525.Az

“Müharibənin olması qaçılmaz görünür”


 

“Müharibənin olması qaçılmaz görünür”<b style="color:red"></b>

AZƏRBAYCAN MİNSK QRUPUNUN TƏKLİFİNƏ RAZILIĞINI VERİB 

Rəsmi Bakı ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünü təşkil etmək təklifinə razılığını verib. “Trend”ə istinadən “525” xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. O, qeyd edib ki, gələn ay Minsk qrupunun həmsədrləri regiona gələcəklər.

Məsələ ilə əlaqədar “525”in müxbirinə açıqlama verən Politoloq Ərəstun Baxşəliyev Azərbaycanın bütün imkanlardan yararlanaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində hansısa irəliləyişə nail olmaq istədiyini bildirib. O, hesab edir ki, Rəsmi Bakı regionda yeni müharibənin start götürməsinə heç vəchlə razı deyil: “Əgər regionda hər hansı bir müharibə baş verərsə, bu həm regionu və həm də qlobal dünyanın təhdid altında qoya bilər. Digər tərəfdən müharibə ölüm, illər uzunu dirçəldilmiş iqtisadiyyatın isə məhv edilməsi deməkdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan tərəfi hələ də problemin sülh yolu ilə həll edilməsində daha çox maraqlı tərəf kimi çıxış edir. Fikrimcə işğalçı Ermənistan və onun himayədarları bu durumdan müsbət yöndə faydalanaraq problemin həllinin irəliyə doğru aparılması üçün əməli addımlar atmalıdırlar. Əgər bu addımlar bir an öncə atılmazsa, o zaman təbii olaraq Azərbaycan öz suveren hüquqlarından, eləcə də BMT Təhlükəsizlik Şurası, Avropa Şurası və digər beynəlxalq qurum və təşkilatların məsələ ilə bağlı çıxarmış olduğu qərar və qətnamələrdən yararlanaraq, işğal altında olan ərazilərini azad edəcək”.

Bölgədəki vəziyyətin gərgin situasiyaya daxil ola biləcəyindən hər iki tərəfdən çıxış edən qüvvələrin xəbərdar olduğunu diqqətə çatdıran E.Baxşəliyev davam etdirilən danışıqlar prosesinin bir qədər də uzadılması cəhdləri özünü doğrultmayacağını vurğulayıb. O, qeyd edib ki, əgər vəziyyət belə davam edərsə, onda sözsüz olaraq müharibənin başlanması birmənalı olaraq qaçılmaz olacaq: “Çoxları müharibənin başlayacağına inanmırlar. Hətta belə bir fikirlər səsləndirilir ki, buna Qərb imkan verməz və ya Rusiyanın bu məsələyə olan təpkisi Azərbaycanı bu fikrindən daşındıra bilər. Əlbəttə ki, Qarabağda münaqişə başlasa Rusiya dayanıb baxmayacaq. “Biz Ermənistan qarşısındakı öhdəliklərimizə sadiqik” formasındakı açıqlamalar, o cümlədən hərbi silahlanmanın yüksək həddə çatması, cəbhə xəttində ara-sıra yaşanan gərginliklər, bütün bunların fonunda isə Ermənistan tərəfinin mütəmadi şəkildə silahlandırılması və s. bu kimi faktlar əslində vəziyyəti açıq-aydın göstərir”.

E.Məmmədyarov bildirib ki, həmsədrlərin regiona sonuncu səfəri zamanı XİN rəhbərlərinin görüşünün keçirilməsindən başqa heç bir yeni təklif olmayıb. E.Məmmədyarov bildirib ki, rəsmi Bakı bu təklifə müsbət cavab verib.

