Səidə HÜSEYNOVA
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Media və Təhsil İnnovasiyaları Mərkəzi”
İctimai Birliyinin sədri
ABŞ dövlətçiliyinin əsasını qoyanlar hesab edirdilər ki, cəmiyyətin taleyi idarə edənlərin şəxsi keyfiyyətlərindən asılı olmamalıdır, çünki “insanlar heç də mələk deyillər”. Bunu nəzərə alaraq onlar idarəetməyə “təbii aristokratiyanın” cəlb olunmasına, ictimai mənafeyə qulluq etməyi hər şeydən üstün tutan şəxslərin rəhbər vəzifələrə təyin edilməsinə qərar verirdilər. Ancaq tarix onu göstərdi ki, idarəçilikdə sosial mənsubiyyət düşünüldüyü qədər rol oynamır, insanların, bütövlükdə dövlətin taleyi, ölüm ya olum məsələsi məhz rəhbərin əqidəsindən, fərdi keyfiyyətlərdən, bilik və bacarığından asılı olur. Bu nöqteyi-nəzərdən ümummilli lider Heydər Əliyev şəxsiyyətinin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri var. Çıxılmaz böhran, amansız erməni işğalının acıları, qıtlıq yaşandığı, sabitlik olmayan, dövlətin sütunları laxlayan bir zamanda xalq Heydər Əliyevi köməyə çağırdı. Çünki xalq onun I-ci hakimiyyəti zamanı ağır durumda olan ölkəni necə dirçəltdiyini görmüşdü. Azərbaycanın dünya birliyi tərəfindən müstəqil hüquqi, demokratik bir dövlət kimi tanıtmaq, mövcud potensialdan istifadə etməklə iqtisadiyyatı müasir tələblər səviyyəsində mödernləşdirmək kimi başlıca vəzifələri yalnız Heydər Əliyev gerçəkləşdirməyə qadir idi. Bu dövrdə Azərbaycanın Silahlı Qüvvələri formalaşdırıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı siyasi və diplomatik vasitələr işə salındı, 1994-cü ilin mayında isə atəşkəsə nail olundu. “Hərbi əməliyyatların dayandırılması və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində apardığı məqsədyönlü dövlət siyasətində xidmətlərinə görə” Prezident Heydər Əliyev 1999-cu ildə Türkiyənin ən nüfuzlu “Atatürk Sülh Mükafatı”na layiq görüldü.
Mövzu ilə bağlı mütəxəssis rəylərini, statistik məlumatları və tarixi sənədləri araşdırarkən diqqəti cəlb edən, 2001-ci ildə İTAR-TASS agentliyinin baş direktorunun I müavini Mixail Qusmanla müsahibəsində Heydər Əliyevin söylədiyi bu kəlamlar oldu: “1969-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Komitəsinə I-ci katib təyin edilən ərəfədə ölkənin iqtisadi vəziyyəti çox mürəkkəb idi. Moskvada Azərbaycanın adı mənfi hallanırdı. DTK generalı kimi ölkənin bütün problemlərindən xəbərdar olduğumdan işə başlayanda əhali ilə sıx görüşməyə, bölgələrə getməyə, məsələləri kökündən həll etməyə çalışdım. Məlum oldu ki, xalq elə bunu gözləyirmiş”.
