525.Az

“Tolerantlığın, xoşgörünün, qarşısındakına hörmətin yolu ilk növbədə özünə və öz dəyərlərinə hörmətdən keçir” (davamı)


 

“Tolerantlığın, xoşgörünün, qarşısındakına hörmətin yolu ilk növbədə özünə və öz dəyərlərinə hörmətdən keçir”<b style="color:red"> (davamı)</b>

Müsahibimiz fəlsəfə elmləri doktoru Könül Bünyadzadədir. Gənc alimlə söhbətimizin məğzini müsahibimizin əsasən dini və milli tolerantlığa fəlsəfi aspektdən yanaşması, millət olaraq inkişaf və tərəqqimizin milli və dini özünüdərkdən keçməsi tezisinin müdafiəsi təşkil edir.

– Sizin tədqiqat istiqamətiniz həm də milli özünüdərk problemləri ilə bağlıdır. Bu barədə söz açmağınızı istərdik.

– Buna misal olaraq Fransaya diqqət yetirək. Burada milli özünüdərk o qədər yüksəkdir ki, öz millətinin dəyərlərini o qədər yüksək qiymətləndirirlər ki, hansısa kənar bir qüvvənin buna qarışıb bunu korlamasını istəmirlər. Onlarda demokratiya var, amma özləri üçün, bizim üçün yox. Burada hardasa Qərbin eqoizmi də üzə çıxır. Yaxud alman xalqı özünə o qədər yüksək dəyər verir, adı çəkiləndə o qədər qürur hissi keçirir ki, bunun yanında hansısa üçüncü bir xalq gəlib ona yeni bir mədəniyyətmi öyrədəcək? Ona görə də bunların devizi belədir: mən o qədər yüksəyəm ki, mənə xidmət olunmalıdır. Və uzun əsrlər boyu bir çox ölkələr Qərbə xidmət ediblər, Qərbin müstəmləkəsi olublar. Ona görə də bu gün də Qərb elə hesab edir ki, Şərqə sivilizasiya verib. Hazırda Malayziya, İndoneziya, Hindistan, hətta Yaponiya kimi ölkələrdə də yüksək səviyyəyə qalxmaq o deməkdir ki, deməli, sən Qərbdə təhsil almısan.

– Bizdə də artıq belə qəbul edilir.

– Bəli, bizdə də artıq həmin dəyərlərdən çıxış edirlər. Mən də hesab edirəm ki, Qərb dəyərləri hörmətə layiqdir, ona görə ki, onlar öz dəyərlərinə hörmətlə yanaşırlar, özlərinə dəyər verirlər. Həqiqətən də alman xalqı böyük xalqdır. Bunların şairlərini, filosoflarını, mədəniyyətlərini nəzərə alsaq, həqiqətən də böyükdürlər. Amma baxın, Hindistanda da böyük şəxsiyyətlər olub. Bəs niyə onlar bu gün söz sahibi deyillər? Çünki nə qədər özlərindən desələr də, yüksək mədəniyyətə sahib olduqlarını car çəksələr də, yenə də Qərb hardasa deyir ki, sizə işığı mən gətirdim. Doğrudan da istər Taqor, istər Qandi, istər Nehru Qərb təhsili görmüş, Qərbdən nümunə götürmüş mütəfəkkirlərdir. Deməli, hardasa Qərbdən bir pillə aşağıda dururlar. Əvvəl də qeyd etdiyim kim Taqor artıq ömrünün sonunda öz xalqının içərisindəki enerjini axtarmağa başlayıb. Axı bu var, axı Hindistan qədim bir mədəniyyət sahibidir. Yaxud başqa bir mütəfəkkirdən deyim: Məhəmməd İqbal. Bu şəxs Pakistanın yaradılması uğrunda çalışan ideoloqlardan biridir. O deyir,  mən nə qədər çalışdım, öz xalqımı oyadım, amma oyada bilmirəm. Yenə də deyir ki, müsəlman xalqları arasında oyana bilən yeganə xalqlar türk xalqlarıdır. Yəni, məhz müşahidə nəticəsində və baş verən prosesləri izləyərək bu qənaətə gəlib. Bu həmin Pakistandır ki, Şərq ölkələri arasında yeganə ölkədir ki, atom bombasına malikdir. Amma bu gün Pakistan Qərbin əlində bir oyuncaqdır. Hətta atom bombası olsa belə, yenə də söz sahibi deyil. Yenə də burada milli özünüdərk problemi baş qaldırır, Pakistan xalqı özünü dərk etmək istəmir.  Bu gün Hindistan varlı dövlətlərdən biridir, amma özünün inkişafını Qərbə həvalə elədiyi, gözünü Qərbə dikdiyi üçün, həm də özündən imtina edərək Qərbə söykənmək istədiyi üçün irəli gedə bilmir.

Bir dəfə Malayziyada konfransda oldum. Orada Qərbi ancaq Amerikadan müsəlman olan bir nəfər təmsil edirdi. Konfransın mövzusu “İslam və postmodernizm” idi. Konfransda yüksək səviyyədə Qərb fəlsəfəsini mənimsəmiş, savadlı bir şeyx çıxış edirdi. Ona sual verildi ki, niyə siz bu qədər bildiyiniz halda ölkənizdə postmodernizm cərəyanlarına çox yer vermirsiniz? Cavabında şeyx bildirdi ki, biz hələ kifayət qədər güclənməmişik ki, yad mədəniyyətlərə qucaq açaq, biz hələ güclənmək üzrəyik.