Politoloq E.Baxşəliyev onu da qeyd edib ki, vəziyyətin gərgin situasiyaya girməsi və mövcud status-kvonun qorunub saxlanmasının yolverilməz olduğu ölkə prezidentinin vermiş olduğu açıqlamalarda da açıq-aydın bir şəkildə özünü biruzə verir: “Azərbaycan Prezidentinin hələ keçən ilin iyun ayında “Euronews” telekanalına müsahibəsində gözlənilən Kazan görüşünü şərh edərkən bildirib ki, artıq dünyada aydın şəkildə başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyildir və atəşkəs rejiminin daim pozulması hamıda – Azərbaycanda, Ermənistanda, dünya ictimaiyyətində böyük narahatlıq yaradır. Heç uzağa getmədən bir başqa nümunə ölkə Prezidenti İlham Əliyevin keçirdiyi müşavirələrdən birində, sanki üstüörtülü şəkildə daha çox Rusiyanın hərbi əməliyyatların başlamasına imkan verməməyə və mövcud status-kvonu saxlamağa xidmət edən təşəbbüsünə eyham edərək, “kimlərsə danışıqların ancaq müharibəni əngəlləməyə xidmət edəcəyini düşünürsə, yanılır” formasındakı vermiş olduğu açıqlaması başladılacaq müharibənin heç də uzaqda deyil, lap yaxında olduğuna ən bariz nümunədir. Konkret olaraq gərginliyin pik həddə olduğunu anlayan ATƏT rəsmiləri tərəfindən atılan bu addımlar əslində müharibənin alovlanmamasına xidmət edir. Nəzərdə tutulan görüşün keçirilməsi də məhz bu qəbildəndir. Belə bir görüşün keçirilməsi ilk dəfə deyil ki, baş tutur. Məlum Paris görüşləri buna əyani misaldır”.

Jurnalistlərin Men ştatının Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ regionunun müstəqilliyinin tanınması barədə ABŞ Prezidenti və Konqresinə müraciət etdiyi qətnaməsilə bağlı sualını şərh edən nazir bəyan edib ki, bu, erməni lobbisinin səylərini və öz əhəmiyyətlərini göstərmək istəklərini nümayiş etdirir.

BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı isə hesab edir ki, bu danışıqlardan ciddi bir irəliləyiş gözləməyə dəyməz: “Hazırki durum bunu belə deməyə əsas verir. Ermənistan rəsmilərinin bir-birinin ardınca verdiyi sərsəm bəyanatlar, bəzi hallarda bu dövləti himayə edən dövlətlərin mətbu orqanlarda qondarma Qarabağ rejiminin tanına biləcəyinə sətraltı işarələrin vurulması, habelə Ermənistan tərəfinin davamlı bir şəkildə silahlandırılması danışıqlarının müsbət məcrada deyil də, tam tərsi olaraq mənfi məcrada davam etməsinə gətirib çıxarır. ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistanın xarici işlər nazirləri rəhbərlərinin görüşünü təşkil etmək təklifinə razılığını verməsi fikiri heç bir ciddi mahiyyət daşımır.

İndiyə qədər belə görüşlərin təşkil olunduğunu və heç bir dəyişikliyin olmadığınıı vurğulayan N.Orduxanlı hesab edir ki, Minsk qrupunun Qarabağ probleminin həllində hər hansı bir irəliləyiş arzusunun olduğu inandırıcı deyil: “Bu qurum Azərbaycanın milli maraqlarına cavab vermir. Əksinə vəziyyəti stabil şəkildə saxlamağa cəhd etməsi və Azərbaycanın müharibə çağırışını qəbul etməməsi birbaşa Ermənistanın milli maraqlarına xidmət edir. Bilərəkdən prosesi uzadırlar. Bu görüş də heç bir nəticə verməyəcək. Azərbaycan xalqı Qarabağı müharibə ilə geri qaytara bilər. Bizim başqa yolumuz yoxdur”.

Azərbaycanın Dağlıq Qarabağ regionunun müstəqilliyinin tanınması barədə ABŞ Prezidenti və Konqresə müraciət məsələsinə də toxunan politoloq N.Orduxanlı, bunu ABŞ-da erməni lobbisinin fəaliyyəti kimi qiymətləndirdiyini və ABŞ-ın Azərbaycanın əleyhinə hər hansı bir qərar qəbul edəcəyinə inanmadığını bildirib.

Ceyhun ABASOV

 





12.04.2013    çap et  çap et