525.Az

Tariximizdə silinməz izləri olan şanlı nəsillər


 

Tariximizdə silinməz izləri olan şanlı nəsillər<b style="color:red"></b>

TƏHMASİBLƏR 

Ulu əcdadlarının soyadını daşıyan bu nəsil tariximizdə həmişə ehtiramla xatırlanır. Azərbaycan tarixinin çox zəngin və unikal səhifələrindən biri olan Naxçıvan tarixində Naxçıvana sədaqətləri ilə iz qoymuş nəsillərdən biri də Təhmasiblərdir. Axtarışlar zamanı aşkar olunub ki, Təhmasiblər Naxçıvanın qədim sakinləridir.

Kəngərlilərə aid sənədlərdə, xüsusilə bağlanmış  müqavilələrdə Təhmasibqulu bəyin adına bir-iki yerdə rast gəldik. XIX yüzilliyin sonlarında isə Naxçıvanın çox zəngin tacirlərindən biri olan Hacı Ələkbər oğlu Təhmasibbəyovun adı sənədlərdə çəkilir. Hacı Ələkbər bəy XX əsr Azərbaycan mədəniyyətində, teatr və kino sənəti  tarixində ən uca zirvələrdən birini tutan Rza Təhmasibin ata babasıdır. Bu haqda bir az sonra. XVIII əsrin sonlarından əsasən Naxçıvan şəhərindəki Əlixan və Zaviyyə məhəlləsində yaşayan Təhmasibbəyovlar bolşevik hökumətinin amansızcasına  təqib etdiyi nəsillərdən biri olmuşdur. Elə bunun nəticəsidir ki, indi Naxçıvanda bu familiyanın bir az dəyişdirilmiş formasında - Təhməzbəyov kimi yazılışına   rast gəlinir. Vəssalam. Amma Naxçıvanda maarif və mədəniyyətin inkişafında maddi, mənəvi köməyini əsirgəməyən Hacı Ələkbər bəyin ulu əcdadlarının soyadını daşıyan Təhmasiblər tariximizdə həmişə ehtiramla xatırlanır. Bu nəsildən hələ çar Rusiyası zamanında hərbçilər və maarifçilər də yetişmişdir.

Naxçıvanda hamının çox hörmət etdiyi Dilbər xanımın dediyinə görə, Təhmasibbəyov familiyası ulu babalarının şərəfinə  qəbul edilmişdir. Aparılan araşdırmalar bunun doğru olduğunu təsdiqləyir. Xanlıq dövrünə aid sənədlərdə onlar "Təhmasiblu" kimi qeyd edilmişlər.

Təhmasibbəyovların Naxçıvanda geniş ərazidə pambıqtəmizləmə fabrikləri də olmuşdur. Hacı Ələkbər bəyin oğlu Abbasqulu bəy 1920-ci ilədək bu fabriki idarə etmişdir. Sonralar Abbasqulu bəy də mənşəyinə görə təqib edilmişdir.

Abbasqulu bəyin həyat yoldaşı Tərxan Sultan Kəngərlinin qızı Münəvvər xanım olmuşdur. Tərxan Sultan isə məşhur hərbçi Novruz ağanın oğludur. Abbasqulu bəyin Rza, Məmmədhüseyn və Cəmilə xanım adında övladları olmuşdur. Unudulmaz alimimiz Əziz Şərifin yazdığı gündəliklərdə də Təhmasiblər haqqında, xüsusilə Abbasqulu bəyin oğlu Rza Təhmasibin təhsil illəri haqqında maraqlı məlumatlar vardır.

Rza Təhmasibin təhsil illərində familiyası sənədlərdə Təhmasibbəyov yazılmışdır. Onun varislərinin yazdığına görə, 1910-cu ildə Rza Hüseyn Cavidin məsləhətilə familiyasını "Təhmasib" kimi yazmışdır. 1920-ci ildən sonra bunu ləqəb kimi bilmişlər və onu daşımağı böyük sənətkara qadağan etməmişlər.

