"Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı versiyaların sayı getdikcə artır. Həm Rusiyanın, həm də Türkiyənın siyasi ekspertlərinin və siyasətçilərinin rəylərində üst-üstə düşən başlıca məqam ondan ibarətdir ki, terroru planlaşdıranların məqsədi Türkiyə-Rusiya münasibətlərini yenidən gərginləşdirmək idi".
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Türkiyə-Rusiya münasibətlərinin yenidən gərginləşməsində maraqlı olan dövlət və güclər bəllidir: "ABŞ, Fətullah Gülən, PKK, YPG, PYD, DAİŞ. Buna görə də "Rusiya səfirinin qətli kimlərin maraqlarına uyğun idi" sualı aktuallığını itirmir, "maraqlı tərəf" axtarışı davam edir".
Mərkəz sədri hesab edir ki, diqqət yenə də Fətullah Gülənin üzərində cəmləşib: "Türkiyə prezident Rəcəb Təyyib Ərdoğan səfiri öldürən polisin məhz Gülən şəbəkəsinə aid olduğunu bildirib. Belə olan halda ABŞ-la bağlı müəyyən şübhələr səsləndirilir. Çünki Güləni mühafizə edən Amerikadır. Ancaq ABŞ-dakı dairələrin bu qətllə əlaqəli olması versiyası inandırıcı deyil. Səfirin öldürülməsi təyyarə olayında olduğu kimi Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir etmədi, tam əksinə Ankara Suriya məsələsində Moskva ilə anlaşdı. Rusiya da səfirinin qətlinə soyuqqanlı yanaşdı, Türkiyəni ittiham etmədi. Çünki hazırkı geosiyasi vəziyyətdə Moskva Ankaranı yanında görmək istəyir. Qətldən bir gün sonra Moskvada Türkiyənin xarici işlər və müdafiə naziri ilə çox konstruktiv dialoq aparıldı. Rusiya-Türkiyə yaxınlaşması Vaşinqtonun maraqlarına cavab vermir. Ona görə də səfirin qətlindən sonra bu yaxınlaşmanın daha da güclənəcəyini Amerikadakı mərkəzlər proqnozlaşdıra bilərdilər. Bu baxımdan da ABŞ-dakı mərkəzlər Rusiya səfirinin qətlində maraqlı ola bilməzdilər".
Türkiyənin müxtəlif təhlükələrlə üz-üzə olduğunu deyən politoloq bildirib ki, PKK, YPG, PYD,DAİŞ, Gülən şəbəkəsi - bunların hamısı Türkiyəni hədəf alıb: "Ona görə də Türkiyəyə çətindir və hər gün bu ölkədə partlayış və terror aksiyası baş verir, üstəgəl Türkiyə ordusu Suriya ərazisində terrorçularla şiddətli döyüşlərdə iştirak edir. Rusiyanın özü də Suriyaya hərbi müdaxilədən sonra beynəlxalq terrorçuların hədəfi halına gəlib. Son aylarda Moskva və Sankt-Peterburqda Mərkəzi Asiya mənşəli bir neçə qrup terrorçu zərərsizləşdirildi ki, DAİŞ-ə itaət edən bu qüvvələr Rusiyanın böyük şəhərlərində terror planlaşdırırdılar.
Rusiya səfirinin qətlindən sonra DAİŞ bir neçə ölkədə, o cümlədən, Rusiyanın Azərbaycandakı səfirliyini hədəf aldığını açıqladı. DAİŞ-in bu "tapşırığı" yerinə yetirmək üçün Bakıya xüsusi dəstə və şəxs göndərməsi problematikdir. Ancaq DAİŞ-in nəsə etmək üçün harasa terrorçu göndərməsi də vacib deyil. Həmin dövlətlərdə verilən tapşırğı yerinə yetirməyi arzulayan şəxs və ya şəxslər də tapıla bilər. Fransa və Almaniyadakı baş verən son terror aksiyaları da bundan xəbər verir. Bir sıra hallarda terror aksiyalarını planlaşdıran şəxs və şəxslər nə Suriya və İraqda olub, nə DAİŞ-lə birbaşa əlaqəsi var, təşkilata olan rəğbət hissi və "yuxarıdan verilmiş əmr" onu və ya onları cinayətə sürükləyir. Belələrinin bu haqda düşünməyə başlamaları belə qorxunc terror planının hərəkətə gətirilməsi deməkdir. DAİŞ də məhz uzaq məsafələrdə beyinlərdə cızılan planlara arxayındır. Bunu biz də nəzərə almalıyıq".
