AZPRESS.AZ informasiya agentliyinin fəxri diplomu təqdim olunub.

Sonda R.İsmayılov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 





27.12.2016    çap et  çap et