Heydər Əliyevin I hakimiyyəti dövründə Azərbaycan SSRİ miqyasında 12 dəfə birincilik qazandı,12 keçici bayraq əldə etdi. SSRİ-nin rəhbəri L.İ.Brejnev deyirdi: “Şiroko şaqaet Azerbaydjan”(Azərbaycan iri addımlarla addımlayır). Xalq təsərrüfatının aparıcı sahəsi sayılan sənaye istehsalının həcmi 1982-ci ildə 1969-cu illə müqayisədə 2,7 dəfə artdı. İnqilabdan əvvəlki Azərbaycanda yanacaq sənayesi başlıca sahə idisə, 80-ci illərin əvvəlində sənaye strukturunda bütün müasir sahələr təmsil olundu. Kənd təsərrüfatının ümumi məhsulu 1969-cu illə müqayisədə 2,5 dəfə artdı. Üzüm istehsalında Azərbaycanın xüsusi çəkisi keçmiş ittifaqda 1969-cu ildəki 6,5 faizə qarşı 1982-ci ildə 23,2 faiz təşkil etdi. Şərabçılıq sənayesinin istehsal həcmi 4 dəfədən çox artaraq respublikanın bütün sənaye istehsalının həcminin 1/7 hissəsini təşkil edirdi. 40-dan çox yeni ilkin şərabçılıq zavodları, keçmiş ittifaqda ən iri Məişət Kondisionerləri zavodu, yeni Bakı Neftqayırma zavodunda neftin emalı üzrə güclü ELOU-AVT qurğusu, Sumqayıtda kompressorlar, Bakıda və Mingəçevirdə iripanelli evtikmə kombinatları, Salyanda plastik kütlənin emalı, Masallıda Keramzit Çınqıl zavodları, Ələtdə Ağac Emalı kombinatı, Sumqayıtda üst trikotaj və xovlu iplik, Yevlaxda yunun ilkin emalı fabrikləri, Bakıda və Xankəndində ayaqqabı fabrikləri, Bakıda Şampan Şərab zavodları, Xırdalanda ət emalı zavodu, eləcə də elm, təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilib istifadəyə verildi. 1969-cu ilədək Azərbaycanda 735 sənaye obyekti tikilmişdirsə, Heydər Əliyevin rəhbərlik etdiyi 14 ildə onların sayı 1048 olub. Nəqliyyatın bütün növlərinin inkişafı, genişlənməsi və yenilənməsi üzrə böyük işlər aparılıb. 376,1 min yeni mənzil tikilib, ölkədə hər üçüncü sakin yeni mənzillə təmin edilib. Milyon mənzil qazla təmin olunub, 2,6 min kəndə qaz kəməri çəkilib. Kür su kəmərinin I növbəsinin istismara verilməsi, fəaliyyətdə olan su kəmərlərinin gücünün yenidən qurulması və genişlənməsi sayəsində şəhər sakinlərinin su təminatı 2 dəfə yaxşılaşdırılıb.
Heydər Əliyev hər zaman xalqının bu gününü və sabahını düşünürdü. Ona görə də “Azərbaycan dünyaya Günəş kimi doğacaq” deyirdi və bu amalla yaşadı, yaratdı. Hesablamalara görə yanacaq ehtiyatlarının miqdarına görə Xəzər hövzəsi Səudiyyə Ərəbistandan sonra ikinci yer tutur. İran, İraq və Livanda birlikdə 250 mlrd. barel yanacaq ehtiyatı var. Xəzər hövzəsində bu göstərici 3350 mlrd. ton arasındadır. Neft inteqrasiya proseslərinə güclü təkan verməklə yanaşı, dünya dövlətlərinin geosiyasi mübarizəsinə meydan oldu. Siyasətçilərin dediyinə görə 1995-ci ildə BMT-nin yaradılmasının 50 illiyi ilə bağlı keçirilən tədbirdə Rusiya və ABŞ prezidentləri arasında narazılıq məhz Azərbaycan məsələsinin gələcəyi ilə bağlı olub. Toqquşan maraqlar fonunda Heydər Əliyev Azərbaycan iqtisadiyyatının əsas istiqaməti olan neft strategiyasının həyata keçirilməsinə nail oldu.
“Əsrin müqaviləsi” Xoşbəxt Yusifzadə dediyi kimi, qədim neft diyarı kimi tanınan Azərbaycanın keçmiş şöhrətini özünə qaytardı, neft-qaz sənayesinin dinamik inkişafının təməlini qoydu, respublikada karbohidrogenlər hasilatının səviyyəsini yüksəltməyə imkan yaratdı. Azərbaycan neft-qaz sənayesinə indiyədək 35,5 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bu son hədd deyil. Heydər Əliyev müdriklik və uzaqgörənlik nümayiş etdirərək Neft Fondunu yaratdı. “Mənfəət nefti”ndən əldə edilən gəlir bu fondda cəmləşir, xalqın rifahının yüksəldilməsinə yönəldilir.
Azərbaycanı böhrandan stabil inkişaf yoluna çıxardan Heydər Əliyev kənd təsərrüfatının inkişafını yalnız məhsul istehsalını hayəta keçirən bir sistem kimi deyil, bütövlükdə kəndin çoxfunksiyalılığının qorunub saxlanılması, ekoloji tarazlığın təmin edilməsi və alternativ məşğulluğun təmin edilməsi baxımından mühüm hesab edirdi. 1992-ci ildə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu”nu yaratmaqla, sahibkarlığa dövlət büdcəsi vəsaiti hesabına güzəştli kreditlər verilməsini təmin etdi. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramının (1997-2000 illər) təsdiq edilməsi haqqında” Fərmanı kənd təsərrüfatının makroiqtisadi tənzimlənməsinə, bu prosesin səmərəliyinin yüksəlməsinə yönəlmiş tədbirlərdən idi. Kənd təsərrüfatının hər sahəsi əhalinin tələbatını ödəyəcək qədər inkişaf etdi.