Rza Təhmasib haqqında, həmçinin onun qardaşı folklorşünas alim Məmmədhüseyn haqqında xeyli kitablar yazılmışdır. Biz yalnız onların həyatlarından bəzi məqamlara nəzər salmaq istərdik. Onlar Təhmasibbəyovlardan olduqları üçün həyatda böyük haqsızlıqlarla üzləşmişlər.

Rza Təhmasib kimi böyük sənətkar çox vaxt işsiz qalmış, olduqca zəngin şəxsi arxivini yandırıb ki, balalarını xilas etsin. Qızı Tamilla xanımın yazdığına görə atası arxivini yandırandan sonra hönkür-hönkür ağlayıb. Tamilla xanımın  yazdıqları Təhmasibbəyovların necə təqib edilmələrindən xəbər verir. Həmin xatirənin kiçik bir hissəsini xatırlamaq yerinə düşər: "...Atamla olan çox ürəksıxıcı söhbəti xatırlayıram. Bir axşam mən arxivini yandırmasını, özü də iki dəfə, ona heç cür bağışlaya bilmədiyimi dedim. O, əvvəlcə dinmədi, başını aşağı salıb beləcə dayandı. Sonra günahkar-günahkar astadan danışmağa başladı: mən məcbur oldum, vəziyyət elə idi ki, mən sizi xilas etməli idim... məni bir neçə dəfə çağırıb səhərəcən saxlamışdılar. Hətta, bir dəfə evə zəng etmək üçün icazə istədim, dedilər ki, telefon işləmir... mən siyahıdaydım. Lakin nə vaxt tutulacağımı bilmirdim. 6 ay mən gecə yuxusunun nə olduğunu bilməmişəm. Hər gecə geyimli gözləyirdim ki, gəlib məni aparacaqlar. Hətta, təsadüfən bir maşın küçədə dayananda durub paltomu geyirdim ki, evə soxulub sizi yuxudan oyatmasınlar. Mənə demişdilər ki, kimin evində ərəb əlifbası ilə yazı tapılsa, xüsusilə əlyazma, onun ailəsini də sürgün edirlər. Mən sizi yazılarıma, kitablarıma qurban verə bilməzdim, bala! Mən arxivimi qurban verdim.

Peşiman olmuşdum. Qəlbinə toxunduğum üçün, onu bu etirafa məcbur etdiyim üçün əzab çəkirdim. Yaxınlaşıb əlindən, üzündən öpdüm. Üzr istədim. Başını qaldırıb mənə baxanda gözlərindən yaş axırdı. İlk dəfə idi ki, onu gözüyaşlı görürdüm...".

Naxçıvanda yaşamaq Təhmasibbəyovlara qadağan olunmuşdu. Hamısını köçürürdülər. Abbasqulu bəyi və digərlərini 1918-1920-ci illərdə Naxçıvandakı "Araz-Türk Cümhuriyyəti"nə kömək etdikləri üçün daha çox incidir, Naxçıvandan köçürdürdülər.

Həmin amansız illərdə böyük alim, ədəbiyyatşünas Əli Sultanlını da siyahıya salmışdılar. Çünki atası Kəngərli Sultanovlardan, anası isə Təhmasibbəyovlardan idi. O, Rza Təhmasibin bibisi oğludur. Hacı Ələkbər bəyin qız nəvəsidir.

Bir sənədə görə Hacı Ələkbər bəy Naxçıvan xanlarının varislərinin çox ehtiram bəslədikləri şəxs olub. Hətta, onların görüşünə gedəndə nəvəsi Rzanı da özü ilə aparırmış.

Abbasqulu bəyin qızı Cəmilə xanım psixologiya üzrə görkəmli alim olub.

Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi bir çoxları kimi Təhmasibbəyovları da gizlin təqiblərdən xilas etdi.

Azərbaycanda elm, maarif, mədəniyyət və incəsənət sahələrində fəaliyyət göstərən Təhmasiblər qayğıyla əhatə olundular. Naxçıvanda qalan Təhmasiblərdən biri Həsən bəyin oğlu Heydər bəy idi. Onun atası Həsən bəy Qori Seminariyasını bitirmişdi. Dilbər xanımın söylədiyinə görə, Heydər bəy Rza Təhmasiblə əmioğlu və həmyaşıd idilər.

