525.Az

Mollanəsrəddinçi poeziyada elm və təhsil məsələləri bədii dil kontekstində


 

Mollanəsrəddinçi poeziyada elm və təhsil məsələləri bədii dil kontekstində<b style="color:red"></b>

XX əsr Azərbaycan poeziyasında bir sıra yeni meyllər ortaya çıxmışdı. Bu meyllər "Molla Nəsrəddin" jurnalından da yan keçməmiş, beləcə, mollanəsrəddinçi poeziya formalaşmışdı.

Bəs bu poeziyanın spesifik xüsusiyyətləri nə idi?

"Molla Nəsrəddin" jurnalı ilə  ədəbiyyatımızda yeni ədəbi janrlar, məzmunca rəngarənglik, formaca müxtəliflik diqqət çəkməyə başladı. M.Ə.Sabir, Ə.Nəzmi, Ə.Razi, B.Abbaszadə kimi şairlərin yaradıcılığında mollanəsrəddinçi poeziyanın əlamətləri aydın seçilir.

Əziz Mirəhmədov yazır: "XX əsrin tərəqqipərvər şair və yazıçıları uşaq tərbiyəsi, maarif və məktəb haqqında yazdıqları əsərlərdə bir çox cəhətdən birləşirdilər. Onların hamısı gerilik və ətaləti aradan qaldırmaq işində elm və maarifin inkişafına, qabaqcıl pedaqojinin roluna, yeni üsulda məktəblərə böyük əhəmiyyət verirdilər".

M.Ə.Sabir  ilə başlanan tipi öz dili ilə ifşa metodu, yeni satirik janrların meydana çıxması, şeirdə satirik dialoq və monoloqdan istifadə, poeziyada fərdiləşdirmə, ümumiləşdirmə və tipikləşdirmə kimi xüsusiyyətlər mollanəsrəddinçilərin  yaradıcılığının başlıca leytmotivini təşkil edirdi.

"Molla Nəsrəddin" jurnalının poeziya qolunun aparıcı xətti M.Ə.Sabir yaradıcılığı ilə səciyyələnir. Sabir dövrün bir çox ziyalıları kimi geriliyin, cəhalətin aradan qaldırılmasında maarif və mədəniyyətin müstəsna rolunu dəyərləndirir, yeni tipli məktəblərin açılmasına və uşaqların tədris ocaqlarına cəlb olunmasına böyük əhəmiyyət verirdi. Şairin "Uçitellər", "Baş tutdu...", "Bu boyda! Bu boyda!", "Vah! Bu imiş...", "Təşəkkür", "Neçin məktəbə rəğbətim olmayır"  və b. satirik şeirlərində keçən əsrin elm, maarif məsələlərinin tipik xüsusiyyətləri sənətkarlıqla göstərilir. "Vah! Bu imiş dərsi-üsuli-cədid?!" satirasında savadsız, cahil atanın övladını yeni tipli məktəbdən çəkindirməsi, uşaqların beynini boş, cəfəng fikirlərlə doldurub  mövhumatı təbliğ edən mollaların elm öyrədən müəllimdən üstün tutulması kimi ikrah doğuran həyati faktlar kinayəli, acı gülüşlə müşayiət olunur:

Vah! Bu imiş dərsi-üsuli-cədid?!
Yox...x! Yo...x! Oğul, məktəbi-üsyandı bu!
Molla deyil bundakı təlim edən!
Əlhəzər et, bir yeni şeytandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!.. 

Sabirin "Uçitellər" və "Baş tutdu..." satiraları 1907-ci ildə keçirilən II Azərbaycan Müəllimləri Qurultayına həsr edilmişdir. Şair bu satiralarında elm və maarifin inkişafına əngəl törədən cahilləri tənqid edir və ziyalılarımıza üz tutaraq doğma dilimizdə yeni dərslik kitablarının yazılması, ana dilinin tədrisinə xüsusi diqqət yetirilməsi, dünyəvi elmlərin öyrədilməsinə üstünlük verilməsi, qız məktəblərinin, sənət məktəblərinin açılması kimi mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmağın vacibliyini göstərirdi. 

Sabirin yaratdığı satirik üslubda dinamiklik dilin fəal atributu kimi ortaya çıxır. Şair üçüncü şəxsin dilindən söylənən nağıl - təhkiyə formasına istinad etmir, çünki bu formada əsasən passivlik hiss olunur. Burada təhkiyəçi, yəni üçüncü şəxs danışır, digərləri isə sadəcə əhvalat və hadisənin dinləyicisi kimi qeyri-fəal mövqedə dayanır. Sabir satiralarında birinci şəxsin danışığına üstünlük verilir. Bu məqamda həmin şəxs çox sərbəst şəkildə, sanki özünü haqlı hesab edərək, hər şeyi öz düşüncə tərzinə, dünyagörüşünə uyğun olaraq səmimi etiraf edir. Bəzən isə birinci şəxs ikinci bir üslubu seçərək qarşısındakını müsahib, həmsöhbət hesab etdiyindən bütün fikirlərini onunla bölüşür:

Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
Yaxşı olub mən bunun bəxtini çöndərmədim,
Bir para pis işlərə fikrini döndərmədim -
Qonşumuzun oğlutək məktəbə göndərmədim,
Doğrusu məktəb demək guşeyi-zindan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Göründüyü kimi, bədii nitq öz obyektini, hədəf nöqtəsini tapdığından abstrakt formada qalmır, bir növ əyaniləşə bilir. Deməli, nitqin özü konkretləşdiyi üçün onun təsir dairəsi də güclü, sərrast və kəsərli olur.