E.Şahinoğlu qeyd edib ki, Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirmək və mümkün təhlükənin haradan gələ biləcəyini müəyyənləşdirmək lazımdır: "Eyni zamanda, əhalinin diqqətli olmalı, vətəndaşlar şübhə doğuran hallar haqqında dərhal hüquq mühafizə orqanlarına məlumat verməlidirlər. Bundan əlavə keçmiş illərdə Azərbaycan vətəndaşlarının Suriya və İraqda savaşa yollanması səbəbləri diqqətlə araşdırmalıdır. Müxtəlif ölkələrdə fərqli qruplar var ki, onlar dünyəvi Azərbaycanın daxili və xarici siyasətindən narazıdırlar və Azərbaycanı içəridən qarışdırmaq üçün istənilən plan tərtib edə bilərlər. Məsələn, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri bir çox radikal islamçı qrupun və onların dəstəkçilərinin xoşuna gəlmədi. Ona görə də mümkün narazı qrupların Azərbaycana müdaxilə imkanlarını neytrallaşdırması məsələsi aktuallaşır".
Moskvada Suriya problemi ilə bağlı Türkiyə-Rusiya-İran formatında keçirilən xarici işlər nazirlərinin görüşünə toxunan politoloq deyib ki, Suriyada vətəndaş müharibəsi başlayanda və terrorçular da prosesə müdaxilə etdikdə Rusiya ilə İran ittifaq şəklində hərəkət edərək Bəşər Əsəd rejiminə dəstək verdilərsə, Türkiyə tamamilə fərqli mövqedən çıxış edərək ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Qətərlə ittifaqa üstünlük verib Suriya müxalifətinin yanında yer aldı: "Ancaq zaman keçdikcə Türkiyə ilə Amerika arasındakı ittifaq çökdü, Vaşinqton Suriyada silahlı kürdlərə dəstək verməklə Ankaranın maraqlarının əleyhinə çıxdı. O biri tərəfdən Vaşinqtonun Türkiyədə 15 iyul hərbi çevrilişinə cəhdi planlaşdıran Fətullah Güləni Türkiyəyə iadə etmək istəməməsi Vaşinqton-Ankara ikiliyinin üstündən xətt çəkdi. Belə bir şəraitdə Türkiyənin dövlət başçısı Rəcəb Təyyib Ərdoğan bir il öncə Rusiyanın hərbi təyyarəsinin vurulmasına görə rusiyalı həmkarı Vladimir Putindən üzr istəməklə xarici siyasət prioritetini dəyişdi. Amerikadan fərqli olaraq Rusiya Suriyadakı silahlı kürdlərə dəstəkdən əl çəkdi, Türkiyə qoşunlarının Suriyanın qərb vilayətlərini nəzarətə götürməsinə gözünü yumdu, üstəgəl iki ölkə arasında dondurulan bütün layihələr yenidən işə düşdü. Moskva bununla kifayətlənməyərək Ankaranı daha çox Vaşinqtondan uzaqlaşdırmağa nail oldu. Rusiyanın xarici işlər naziri Sergey Lavrov hətta son açıqlamalarının birində dedi ki, Suriya məsələsində amerikalı rəsmilərlə saatlarla boş vaxt keçirib nəticə əldə etməməkdənsə, Ankara ilə ortaq məxrəcə gəlmək daha asandır. Və belə də oldu. Hələb şəhərinin şərq hissəsinin boşaldılması və müxalif qüvvələrin ailələri ilə birgə şəhəri tərk etməsi Moskva ilə Ankaranın gizli razılaşmasının nəticəsi idi. Vaşinqtonun bacarmadığını Ankara bacardı və Moskva ilə tərəfdaşlığını gücləndirdi. Bunun nəticəsi olaraq Türkiyə-Rusiya-İran formatı yarandı".