Heydər bəy familiyasını Təhməzbəyov yazdırmışdı. Bəlkə də təqiblərdən yaxa qurtarmaq üçün o, Moskvada gimnaziyada oxumuşdu. 1915-ci ildə Naxçıvan teatrında musiqi hissə rəhbəri vəzifəsində işləyib. Çox illər rus dili dərsini də şəhər məktəblərində tədris edib. Sonralar sənətkarlıqla məşğul olub. Özü tar və saz düzəldib satırmış. Onun Cəmil, Şəbib, Nadir, Dilbər xanım və Zivər xanım adında övladları olub.

Dilbər xanım Təhməzbəyova Böyük Vətən müharibəsi veteranı olub. Tibb bacısı və hərbi rütbəsi kiçik leytenant olmuşdur. Müharibənin başlandığı gündən əlində silah tutan şəfqət bacısı Dilbər xanımın   sağlığında  xatirələrinə dəfələrlə qulaq asmış və qeydlər aparmışam... Təhmasiblərə məxsus səmimilik, vətənpərvərlik və təvazökarlıq onun nurani çöhrəsinə həkk olunmuşdu. Dilbər xanım özü bir çox sənədli əsərlərin baş qəhrəmanıdır. Və bizə elə gəlir ki, onun haqqında ən sanballı əsər hələlik yazılmayıb. Təhmasiblərin nəsil şəcərələri diqqətlə işlənsə, onların  XVIII əsrdən üzübəri hərbçilərinin də adları məlum olacaq. Çünki tarixin təkrarladığı əlamətlərdən biri də cəsurluqdur, qorxmazlıqdır.            Heydər bəyin oğlu Şəbib Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin polkovniki olub.

Təhmasibbəyovlar-Təhmasiblər haqqında aparılan tədqiqatlar, elmi araşdırmalar çox yeni faktları üzə çıxaracaq. Bu faktlardan yaranacaq əsərlər isə hər yeni nəslin qürur mənbəyi olacaq. 

MÖVLƏVİLƏR 

Tariximizdə, xüsusən Naxçıvanın mədəniyyət və incəsənətində mühüm xidmətləri olan nəsillərdən biri də Mövləvilərdir. Mövləvilər əsasən 1920-ci ildən sonra Naxçıvana Təbrizdən köçüb gəlmişlər. Bu sayılıb-seçilən nəslin adını ləyaqətlə təmsil edən Azərbaycan Respublikasının Xalq artisti, mərhum Səməd Mövləvini şəhərimizin yaşlı sakinləri yaxşı xatırlayırlar. Onun ömrünün 50 ildən çoxu fasiləsiz olaraq teatrla, xüsusən Naxçıvan teatrı ilə bağlıdır. Teatrşünas alimlərimiz Cəlil Vəzirov və Əli Qəhrəmanov onun mədəni irsini tədqiq etmiş və kitablar yazmışlar. Ona görə də biz ancaq bu nəsil və onun şəcərəsi haqqında fikirlərimizi sizlərlə bölüşmək istərdik.

Əbdülsəməd Məhəmməd oğlu Rzalı 1900-cü ildə Təbrizdə doğulmuşdur. Onun atası Məhəmməd Rzalı dövrünün inamlı və elmi sevən bir insanı kimi oğlu Səmədin uşaq yaddaşına həkk olunmuşdu. Səməd Mövləvinin qızı Natella xanımın söylədiyinə görə, atasını 8 yaşında itirən Səməd ömrünün axırına kimi atası Məhəmməddən tez-tez söhbət açırmış. Deyirmiş ki, babamız Allahı sevən, necə deyərlər, mövlana nurlu insan idi... Məhəmməd Rzalının böyük oğlunun adı Əhməd, qızlarının adları Münəvvər və Möhtərəm olub. Atalarının vəfatından sonra anaları Leyla xanım oğlu Əhmədlə ailəni dolandırıb. Qardaşı Əhmədin köməyilə 8  yaşlı Səməd əvvəlcə "Rüşdiyyə" məktəbində təhsil almışdır. Tarixi sənədlərdə bildirilir ki, o, 1916-cı ildə təhsilini tamamlamış və əsasən teatr aləminə bağlanmışdır.

