Dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat cəhdi ciddi əks-səda doğurub.
Əksər ekspertlər hesab edirdilər ki, işğalçı ölkə təxribat üçün məhz cəbhə bölgəsini deyil, iki ölkə arasındakı sərhəd ərazisini təyin etməsi məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu məsələyə qatmaq məqsədi daşıyırdı. Çünki KTMT yalnız təşkilata üzv olan ölkələrin ərazi bütövlüyü məsələsinə reaksiya vermək səlahiyyətinə malikdir. Dağlıq Qarabağ isə rəsmi şəkildə Azərbaycan ərazisi hesab olunduğundan sözügedən qurumun işğal zonasında baş verən insidentlərə qarışmaq, reaksiya verməyə hüquqi əsası yoxdur. Ona görə də, ermənilər bu təxribatı sərhəddə törətməyə cəhd etdilər. Lakin Azərbaycan Silahlı Qüvvələrinin ayıq-sayıqlığı nəticəsində sərhəddi pozan düşmənin diversiya qrupu pusquya salındı və geri çəkilməyə məcbur edildi. İnsident zamanı düşmən xeyli sayda itki verdi.
Hadisədən bir neçə saat sonra ekspertlərin proqnozları da özünü doğrultdu. Təəssüfləndirici məqam da olsa, KTMT-nın baş katibi, rusiyalı diplomat Nikolay Bordyuja bəyanat yayaraq birmənalı şəkildə Ermənistana öz dəstəyini bildirdi. O, yazılı bəyanatında ad çəkməsə də, faktiki olaraq Azərbaycanı hadisəyə görə, günahkar hesab etdi. Bundan başqa N.Bordyuja qısa açıqlamasında "Dağlıq Qarabağ Respublikası" ifadəsini işlətdi.
Azərbaycan Xarici İşlər Nazirliyi də dərhal KTMT-nin baş katibi Nikolay Bordyujanın açıqlamasına cavab verdi, rusiyalı diplomatı həqiqəti əks etdirməyən, bilavasitə işğalçıya haqq qazandıran fikirlərinə görə tənqid etdi.
Daha sonra isə KTMT N.Bordyujanın fikirlərinə aydınlıq gətirməyə çalışdı. Qurum baş katibinin əksər fikirlərini təsdiqləsə də, qondarma qurumla bağlı işlədilən ifadənin yanlış qiymətləndirildiyini bildirib: "Bəyanatda "de-fakto" mövcud olan "Dağlıq Qarabağ Respublikası" ifadəsinin işlənməsi heç də onun tanınıb-tanınmaması anlamına gəlmir. Baş katibin bu ifadəni işlətməsi münaqişənin baş verdiyi coğrafi ərazi ilə əlaqədardır. KTMT münaqişənin sülh yolu ilə həllinə dair ATƏT-in Minsk qrupunun bütün səylərini dəstəkləyir".
Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, 2016-cı ilin bitməsinə 2 gün qalmış Azərbaycan-Ermənistan sərhəddində baş verən silahlı insident və tərəflərin itki verməsi 2017-ci ilin də ağır keçəcəyinin və lokal toqquşmaların baş verməsi ehtimalının yüksək olacağının işarəsidir.
Politoloq hesab edir ki, adətən Dağlıq Qarabağ istiqamətində hərbi toqquşmalar olanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibindən və ya katibliyindən açıqlama yayımlanmır: "Çünki Ermənistan bu qurumun üzvü olsa da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlər Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır və ona görə də bu istiqamətdə gedən lokal toqquşmalara qarşı çıxa bilmirlər, yalnız narahatlıq ifadə edilir. Aprel döyüşləri zamanı da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı katibliyi fəallıq nümayiş etdirməməklə birbaşa Ermənistanı müdafiə edə bilmədi. Dekabrın 29-da baş verən insident isə Ermənistan-Azərbaycan sərhəddində və Dağlıq Qarabağdan uzaq məsafədə baş verdiyindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, rusiyalı diplomat Nikolay Bordyuja anında açıqlama yayaraq, baş verən insidentə görə faktiki Azərbaycanı günahkar saydı. Birincisi, Bordyuja açıqlamasında Azərbaycanın adını çəkməsə də, dedi ki, "hadisə Ermənistan ərazisində baş verib və bu təxribatdır". İkincisi, Bordyuja qısa açıqlamasında "Dağlıq Qarabağ Respublikası" ifadəsi işlədib. Halbuki, əvvəlki açıqlamalarda daha korrekt - "tanınmayan Dağlıq Qarabağ Respublikası" ifadəsi işlədilirdi.
