525.Az

“...hansı camaatdansınız?”


 

“...hansı camaatdansınız?”<b style="color:red"></b> “Şeyx Şamil” məscidi Ankaranın mərkəzində - Kızılay metrostansiyasında yerləşir. Burada hər dəfə azan oxunanda özünü qəribə hiss edirsən. Maraqlıdır, Hüseyn Cavidin “İblis”inin çəkildiyi yerin dibindən Allahın çağırış nidaları eşidilir. Qəribəsi də budur ki, günəşin gözünün içinə dik baxan göydələnlərin ən üst mərtəbələrinə qədər çatan bu azan yerin altında oxunur. Bundan bir ay öncə axşam namazını “Şeyx Şamil”də qılmalı oldum. Namaza başlamaq istəyirdim ki, qırıq-qırıq səslər eşitdim, elə bil, kimsə inildəyirdi. Özümdən asılı olmayaraq, dönüb ətrafıma nəzər yetirdim, gördüm ki, bir neçə metr arxada lal bir oğlan azan oxuyur. İlahi, bu necə işdir, axı?! Ömründə yalan danışmamış, qeybət eləməmiş, söyüş söyməmiş bir qulun insanları sənə çağırırdı, amma sözləri yox idi onun, sadəcə kədəri var idi, kədəri...
 
Xatırladım! “Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vallahu əkbər”. Qazi Qarabağ azanın səs yazısı belə başlayırdı. Amma elə bil, sözlər yox idi Hafizin səsində, kədər var idi, kədər! Ağdamda işğaldan bir neçə gün əvvəl oxunan bu azan səsini Ankarada - “Şeyx Şamil”də lal oğlanın inildədikləri müşayiət eləyirdi, sanki! Qazi Qarabağ azanın müqəddəs kədəri! Elə bil, İsmayılın peyğəmbər atası bıçağı oğlunun boğazına dirəyib. Amma hər şey fərqlidir. Bu dəfə İsmayıl ağlayır, and-aman verir: “Kəsmə... Kəsmə...” Hüseynin başı üçündür İsmayılın yalvardıqları. Ah, Qazi Qarabağ azanının müqəddəs kədəri! Kim kəsdi bu qədər qurbanı, ilahi?! Kim kəsdi axı?!
 
Elədir, elədir! Bir cüt “La ilahə ilallah”! Belə bitir Hafizin söyləyə bilmədikləri. Qarabağ azanının qazi olduğu yerdir. Səs yazısını dayandırıram, yox, azan özü bitir. Söyləyə
bilmədikləri qalır Hafizin, söyləməli olduqlarımız! Yox, azan bitməz! Əsrlər boyunca bu azan sədası altında yuyulub şəhidlərimiz. Qarabağda, Bakıda, Təbrizdə, İrəvanda bu azanın səsi idi göz yaşlarımızı silən. Biz qardaşlarımıza dayaq olanda, Çanaqqalaya qurbanlar göndərəndə də bu azan olub ürəklərimizdə. Bilirəm, azan bitməz. Səs yazısını mən dayandırıram, Şuşada dinləyəcəyəm! Düşmənə, bu azanın düşmənlərinə inad! Ermənilərə inad! Vətənimi, millətimi bölməyə çalışan məzhəb oyunbazlarına inad! Gah çayın, gah da okeanın o tayından bizi bölmək xülyası ilə yaşayanlara inad! Evimizdə otura-otura “Bağışlayın, hansı camaatdansınız?” deyibən arsızca kədərimizə hırıldayanlara inad! Onların hamısına cavab verircəsinə, “Mən Azərbaycan Dövləti camaatındanam” deyircəsinə dinləyəcəm Hafizi... Şuşada!
 
İnşallah!
 
[email protected]
 
 





10.04.2013    çap et  çap et