– Bu hikmətli cümlə sübut edir ki, özgə təsirləri qəbul etmək üçün kifayət qədər güclənmək lazımdır.

– Bəli, kifayət qədər güclü olmalısan ki, yad gəlib səni qucaqlayanda yıxılmayasan. Burada böyük hikmət var. Baxmayaraq ki, bu gün Malayziya universiteti artıq dünyanın hər yerindən tələbələr qəbul edir, beynəlxalq konfranslar, tədbirlər keçirir, amma bununla belə onlar hələ özlərini kifayət qədər güclü hesab eləmirlər. Orada mən həm də öyrəndim ki, onların rektorundan tutmuş az qala sıravi müəlliminə qədər əksəriyyəti Qərb təhsili görmüş mütəxəssislərdir. Amma onlar kifayət qədər öz xalqını tanıyandan sonra gedib Qərbi görüb gəliblər, yenə də öz xalqlarına xidmət edirlər.

– Qafqaz regionunda müxtəlif xalqlar yaşayır, ermənilər, gürcülər...Sizcə, niyə eyni coğrafi məkanı paylaşmağımıza baxmayaraq bizim millətimizdə həddindən artıq mövcud olan tolerantlıq onlarda çox aşağı səviyyədədir?

– Ermənilər müəyyən zaman kəsiyində, son əsrlərdə türklərin qonşuluğunda yaşayıblar. Zəif olan biri yanında güclünü görəndə paxıllıqdan onu yıxmaq üçün fürsət gözləyir. Əvvəl özü çalışır, sonra tərəfdar axtarır, quyu qazır, bir sözlə, hər vasitədən istifadə edir ki, zəif görünməsin. Doğru qeyd elədiniz ki, məhz güclü olanlar tolerant ola bilir. Məhz özünə əmin olan xalq tolerant ola bilər. Nə qədər desələr də ermənilər özlərinə əmin, özlərinə dəyər verən xalqdırlar, bu belə deyil. Bəzən hətta bizə də nümunə gətirirlər ki, görürsünüzmü, erməni erməninin tərəfini necə saxlayır? Amma əslində vəziyyət necədir? Ermənilər hansı erməniyə dəstək olurlar? Ermənilər yalnız onların işlərinə hansısa maddi yardım eləyə bilən erməniyə dəstək dururlar. Acından ölən erməni nə digər erməniyə, nə də Ermənistana maraqlı deyil. Onların müəyyən məqsədi var, müəyyən mənafe güdürlər.. Bu da ondan ibarətdir ki, mən türkün yanında duran müddətdə zəif görünməməliyəm. Sərkisyanın dediyi bir cümləyə diqqət yetirək: “Biz Xocalını ona görə törətdik ki, bizə aşağı baxırdılar, bizi qorxaq millət bilirdilər”. Deməli, sanki Xocalı soyqrımını törətməklə özlərini təsdiq etmiş oldular. Ermənistan necə tolerant ölkə ola bilər axı, bunlar başqa xalqı yanında saxlaya, onunla yola gedə bilmir, başqaları ilə normal münasibət qurmağı bacarmır. Rusu, farsı yalnız ona görə qəbul edirlər ki, bunlar erməniyə arxa durur, türklə mübarizədə kömək edir. Orada acından ölənlər günü-gündən çoxalsa da onlar məqsədlərindən geri çəkilməyəcəklər. Çünki nə qədər ki, türk var, onlar rahat olmayacaqlar. Azərbaycanın əsas əhalisi türk olub, hakimiyyət onun əlində olub, diqtə edən o olub. Bizim mədəniyyətimiz aparıcı olub. Bu gün bütün Qərbin də türkü sevməməsi çox normaldır. Osmanlı imperiyası neçə illər Qərbə hakim olub. Onlara mədəniyyət, sivilizasiya, rahatlıq verib. Bu gün Macarıstan da etiraf edir ki, Osmanlı imperiyası olmasaydı, bizim dilimiz çoxdan yox olardı. Bu əsarət olmayıb, himayə olub. Əsarət altında olan Hindistan olub. Əgər belə olmasaydı, bu gün ingilis dili Hindistanda dövlət dili olmazdı. Amma türk hər yerdə mənəvi böyüklüyünü göstərib. Digər xalqlara öz mədəniyyətlərini, adət-ənənələrini saxlamağa, qorumağa, yaşatmağa icazə verib, şərait yaradıb. Eyni zamanda göstərib ki, o böyükdür. Niyə ermənilər indiyədək bizim dastanlarımızı, mahnılarımızı, hətta milli xörəklərimizi belə özününküləşdirməyə çalışır, özlərininki elan edir? Çünki bütün saydıqlarımın qədim tarixi var, türkün o tarixi vasitəsilə ermənilər özlərinin kökünü bərkitməyə cəhd edirlər. Amma biz bu plagiat, özününküləşdirmə faktlarına bir dəfə dillənirik, bir dəfə dillənmirik. Bəzən də onların belə cəhdlərinə əhəmiyyət belə vermirik.

– Böyüklük bizdə qalsın deyirik, amma onlar da mütəmadi, ardıcıl şəkildə öz işlərini davam etdirirlər...  

– Bəli, elə bu çəkdiyiniz misala diqqət yetirək: “böyüklük bizdə qalsın”- yenə də özümüzü böyük hesab edərək dözümlülük nümayiş etdiririk.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





10.04.2013    çap et  çap et