Nikolay Bordyujanın bu açıqlamasına qarşı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib və baş katibin mövqeyi tənqid olunub. Xarici İşlər Nazirliyinin bəyanatında belə bir cümlə var: "Ermənistan KTMT-nin sonuncu Sankt-Peterburq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir". Həqiqətən Ermənistan-Azərbaycan sərhəddində baş verən son hadisə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yararsız qurum olduğunun və öz üzvünü müdafiə etmədiyinin göstəricisidir. Çünki əgər rəsmi İrəvanın və baş katib Nikolay Bordyujanın iddia etdikləri kimi Azərbaycanın kəşfiyyat qrupu Ermənistan ərazisində əməliyyat keçiribsə, onda niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı öz üzvünü qoruya bilmir? Axı təşkilatın nizamnaməsinə görə üzv dövlətlərdən hər hansı birinə hücum olarsa, digər üzv dövlətlər ona hərbi dəstək verməlidirlər. Bu nizamnamədə belədir, reallıq isə fərqlidir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının öz üzvünü birgə qoruması üçün mexanizmi yoxdur. Digər tərəfdən təşkilatın 3 üzvü - Qazaxıstan, Qırğızıstan və Belarus Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Belə olmasaydı, bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja deyil, Ermənistan təmsilçisi olmalı idi".
E.Şahinoğlunun sözlərinə görə, məsələ burasındadır ki, oktyabr ayında rotasiya prinsipi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan təmsilçisi baş katib seçilməli idi: "Qazaxıstan prezidenti Nursultan Nazarbayev "xəstəliyi" ilə əlaqədar İrəvana getmədi, nəticədə təşkilat baş katib seçkisini dekabr ayındakı zirvə toplantısına təxirə saldı. Təşkilatın liderlərinin dekabrın 26-da Sankt-Peterburqda keçirilən zirvə toplantısına isə Belarus prezidenti Aleksandr Lukaşenko getmədi. Ermənistan prezidenti Serj Sarkisyan budəfəki toplantıdan da əliboş qayıtdı. Baş katibin seçilməsi aprel ayındakı toplantıya qədər təxirə salındı.
Ermənistan siyasətçiləri və eskpertləri açıq etiraf edirlər ki, Qazaxıstan və Belarus təşkilatda Ermənistanın müttəfiqləri sayılsalar da, bu sözdə belədir, əməldə isə həm Astana, həm də Minsk Azərbaycanın real müttəfiqidirlər və buna görə də Ermənistan vətəndaşının təşkilata baş katib seçilməsinə mane olurlar. Bəli, bu belədir. İstisna deyil ki, aprel toplantısına da Qırğızıstan prezidenti qatılmasın və baş katibin seçilməsi yenə ləngisin. Kreml də nəhayət anlamalıdır ki, Rusiyanın müttəfiqləri belə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyirlər. Yəni, Rusiyanın işğalçı Ermənistanı himayə etməsi tək bizim xoşumuza gəlmir, müttəfiqləri də Kremlin bu siyasətdən narazıdırlar. Ona görə də mümkündür ki, Qazaxıstan və Belarus təmsilçiləri vaxtı bitmiş Nikolay Bordyujanın təxribatçı açıqlamasına qarşı çıxsınlar".
Mərkəz sədrinin fikrincə, bütün hallarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı qoruya bilməyəcək: "Dekabrın 29-da baş verən insident həm də ona işarədir ki, İrəvan işğal altındakı torpaqları azad etməyənə qədər nəinki Dağlıq Qarabağda hərbçilərini itirməkdə davam edəcək, Dağlıq Qarabağdan uzaq ərazilərdə də hərbçilərinin təhlükəsizlik təminatı yoxdur".
Milli Məclisin deputatı Sahib Alıyev isə bildirib ki, ötən il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının başında erməni general dayanmalı idi: "Ancaq öncə Qazaxıstan, ardınca da Belarus prezidentinin rotasiyanın təsdiqlənəcəyi toplantını boykot etmələri üzündən hələlik bu alınmır. Təşkilata baş katibliyini sürdürməkdə olan Nikolay Bordyuja isə Azərbaycan-Ermənistan sərhəddindəki erməni təxribatında bizi günahlandırmağa cəhd etmək və bu zaman Dağlıq Qarabağdakı qondarma qurumu "respublika" adlandırmaqla demək istəyir ki, onun erməni generalla əvəzlənməsinə heç ehtiyac da yoxdur. Çünki özü elə ermənilik edir.
Amma məsələ burasındadır ki, Qazaxıstan və Belarus prezidentləri Bordyujanın baş katibliyini sürdürməsinə etiraz etməsələr də, ermənisayaq davranışına göz yuma bilməzlər. Çünki onlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayırlar və bununla bağlı qəti mövqelərini də dəfələrlə ortaya qoyublar".
Ceyhun ABASOV
çap et