Xalq yazıçısı Anar oxucularının görüşünə yeni bir layihə ilə gəlir.
Qəzetimizin hər şənbə sayında yazıçı “Səhər-səhər” rubrikasında fikirlərini oxucularıyla bölüşəcək.
Bu esselər gündəmə münasibət də ola bilər, yazıçının xatirələri də, sərbəst bədii mətnlər də, təəssüratlar da...
Bir sözlə, “Səhər-səhər”in mövzusunu zaman özü müəyyənləşdirəcək...
“525”
Planetimiz kos kimi yupyumrudur - bu məlum. Astronomik, çcoğrafi anlamda Günəş Şərqdə doğur, Qərbdə batır - bu da məlum. Amma nədənsə mənim təsəvvürümdə Şərq daha çox gecəylə, Qərb gündüzlə əlaqələnir. Niyə? Bilmirəm. Bəlkə ona görə ki, Şərq ədəbiyyatı hardasa “min bir gecə” dastanıdır. Şərqin sirləri - gecənin gizlinləridir. Şərqin sehri də, mehri də gecədən doğur. Şərq ədəbiyyatının mayasında eşq, məhəbbət durur, məhəbbətin məskəni-məkanı isə gecədir.
X1 əsrin böyük ərəb mütəfəkkiri İbn Həzm “Göyərçin həmayili”ndə yazır ki, dünyaya yeni insanın - körpənin gəlişi zülmət gecədən başlanır.
Leyli - ərəbcə gecə deməkdir, Məcnun Leylini yox, gecəni sevir. “Məcnundan füzun aşiqlik istedadı olan” Füzulinin özü kimi... Şəbi hicran çağı - hicran gecəsinin atəşində yanan Füzulinin yuxusuz gecələri eşqlə dopdoludur.
Bu vüsala yuxu əhvalı
demək mümkün idi
Əgər olsaydı yux u dideyi-giryanımıza.
Gəncəli Nizaminin yarı da gecə gəlir:
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi.
Molla Pənah Vaqif edam səhərinin gecəsini ancaq ona və ulduzlara bəlli olan bir sirlə yaşayır, “gecə hamilədir” deyə soraq gözləyir. Hamilə gecə Vaqifə qətl hökmü verən Qacarın ölümünü doğur.
Böyük şairləri qarabaqara izləyən Ölüm bir gün Vaqifi də haqlayır. Onun qətl fərmanını verənin özü də aşiqdir, özü də sevgilisinə yalnız gecə qovuşa bilir: və bu sevda görüşündən şeirimizin ən kövrək misraları yadigar qalır:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi
Heç bilmirəm ömrüm necə gəldi,
necə getdi.
Bayatıda “ömür keçdi, gün keçdi” təəssüfüylə ifadə olunmuş duyğuyla illər sonra Şəhriyar da həzin-həzin köks ötürür:
Ömür keçdi, gələmmədim, gec oldu.
“Nikbin” Sovet şeirində də Səməd Vurğun “Ayın əfsanəsi”ni, Süleyman Rüstəm “Gecənin romantikası” nı yazır. Gecə nisgili Rəsul Rzanın ən bədbin, ən ümidsiz misralarında əksini tapıb:
Deyirlər axşamlar kədər gətirir,
Deyirlər can sıxır qaranlıq gecə
Deyirlər, deyirlər,
Gündüzlər necə?
Gündüzlər səbirsiz gözləyirik ki,
bir axşam olsun,
bir gəlsin gecə.
“Axşam qızaran göylərə
endikdə qaranlıq
Könlüm evini yandıran
odlara tapılmaz” -
bu beyt də Nigar Rəfibəylinin qəzəlindəndir.
“O gecənin səhəri...”
Nəhs gecələrin qəfil döyülən qapılar vahiməsi. Bu xof, bu qorxu genetik olaraq neçə-neçə nəslin qan yaddaşında yaşayır.
Vaqif Səmədoğlunun şeirindəki xronoloji ardıcıllıq dəqiqdir:
Doğuldum (doğulduq) 39 (ya 38-də),
tutulduq 37-də...
Qarşıdan 2017-ci il gəlir, qanlı inqilabın yüzüncü ildönümü və bu inqilabın törəməsi 1937-ci il. Bu sənədən 80 il keçir...
80 ilin qorxuları, təhlükələri, itkiləri get-gedə insanların hafizəsində sönüb soluxur, yerini çəhrayı rəngə boyanmış nostalji xatirələr tutur. Bütün post Sovet məkanında böhranlar, fəlakətlər, təbii və siyasi qəzalar, terror aktları, qonşu torpağına təcavüzlər və maddi-mənəvi sıxıntılardan çıxış yolunu bəzi insanlar və bəzi ictimai qüvvələr stalinizmin qaytarılmasında, qəddar rejimin amansız qayda-qanunlarında axtarır, SSRİ-nin bərpasında görür.
SSRİ-ni dağıdanlardan biri Mixail Qorbaçov idi. Bu bəlkə də elə onun ən müsbət tarixi əməlidir. İndi Qorbaçov ayrı mahnı oxuyur: “Yeni İttifaq yaranmalıdır -deyir - özü də keçmiş SSRİ sərhədlərində” və əlavə edir “könüllü”. Könüllü olacaq şeyin qərarını qabaqcadan verərlər? Əvvəl bir soruş, buna könül vermək kimin könlündən keçir? Yatıb yuxularında imperiyanın xiffətini çəkənlərdən başqa kimin?
Yoxsa lap əsgi-yeni S.Mixalkov himnində oxunduğu kimi: “Azad Sovet respublikalarını Rusiya əbədi birləşdirdi”. Əgər azaddırlarsa niyə onları Rusiya birləşdirməliydi, həm də əbədi? Yaxşı ki, “əbədi” olmadı,tarix öz hökmünü verdi.
Qaranlıqdan işığa çıxmaq yolu daha qatı zülmətə düşmək deyil. Həyatın çətinliklərindən ölümlə qurtulmaq olmaz...
“Gecə çökür aləmə tabut qapağı kimi”
Yenə də təlaş, yenə də şübhə, yenə də keçmişin kabusları vahiməsi, qorxusu...
Bəlkə də qaytardılar!
Bu nə mülk-maş,
Nə yatır,
Nə dəyirman dərdi idi
Bu, sorağı qanlı yollarda itən
insan dərdi idi,
İndi də o günlərdən
ürəklərdə bir nigaranlıq,
bir səksəkə var.
O ağır, o acı günləri,
Bəlkə də qaytardılar,
bəlkə də qaytardılar!
Amma... Amma bu Yeni il gecəsi bədbin fikirlərin - adda-budda olsa da -yeri deyil. Şərq ədəbiyyatı da yalnız gecəni vəsf etməyib, Ölümdən qaçaraq ölümü yenən ölümsüz Dədə Qorqudumuzun ulu Kitabı bu söyləməylə başlayır:
“Salqum-salqum dan yelləri əsdigində.
Ağla qaralı seçilən çağda
Köysü gözəl dağlara gün dəyəndə
Ala sabah...”
“Kitabi Dədəm Qorqud” ədəbiyyatımızın əbədi səhər çağıdır. Şərq gecəsinin açıq səmalı sabahı...
Bu ilin gecə düşüncələrini qarşıdan gələn ilin səhər ümidlərinə təhvil verirəm. İrəlidən gələn günlərimizin, aylarımızın ayağı sayalı olsun, ömrümüz uğurlu, xeyir- bərəkətli, məhəbbətli keçsin.
Sabahınız xeyir planetdaşlar. Yeni iliniz mübarək!
çap et