Sabirin elm, təhsil məsələlərini əks etdirən satiralarında şairin birinci və ikinci şəxsin tək və cəmində işlətdiyi şəxs əvəzlikləri öz bədii nitqi vasitəsilə həmin tipin xarakterini bütövlükdə səciyyələndirir və onun monoloqu oxucuda aydın təsəvvür yaradır. Məsələn:

Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Satmaram öz əqlimi siz kimi laməzhəbə,
Razıyam oğlum gedə qəbrə, - nə ki məktəbə!
Məktəb adın çəkməyin, - mələbədir, mələbə!..
Əlhəzər, ondan həzər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 

Əgər dram əsərlərində oxucu və yaxud tamaşaçı hadisələri əyani şəkildə görür, eşidir və dərk edirsə, satiriklərdə bu missiyanı bədii nitq yerinə yetirir və nitqin səlisliyi, söz çalarlarının düzgün seçimi baş vermiş situasiyanı oxucu təsəvvüründə əyaniləşdirmək gücünə malik olur. Bu zaman reallığın özü görünməsə də, onun əlamətləri qabarıq şəkildə nəzərə çarpır.

Mollanəsrəddinçilərin leksikonunda müxtəlif zümrələri təmsil edən obrazların özünəməxsus, fərdi danışıq aktı var. Bir çox hallarda mənfi tiplərin dilində işlənən ifadələr öz həqiqi, nominativ mənasından uzaqlaşaraq, ona zidd olan tamamilə başqa bir anlam daşıyır. Təbii ki, sənətkar həmin tipin mənsub olduğu ictimai təbəqəyə tam müvafiq olaraq, obrazın cəmiyyətdə baş verən hadisələrə fəal, yoxsa qeyri-fəal münasibətini, daxili aləminin zəngin, yoxsa bəsit, məhdud olmasını çatdırmaq üçün ilk növbədə nitq faktoruna müraciət edir. Oxucuda dolğun və aydın təsəvvür yaratmaq baxımından bu ədəbi priyom olduqca zəruridir. Bir çox hallarda ümumxalq dilində funksionallaşan ifadələrin öz həqiqi mənasından çıxaraq əks qütbdə dayanması və mənfi tiplərin dilində işlənməsi artıq jarqonlaşmaya gətirib çıxarır. Şübhəsiz ki,  bu da birbaşa xarakterlərin açılmasına, tipin fərdi cizgilərinin aşkarlanmasına xidmət edir. Burada işlədilən sözlər öz estetik gözəlliyindən, zərifliyindən çıxaraq kobudlaşır, qabalaşır. Məsələn:

Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız yox, yazıdan qismətimiz...

Möminik, keflənərik arzuyi-cənnət ilə,
Oxumuşlar adını yad edərik lənət ilə,
Düşmənik elm ilə, hürriyyət ilə...

Sabir satirik tipin ifşası zamanı onu tanıtmaq məqsədilə jarqonlardan yerli-yerində istifadə edir. Özünü "boşboğaz", "heyvərə" adlandıran, "oxumuşları lənət ilə yad edən" belə tipin ikrah, nifrət doğuran nitqi özünə qarşı bir silaha çevrilir və oxucunun öldürücü gülüşünün qəhqəhələri altında əzilir, məhv olur.

Bütövlükdə cəmiyyətə, insanlıq adına ləkə olan, elmə, təhsilə, mədəniyyətə həqarətlə, nifrətlə baxan belə satirik tiplərin ümumiləşmiş obrazını yaradan şair nitq faktorundan sənətkarlıqla istifadə etmişdir.

Satiriklərin dilində həm əsas, həm də köməkçi nitq hissələrinin substantivləşməsi əsas üslubi faktorlardan biri kimi təzahür edir. Substantivləşmə təkcə qrammatik səciyyə daşımayıb, həm də XX əsrin əvvəllərində ictimai-siyasi, ədəbi-mədəni anlayışların, hadisələrin ifadə formasını və üslubi mahiyyətini kəsb etmişdir.

Eyni zamanda satiriklərin yaradıcılığında özünü göstərən substantivləşmə daha çox ictimai-siyasi anlayışları ifadə edən terminlərdə özünü göstərir. Bu zaman qrammatik subyekt və yaxud obyekt düşür ki, onu da substantivləşən söz əvəz edir. Yəni ellipsis hadisəsi baş verir. Satiriklər bu vasitə ilə subyekti tipikləşdirə bilirlər. Məsələn: "Molla Nəsrəddin" jurnalının "Bizə yazırlar" başlığı altında verilmiş məlumatda məktəblərin bağlanmasına aid ürək ağrıdan səhnələr təsvir edilmiş və bu qeyri-insani aksiyanın təşkilatçıları qəzəblə qamçılanmışdır: "Bu gün "Əhmədiyyə" məktəbi Allahın rəhmətinə vasil olub stol və skamyaları bazarda hərraca qoyuldu. Hər kəs bu barədə sərsəlamətlik yazmaq istəsə Mərvdə Molla Cəmşid və yoldaşları qarnıyoğunlara gərək yazsın".

Göründüyü kimi, bu nəsr parçasında işlənən "qarnıyoğunlar" ifadəsi əlamət bildirmə xüsusiyyətindən uzaqlaşıb, ismə aid cəm şəkilçisi qəbul edərək substantivləşib və yazıçının tənqid obyektinə çevrilib.

(Ardı var)

Gülbəniz BABAYEVA
Filologiya üzrə fəlsəfə doktoru

 





06.01.2017    çap et  çap et