Həmin illərin çox qarma-qarışıq hadisələrinin şahidi olan Səməd böyük qardaşı Əhmədi itirəndən sonra Təbrizdə yaradılan "Cəmiyyəti-Xeyriyyə"yə üzv olur ki, ailəni dolandırmaqda anasına köməklik etsin. 1919-cu ildə görkəmli demokrat yazıçı Mirzə Cəlil Məmmədquluzadə ilə olan tanışlığı onu daha dərin tellərlə teatra bağlayır. Həmin illərdə Naxçıvandan mühacirət etmiş bir çox naxçıvanlılarla tanış olan Səməd sonralar Naxçıvana köçüb gəlir və ömrünün sonuna kimi burada yaşayıb.

Onun övladlarının söylədikləri xatirələrdə, yazılan kitablarda Səməd Rzalının Naxçıvana gəlməyində Mirzə Cəlilin böyük köməyi olub. Hamımıza məlumdur ki, Mirzə Cəlilin "Ölülər" əsərinin Təbrizdə tamaşaya qoyulması çox böyük əks-səda doğurub. O tamaşada oynayan gənclərin əksəriyyəti sonradan tanınmış aktyorlar olublar. Onlardan biri də Səməd Mövləvidir ki, həmin tamaşada Şeyx Nəsrullah rolunu ifa edib. İyirmi yaşına təzəcə qədəm qoymuş Səmədin istedadını Mirzə Cəlil həssaslıqla sezmiş və öz həyat yolunu müəyyənləşdirməkdə ona mənəvi, maddi köməklik etmişdi.

Səməd Naxçıvana gələndə burada da vəziyyət mütəhərrik idi. Tez-tez dəyişilən siyasi ab-hava ilk əvvəllər onu əziyyətə salsa da, o, Naxçıvandan geri qayıtmadı. Bəlkə də onun ulu əcdadları bir vaxtlar Naxçıvanda yaşamışdılar?!

Qızı Natella xanımın söylədiyinə görə, atası Naxçıvana Mirzə Cəlili gətirən qatarla gəlib. Səməd Mövləvi həmin tarixi səfəri tez-tez xatırlayırmış və deyirmiş ki, biz Naxçıvanda dəmiryol vağzalında düşdük. Mirzə Cəlillə ailəsi İrəvan-Tiflis yolu ilə Bakıya getdi. Naxçıvanda yaşadığı ilk illərdə də onun əsas işi teatr tamaşalarında aktyorluq etmək olub. Onun bu sahədə müəyyən qədər iş təcrübəsi və istedadı tez bir zamanda onu naxçıvanlılara sevdirdi. Artıq onu da unudulmaz aktyorlarımız Həsən Səfərli, Əli Xəlilov, Rza İsfəndiyarlı, Rza Təhmasib, Kazım Ziya, Mirhəsən Mirişli və digərləri ilə birlikdə ürəkdən alqışlayır və oynadığı tamaşalarda iştirak edirdilər. Natella xanımın xatırlamasına görə atası bir gün tarzən Tapdıq Hüseynovgilin evlərində olan balaxanada (köhnə Naxçıvan tikililərində üst qatdakı balaca otaq-müəllif) oturub qonşu həyətdəki toyda rəqs edənlərə baxırmış. Dostu Tapdıqla nərd oynasa da, fikri-zikri ortada sürətlə rəqs edən bir qızda imiş. Dostunu belə süzgün görən Tapdıq Hüseynov deyir ki, ehtiyatlı ol, o qız komissar İbrahim bəyin baldızıdır, Gürcüstandan gəlib. Amma Səmədin həvəsi ötəri olmur, o bu gözəl qıza ürəkdən vurulur. Tapdıq Hüseynov və onun dostları bu işi yoluna qoyurlar. Naxçıvanda İbrahim bəyin ailəsinə deyirlər, sonra uzaq Kutaisiyə gedib  Nadejdanı Səmədə alırlar.

