525.Az

Bilik Fondunun “Mədəni maarifləndimə” proqramı - Fotolar


 

Bilik Fondunun “Mədəni maarifləndimə” proqramı - <b style="color:red">Fotolar</b>

“Mədəni maarifləndimə” proqramı çərçivəsində filmlərin nümayişinə start verdik.

Əvvəlcə Bilik Fondunda Can Dündarın Nazim Hikmət haqqında çəkdiyi sənədli filmin nümayişini təşkil etdik. Filmə baxışdan sonra tanınmış jurnalistlərin, QHT rəhbərlərinin iştirakı ilə Nazim Hikmət yaradıcılığı, həyatı və şəxsiyyəti ətrafında maraqlı müzakirə açıldı.

Sonra qərara aldıq ki, həmin proqram çərçivəsində milli filmlərimizn nümayişini təşkil edək ki, son illər çəkilən, amma nümayiş etdirilməyən, yaxud çox az nümayiş olunmuş filmləri həm öz gənclərimizə, həm də xarici ölkələrdən gəlib ölkəmizin müxtəlif ali məktəblərində təhsil alan əcnəbi tələbələrə göstərək.

Bu həm gənclərin maarifləndirilməsinə, mədəniyyətə, incəsənətə meyillərinin artırılmasına xidmət edər, həm də əcnəbi tələbələr ölkəmiz və mədəniyyətimiz barədə müfəssəl məlumat almış olarlar.

Bu səbəbdən layihəyə “Azərbaycanfilm” kinostudiyasını da cəlb etdik.

Kinostudiyanın direktoru Müşfiq Hətəmovla danışıqlarımız müsbət nəticələndi və onlar “Azərbaycanfilm”də son illər çəkilmiş filmləri bizə təqdim etdilər.

Kinostudiyanın rəhbərliyinin və nümayiş etdirdiyimiz hər bir filmin yaradıcı heyətinin də iştirakı ilə nümayişləri davam etdiririk.

Bilik Fonunda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında çəkilən "Axınla aşağı" bədii filminin təqdimatı baş tutdu.

Filmə baxışdan sonra Bilik Fondunun əməkdaşları və könüllülərinin, həmçinin yaradıcı qrupun iştirakı ilə ekran əsərini müzakirə etdik. Hər müzakirədən həqiqət doğur. İştirakçıların hər biri filmdən aldığı təəssüratı bölüşdü, onları maraqlandıran məqamlara toxundular.

Ssenari müəllifi və quruluşçu rejissor Asif Rüstəmov, baş rolun ifaçısı Namiq Ağayev “Axınla aşağı” filminin çəkiliş prosesindən, ideya istiqamətindən və cəmiyyətə ötürülən vacib mesajlardan söhbət açdılar. Onlara ünvanlanan çoxsaylı sualları cavablandırdılar.

Filmin ikinci təqdimatının məhz Bilik Fondunda baş tutmasını yüksək qiymətləndirən baş rolun ifaçısı Namiq Ağayev Azərbaycanda kino sənəti sahəsində maarifləndirmə işlərinin aparılmasında Fondun böyük rol oynacağına əmin olduğunu dedi.

Biz də bir məqama əmin olduğumuzu bildirdik – burda səslənən fikirlər, iradlar və təkliflər gələcək yaradıcı proseslərdə onlara yalnız yardımçı olacaq.

Növbəti nümayişimiz “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Dərs” filmi oldu. Nümyişdə paytaxtın Nərimanov rayonunun 207 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, Fondun müxtəlif ali məktəblərin tələbələrindən ibarət könüllülər qrupu iştirak edirdi. “Dərs” filminin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri Müşfiq Hətəmovdur. Nümayişdən sonra yaradıcı qrupla birgə filmin müzakirəsi keçirildi.

Bilik Fondunda bu silsilədən təqdim olunan növbəti film “Sarılar – Qarabağ atının izi ilə” sənədli filmi oldu.

Nümayişdə müxtəlif ali təhsil ocaqlarının yerli və xarici tələbələri, Bilik Fondunun Könüllülər Birliyinin üzvləri, alimlər iştirak etdilər.