Heydər Əliyev iqtisadiyyatın inkişafında nəqliyyatın həlledici roluna yüksək qiymət verir bu işləri incəliyinə kimi bilirdi. SSRİ Nazirlər Sovetinin sədrinin I müavini olaraq Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikinti Nazirliyi, SSRİ Rabitə Nazirliyi, eləcə də, müttəfiq respublikaların avtomobil, çay nəqliyyat və yol təsərrüfatı üzrə məsələlərə nəzarət edirdi. 2002-ci ildə Bakıda keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 33-cü yığıncağında Rusiya Federasiyasının yollar naziri onun bu sahəyə rəhbərliyindən böyük razılıqla danışıb və prezident V.Putinin tapşırığı ilə prezident Heydər Əliyevə dəmir yol nəqliyyatının inkişafında böyük xidmətlərinə görə “Transsibir magistralının 100 illiyi” medalını, habelə nazirliyin kollegiyasının xatirə hədiyyəsini təqdim etdi.
Əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycanın açıq dənizə çıxışı olmasa da beynəlxalq bazarlardan təcrid olunmayıb, tranzit nəqliyyat dəhlizləri inkişaf etdirilib. 1998-ci ildən başlayaraq “İpək Yolu”nun Avropa-Qafqaz-Asiya magistral dəhlizinin Azərbaycanda mərkəzi mövqe tutması Avropa ölkələri ilə səmərəli iqtisadi əlaqələrin inkişafına zəmin yaratdı. Prezident Heydər Əliyev İpək Yolunun bərpası sahəsində fəaliyyətinə, böyük zəhməti və qətiyyətli mövqeyinə görə Türkiyənin “İpək Yolu Təchizat Mərkəzi” və “İpək Yolu Fondu” tərəfindən 1998-ci ildə “Böyük Lider” mükafatına layiq görülüb və “İpək Yolu Fondu”nun fəxri sədri seçildi.
“Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi turizmin inkişafı üçün də münbit şərait yaradıb, ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının əsasını qoyub. Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, otel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. Yeni elektrik stansiyalarının, su anbarı və su elektrik stansiyalarının tikintisi energetika sisteminin də dayanıqlı olduğunu göstərdi. Bu gün Azərbaycan iqtisadi inkişafın yeni mərhələsindədir, texnoloji və innovativ iqtisadiyyata yönəldilmiş siyasət həyata keçirilir. Dövlətin iqtisadi və hərbi gücünün inkişafını daim diqqət mərkəzində saxlayan Heydər Əliyevin sayəsində 1970-1982-ci illərdə onlarla müdafiə təyinatlı elm və istehsal müəssisələri yaradılıb. Kosmik texnika və texnologiyaların yaradılması və aerokosmik tədqiqatların aparılması məqsədilə 1974-cü ildə AMEA nəzdində “Kosmik cihazqayırma məxsusi konstruktor bürosu”, müstəqillik əldə ediləndən sonra Müdafiə Sənayesi Nazirliyinin nəzdində Milli Aerokosmik Agentliyi fəaliyyət göstərir. 17.02.2003-cü il tarixdə Heydər Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)” davamı olaraq Prezident İlham Əliyevin 04.11.2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Dövlət Proqramı reallaşdırıldı.“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında neft sahəsindən sonra rabitə və informasiya texnologiyaları sahəsi prioritet sahə elan edildi. Bu nəticələrin qorunub saxlanması və səmərəliliyinin daha da artırılması onu göstərdi ki, Azərbaycan bazar iqtisadiyyatının keçid dövrünü başa vurub. Düşünüldüyü kimi investisiyaların həlledici hissəsi təkcə Bakıya deyil, regionların inkişafına yönəldilir. Müasir standartlara cavab verən maşınqayırma, alüminium, sement zavodları, konserv, süd və ət emalı, çörək istehsalı müəssisələri, quşçuluq fabrikləri və digər sənaye müəssisələri istismara verilib, yeni istehsal və emal sənayesi müəssisələrinin tikintisi bu gün də davam edir. Ən əsası isə budur ki, bütün strateji məqsədlərin həyata keçirilməsinə yönəldilən sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edir. Bu əməyini unutmadığımız ümummilli lider Heydər Əliyevin arzusu idi, elə xalq da bunu gözləyirdi...
Qeyd : Yazı Zərdabi Mətbuat Mərkəzinin iqtisadi mövzuda keçirdiyi müsabiqəyə təqdim olunur.
çap et