525.Az

Azərbaycan iqtisadiyyatını dünya ölkələri üçün cəlbedici edən amil...


 

EMİL HÜSEYNLİ: "DAVOS FORUMU AZƏRBAYCANIN QEYRİ-NEFT SEKTORUNA XARİCİ İNVESTİSİYANIN QOYULUŞU ÜÇÜN LOKOMOTİV ROLUNU OYNAYACAQ"

Azərbaycan iqtisadiyyatını dünya ölkələri üçün cəlbedici edən amil...<b style="color:red"></b>

"Azərbaycan prezidenti İlham Əliyev hər il Davosda keçirilən Dünya İqtisadi Forumunda iştiraka ciddi önəm verir. Bu da təsadüfi deyil. Çünki Davosda dünyanın tanınmış ictimai-siyasi xadimləri, iqtisadçıları, dünya iqtisadiyyatını idarə edən məşhur şirkət rəhbərləri iştirak edirlər".

Bu sözləri "525"ə açıqlamasında "Düşüncə" İctimai Birliyinin sədri, ekspert Emil Hüseynli deyib. Onun sözlərinə görə, artıq 11-ci ildir ki, Dünya İqtisadi Forumunda iştirak edən Azərbaycan prezidenti İlham Əliyev forum çərçivəsində çox mühüm ikitərəfli görüşlər keçirir: "Bu görüşlərdə Azərbaycanın böyük layihələrdə iştirakı, ölkəmizə xarici sərmayələrin cəlbi kimi çox mühüm məsələlər müzakirə edilərək həllini tapır. Bu isə böyük investisiya deməkdir".

Bu gün Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafının bir nömrəli məsələ olduğunu deyən E.Hüseynli qeyd edib ki, hökumət bu istiqamətdə 2016-cı ildən köklü islahatlara başlayıb: "Davos Forumu Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyanın qoyuluşu üçün lokomotiv rolunu oynayacaq. Həmçinin dünya birliyində Azərbaycanın siyasi və iqtisadi mövqeyini möhkəmləndirəcək".

Ümumiyyətlə, Azərbaycanın dünyanın tanınmış maliyyə, iqtisadi institutlarla, təşkilatlarla dayanıqlı əməkdaşlığı çoxillik göstəricilərə hesablanmış siyasət olduğunu deyən ekspert bildirib ki, bu, çox uğurlu siyasətdir: "Bu, investisiya artımı, yetərli tərəfdaşların olması deməkdir. Azərbaycanın iqtisadi inkişaf modelini dünya ölkələri üçün cəlbedici edən amillərdən biri də məhz prezident İlham Əliyevin neçə illərdir Dünya İqtisadi Forumunda etdiyi çıxışlar, keçirdiyi ikitərəfli görüşlərdə aparılan müzakirələrdi. Ən böyük divident isə qlobal güclərin Azərbaycana marağını artırmaqdır".

Qeyd edək ki, yanvarın 16-da prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə rəsmi səfər edib. Forum yanvarın 17-də öz işinə başlayıb. Dövlət başçısı Davosda keçirilən tədbir çərçivəsində bir sıra dövlətlərin yüksək səviyyəli rəsmi şəxsləri və aparıcı dünya şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib, iqtisadi və siyasi məsələlərə dair ciddi müzakirələr aparıb. Forum öz işini yanvarın 21-də yekunlaşdıracaq.

Ceyhun ABASOV

 





19.01.2017    çap et  çap et