525.Az

İslam elm tarixində “Azərbaycan məktəbi”


 

İslam elm tarixində “Azərbaycan məktəbi”<b style="color:red"></b>

Dünya və elm tarixinə baxdığımızda müxtəlif sivilizasiyalar daxilində xüsusi intellektual çəkiyə malik olan məktəblərin mövcudluğuna şahid oluruq.

Məhz bu düşüncə məktəbləri sayəsində elm tarixi şəkillənmiş və bir baxıma zəngin paradiqmalar meydana gəlmişdir. Bu paradiqmalar zamanla bir-birini əvəzləmiş, inkar etmiş, təsdiqləmiş və nəticədə insanın dünyanı və özünü kəşf etməsində ən güclü arqumentlər silsiləsinin yaratmasına müvəffəq olmuşdur. Yaşayan sivilizasiya olaraq İslam  mədəniyyətində də güclü intellektual məktəblər və elmi mərkəzlər mövcud olmağa davam edir. Məhz bu elmi və intellektual məktəblər sayəsində elmin bütün sahələrində ciddi əsərlər yazılmış və dünya elm tarixinə qiymətli töhfələr verilmişdir.

İlkin olaraq onu qeyd edim ki, İslam elm tarixində intellektual məktəblər və elmi mərkəzlər arasında “Azərbaycan Məktəbi“-nin xüsusi yeri vardır. Məhz tarixə nəzər saldığımızda da Azərbaycanda məşhur islam alimləri və mütəfəkkirlərinin yetişdiyini əminliklə ifadə edə bilərik. Bu səbəblə də son vaxtlarda həm əqli (rasional), həm də nəqli(dini) elmlərdə “Azərbaycan Məktəb“inin mövcudluğunun müəyyən olunması çox əhəmiyyət kəsb etməklə bərabər sistemli tədqiqatları vacib hala gətirməkdədir. Məhz məşhur İslam düşüncəsi professoru Seyyid Hüseyn Nəsr 2009-cu ildə Bakıda təşkil olunan İbn Ərəbi simpoziumunda  bu mövzuya toxunmuş və  “Azərbaycan Məktəbi“nin İslam elm tarixindəki yerini belə əsaslandırmışdır: “Azərbaycan məktəbi çox önəmli üç ünsürün bir arada olduğu bir məktəbdir: birincisi, rasional fəlsəfə(rasionalist deyil); ikincisi, təsəvvüf; üçüncüsü, ən üst dərəcə, yəni irfan olan elm. Bu üçü Azərbaycan və Şiraz məktəbləri olmadan mümkün olmayan İsfəhan məktəbində də mövcuddur”.

Bu kontekstdə qeyd etməliyəm ki, Azərbaycan məktəbi reallığından bəhs edərkən burada bu məktəbin izah olunmasında əsas amil kimi  etnik deyil, tarixi Azərbaycan ərazisi əsas alınır. Bu mənada bizdən çox uzaq bir dövrdə, etnik cəhətdən mürəkkəb bir cəmiyyətdə yazıb-yaratmış sənətkarların milliyyətini dəqiq təyin etmək bəzi hallarda mümkün olmur. Burada coğrafi amilləri əsas götürmək lazım gəlir. Yəni tarixi və coğrafi faktlara əsaslanaraq Azərbaycanın orta əsrlərdəki sərhədlərini müəyyənləşdirmək və bu sərhədlər daxilindən çıxmış alim, şair və ədibləri öyrənmək məsələsi meydana çıxır.

İslam mədəniyyətinə ciddi şəkildə töhfə verən Azərbaycanlı alim və mütəfəkkirlərin funksional rolunu daha dərindən anlamaq üçün məşhur fəlsəfə tarixçisi Etien Jilsonun (Etienne Gilson) 6-cı Dünya Fəlsəfəsi konfransında təqdim etdiyi məruzəsində bəzi məqamlara nəzər salmaq mümkündür. O, bu məruzəsində  İbn Sinanın əş-Şifa adlı əsərinin 13-cü əsrdə latın dilinə tərcüməsinin tənqidli nəşrinin həyata keçirilməsini təklif edir və belə deyirdi: “Bu əsərin ilk cildinin nəşr edildiyini gördüyümüz zaman Saint Jan rahibləri kimi “Ad Laudem Dei”(Tanrıya şükür edərik) deyə ucadan səslənə bilərik”. XX əsrin məşhur filosoflarından olan Jilsonun bu istəyi fəlsəfə tarixi içərisində çox yerində ifadə edilmiş fikirdir. Bu fikrin davamı olaraq və fəlsəfə tarixinə istinadən təqdim  etdiyimiz arqumentlər əsasında deyə bilərik ki, məhz Azərbaycan məktəbinə mənsub olan alim və mütəfəkkirlər sayəsində İbn Sinadan sonra elm və fəlsəfə tarixində ciddi sintezlər yaradılmışdır.