Səməd Mövləvi ilə Nadejda Qaramanovanın (Qəhrəmanova) qurduğu ailə öz nümunəviliyi ilə Naxçıvanda bu gün də unudulmayıb. Onlara şəhərin mərkəzindəki ikimərtəbəli binanın birinci qatında mənzil verirlər. Səməd Mövləvi ömrünün axırına kimi - 1962-ci il fevralın 3-nə kimi bu mənzildə yaşayıb. Ona təzə mənzil vermək istəyəndə deyirmiş ki, yox, buranı çox sevirəm, düşərli evdir. Yeri gəlmişkən, indi həmin mənzildə onun oğlu Azərbaycanın Xalq artisti Tofiq Mövləvi yaşayır. Nadejda xanım əvvəlcə Naxçıvan teatrında (o vaxtlar indiki Böyük bağda yerləşirmiş, 1952-ci ildə həmin bina yanıb) paltar sexində işləyib. Sonralar doğulan uşaqların qayğısını çəkmək üçün evdarlığa alışmalı olub. Onların nikahından Tamella (Tiflisdə doğulub), Natella, Tofiq və Turan adlı övladları dünyaya gəlib. Onu da deyək ki, Səməd Mövləvi bir neçə il İrəvan və Tiflis teatrlarında da işləyib.

Nadejda xanım Səməd Mövləvidən sonra 39 il yaşayıb və 2001-ci il martın 11-də Naxçıvanda əbədiyyətə qovuşub. Ömrünün sonuna kimi hər cümə axşamı ərinin məzarı üstə çiçək buketi gətirən bu qara geyimli xanıma hamı ehtiram göstərirdi.

Yenə də Natella xanımın söylədiklərinə qayıdaq. Yeri gəlmişkən Natella xanım rus dili müəllimi ixtisası alsa da, uzun illər dövlət orqanlarında işləyib. Onun dediyinə görə atasının ən yaxın dostları İsa Musayev, Məmmədhüseyn Təhmasib və Sidqi Ruhulla olub.

Natella xanımın dediklərindən:

- Anam Məcnunun ariyasını atamın ifasında can-dildən sevərdi. Bir vaxtlar Cəfərqulu xanın mülkünün yanındakı klubda tamaşalar göstərilirdi. Evimizə yaxın olduğundan bizim həyətdə atamın oxuduğu, səhv etmirəmsə son pərdədə Məcnunun ariyasına, ilahi, anam necə qulaq asardı... Bizi - balalarını da çağırardı ki, gəlin qulaq asın, atanız necə də gözəl oxuyur... O səs, şirin avaz üçün indi də ürəyim əsir...

Unudulmaz aktyorumuz Səməd Mövləvinin (Rzalının) yaxşı, zəngin foto arxivi də vardır. Onların hamısını aktyor oğlu, Azərbaycanın Xalq artisti və Prezident təqaüdçüsü Tofiq Mövləvi qoruyub saxlayır. Və indi onun oğlu Əbdülsəməd fortepianoda babasının oxuduğu ariyanı ürəyəyatımlı şəkildə ifa edir...

Biz onun oynadığı rollardan və digər ictimai fəaliyyətindən söhbət açmadıq. Yazılan və yazılacaq kitablarda bu haqda xeyli məlumatlar olduğunu nəzərə aldıq. İstədik ki, bəzi məsələlərə aydınlıq gətirək. Çünki böyük şəxsiyyətlərin həyatlarının hər bir anı gələcək gənclik üçün nümunədir. Qaldı aktyorun Mövləvi soyadını işlətməsinə. Övladları bu haqda ətraflı heç nə deyə bilmədilər. Dedilər ki, aktyor ləqəbi qəbul etmiş və sonralar rəsmiləşdirmişdir. Amma ən çətin illərdə bu ləqəbi işlətmək o qədər də asan məsələ deyildi. Axı, insan ömründə açılmayan səhifələr də var... Bizcə, Mövləvi soyadının kökü onun ulu əcdadlarına gedib çıxır...

Səməd Mövləvi onu itməyə qoymadı, yaşatdı və Naxçıvan qədim Şərqdə əzəmətlə parladıqca o soyadı da yaşadacaq.

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru

 





28.12.2016    çap et  çap et