E.Şahinoğlunun sözlərinə görə, Ankara Əsəd rejiminə qarşı əvvəlki sərt ritorikasından imtina etməklə Moskva və Tehranla razılaşa biləcəyinə işarə vurdu: "Üçlü ittifaqı Rusiya səfirinin Ankarada qətlə yetirməsi də pozmadı. Tam əksinə, Rusiya səfirinin qətlinin qarşısını ala bilmədiyinə görə üzərində mənəvi məsuliyyət hiss edən Ankara Moskva ilə daha sıx əməkdaşlığa məcburdur. Bu Rusiyanın da maraqlarına tam cavab verir. Məhz buna görə təyyarə olayından fərqli olaraq səfirin öldürülməsində Rusiya Türkiyəni günahlandırmadı, tam əksinə rusiyalı rəsmilər türkiyəli həmkarlarına verdikləri ilkin reaksiyaya görə minnətdar olduqlarını bildirdilər. Suriya məsələsində Amerikanın oyundankənar vəziyyətdə qalması Türkiyə-Rusiya-İran üçlüyünün maraqlarına cavab verir. Hər üç dövlət Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, hər üç dövlət bölgədə kürd dövlətinin yaradılmasını istəmir və hər üç dövlət beynəlxalq terrorçulara qarşı birgə mübazirə aparacaqlarını elan edirlər. Bundan sonra Türkiyə dəstək verdiyi Suriyanın silahlı müxalifətini Əsədlə danışıqlara təşviq etməlidir. Bunun əvəzində də Moskva və Tehran Əsədə hakimiyyətinin bir hissəsini müxalifətlə bölüşməyə məcbur etməlidir. Çünki Əsəd əvvəlkitək avtoritar üsullarla ölkəni idarə edə bilməyəcək. Əgər Türkiyə-Rusiya-İran üçlüsü Suriyada qarşılarına qoyduqları məqsədə çatarsa, bu həmin formatın güclənməsinə və başqa regional problemlərin həllində də rolunun artmasına şərait yaradacaq".
Üçlü format Azərbaycanla Ermənistanı barışdırmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində də fəallaşa bilərmi sualına isə politoloqun cavabı budur ki, üçlü format Suriya məsələsində olduğu kimi Dağlıq Qarabağ münaqişəsinin həllində də Amerika və Avropanı kənarda qoymalıdırlar: "İran çoxdan arzulayır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə uzaq ölkələr deyil, region ölkələri məşğul olsunlar. Eyni zamanda üçlü formatın işlək olması üçün Azərbaycan və Ermənistan Türkiyə-Rusiya-İran formatının Minsk Qrupunu əvəzləyəcəyini qəbul etməlidir. Onsuz da Minsk Qrupu formatı özünü doğrultmur, Amerika ilə Fransanın münaqişənin həllindəki rolu minimumdur. Ancaq yeni üçlü formatın qəbulu üçün rəsmi Bakı Tehranın, rəsmi İrəvan isə Ankaranın vasitəçi olmasına razlaşmalıdır. Məsələ burasındadır ki, rəsmi Bakı Tehranın, rəsmi İrəvan isə Ankaranın vasitəçiliyindən ehtiyat edir. Buna baxmayaraq, bu məsələdə də söz sahibi Moskva ola bilər. Kreml, həm Bakını, həm də İrəvanı yeni formatı qəbul etməyə razı sala bilər. Digər tərəfdən yeni formatın Dağlıq Qarabağ münaqişəsinin həllində ön böyük uğuru Ermənistan hakimiyyətini "mərhələli həll" planını razı salması ola bilər. Bunun qarşılığında isə Azərbaycan və Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaqlarını, regional layihələrə qoşulacaqlarını vəd edə bilərlər. Ancaq atılacaq addımlar Rusiya və İranın da regional maraqlarına cavab verməlidir ki, həm Moskva, həm də Tehran Ermənistan hakimiyyətini "mərhələli həll" planına məcbur etsinlər. Moskva və Tehranın regional maraqları təmin olunmadan hər iki dövlətin Azərbaycan torpaqlarının işğaldan azad edilməsində maraqları olmayacaq".
Ceyhun ABASOV
çap et