“Sarılar – Qarabağ atının izi ilə” sənədli filmi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və “BP Azərbaycan” şirkətinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Almaniyanın “Studio Tor 1” Filmproduktion şirkəti tərəfindən istehsal edilib.

Çəkilişləri Azərbaycan, İngiltərə, İsveçrə və Almaniyada aparılan filmin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.

“Mədəni maarifləndirmə” proqramı çərçivəsində yalnız filmlərin nümayişi ilə kifayətlənmirik. Proqram çərçivəsində paytaxtın müxtəlif teatrlarının tamaşalarına bilet alıb qaçqın və məcburi köçkün məktəblərində təhsil alan şagirdləri, tələbələri, fiziki qüsurlu uşaqların təhsil aldığı internat məktəbləri tamaşalara dəvət edirik.

Milli Dram Teatrının, Gənc Tamaşaçılar, Şuşa Musiqili Dram, Kukla teatrlarına belə “ziyarətlərimiz” çox olub və davam edir.

SOS Uşaq Kəndinin sakinləri olan məktəbliləri Dövlət Pantomim Teatrının “Fəlakət” tamaşasına aparmışıq. Tamaşada fövqəladə vəziyyətlərdə uşaqların necə hərəkət etməli olduqları sənətin dili ilə məktəblilərə izah edilir.

Şuşa Musiqili Dram Teatrının “Vətən dərsi” tamaşasının bir-neçə orta məktəbdə göstərilməsinə nail olmuşuq. Tamaşa uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasına yardım edir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dördüncü kurs tələbələrinin hazırladıqları “Ölülər” tamaşasını Fondun “Auditoriya +” layihəsi çərçivəsində əyani vəsait kimi orta məktəblərin 10-11-ci sinif şagirdlərinə təqdim etdik.

Könüllülərimiz olan tələbələrin xahişi ilə ADMİU-nin dosenti, aktyor Məmməd Səfanın tələbələrinin diplom işi olan bu tamaşa Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri üçün ali məktəbin öz zalında oynanıldı.

Bilik Fondu “Mədəni maarifləndirmə” proqramı çərçivəsində kitabın təbliğatı ilə bağlı müxtəlif səpgili tədbirlərə imza atır. AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə birgə bir sıra məktəblərə, hərbi hissələrə, məscidlərə kitablar hədiyyə etmişik. Qaradağ rayonu Lökbatan qəsəbəsi 288 saylı məktəbin məktubu əsasında məktəbin kitabxanasına nağıllardan, klassik xarici və milli ədəbiyyat nümunələrindən ibarət 40 ədəd kitab bağışladıq.

Yenə MEK-nın köməkliyi ilə SOS Uşaq Kəndinin ktabxanasını zənginləşdirdik, kitabxanya və uşaqların öz şəxsi kitabxanalarına ümumilikdə 100-ə yaxın kitab verdik.

Bilgəhdəki müharibə və əmək veteranları pansionatının kitabxanasını zənginləşdirmək məqsədilə ahıllara 200 adda kitab hədiyyə olunub.

Beynəlxalq Əlilliyi olan Şəxslər günü münasibəti ilə Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olduq. Ordakı gənclərin istəyinə əsasən, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində ödənişsiz xarici dil kurslarının açılmasını, müxtəlif

elm, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların iştirakı ilə görüşlərin keçirilməsini təklif etdik.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının hədiyyə etdiyi 150 adda kitabı onlara çatdırdıq.

Mütəmadi olaraq məktəblilər və gənclər arasında şeir, inşa və əl işləri müsabiqəsi, müxtəlif sərgilər keçiririk. “Qönçələrin çiçək dünyası”, “Kitabi-Dədə Qorqud məktəblilərin gözü ilə”, “Mənə bir nağıl danış, sənə bir rəsm çəkim” adlı sərgilərimiz olub.

Ramilə QURBANLI
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparıcı məsləhətçisi

 





13.01.2017    çap et  çap et