Təsadüfi deyil ki, Azərbaycan məktəbinə mənsub olaraq İbn Sinanın düşüncə sistemini daha da inkişaf etdirən Bəhmənyar əl-Azərbaycani, Nəsirəddin Tusi, Şihabəddin Sührəvərdi və digərləri bu sahədə aparılacaq ciddi tədqiqatlarla işıq üzünə çıxacaqdır.  Məsələn, Şihabəddin  Sührəvərdinin düşüncələri əsasən İbn Sina sonrası dövrə təsadüf edir. Belə ki, Sührəverdi dini və metafizik həqiqətin birliyini, harada olursa olsun-“Yunan fəlsəfəsində, qədim İran düşüncəsində, İslam Neo-Platonizmində və təsəvvüfündə”- həqiqəti axtarmağın vəzifə olduğunun vacibliyini müdafiə edir.

Məhz Şihabəddin Sührəvərdinin başlatdığı bu düşüncə Səfəvi hakimiyyəti dövrü boyunca xüsusilə inkişaf etdirildi.  Bu mənada Monqolların istilasından sonra intellektual zəifləmə Şah Abbasın(1588-1629) dövründən sonra daha da canlandı. Bu Səfəvi dövrünün ən böyük alimi kimi qəbul edilən Sədrəddin Şirazi(ö.1641) kimi filosofun ortaya çıxmasına səbəb oldu. Digər tərəfdən Şirazinin kürəkəninin məşhur sufi-mütəfəkkir Fəyyaz Əbdür-Rəzzaq Lahici (ö.1662) olması ümumiyyətlə Azərbaycan məktəbi ve onun nümayəndələrinin daha sonrakı əsrlərdəki təsirini də ortaya qoyur.

Təsadüfi deyil ki, Səfəvilər dövründə Azərbaycan məktəbi İbn Ərəbinin təsirilə ədəbi sufizmin seçkin şəxsiyyətləri olan Əbdürrəhman Cami və Mahmud Şəbüstəri kimi irfan şairləri vasitəsilə mistik mahiyyətə büründü. Digər tərəfdən Aristotel fəlsəfəsini ciddi şəkildə tədqiqi və təbliğ edən Nəsirəddin Tusinin irsi əxlaqi ənənənin yenidən canlanmasına səbəb oldu. Məhz Cəlaləddin Dəvvani sufi olmaqla bərabər Şihabəddin Sührəvərdinin əsərlərini şərh etməklə Səfəvi dövlətinin fəlsəfi atmosferinin ən mühüm üç ənənəsini Aristotelçi, İbn Ərəbi və İşraki ənənəsinin sintezini əvvəlcədən göstərmişdir.

Ümumiyyətlə bu sahədəki səhv düşüncələrdən biri də budur ki, İslam Moğol işğallarından sonra geriləməyə məruz qalmışdır. Halbuki, Seyyid Hüseyin Nasra görə necə ki, incəsənət Səvəfilər dövründə  özünün zirvəsinə çatmış isə, eyni zamanda fəlsəfə, irfan və digər elm sahələri də  yüksək inkişaf mərhələlərini qət etmişdi. Məhz VII-XIII  əsrlər İslam intellektual məktəblərinin təşəkkülünün sona çatdığı deyil, əksinə çox önəmli İşraqi məktəbin başladığı dövürdür.

Bu arqumentlərdən belə anlaşılır ki, Səlcuqlu imperıyasının yarandığı ve yayıldığı dövrlərdə artıq “Azərbaycan Məktəbi“ özünün təşəkkül ve inkişaf mərhələsinə keçmiş idi. Sonrakı siyasi ve intellektual təlatümlər və dəyişmələr bu məktəbə də öz təsirini göstərmişdir.

“Azərbaycan Məktəbi”-nə daxil olan şairlərdən Xaqani Şirvani və Nizami Gəncəvini də qeyd etmək mümkündür. Belə ki, bu sahənin ciddi tədqiqatçılarından Həmid Dibaşiyə görə bu dövrdə fəlsəfəyə qarşı olma, şeirdə də öz əksini tapmışdı.  Bu dövrün ən məşhur şairlərindən biri olan Xəqani Şirvani, antik yunan fəlsəfəsinə ve ifrat rasionalist istiqamətlərə qarşı daxildən gələn mistik şeirlər yazırdı. Digər tərəfdən Fars dilində mənzum hekayə ənənəsi bu dövrdə yüksək şəkildə yayılmışdı. Bu ənənə, həm Homer dastanının gücünü, həm də daha sonralar Şekspir dramaturgiyasında meydana gələn incə zövqü özündə birləşdirən Nizami Gəncəvinin şeiriyyətində ən yüksək zirvəyə çatmışdı.

Yeri gəlmişkən qeyd edim ki, orta əsrlərdə Azərbaycan Məktəbinin şeiriyyət səviyyəsini yüksəklər qaldırmış Məhəmməd Füzulinin  Anadoluya da böyük təsirləri olmuşdur. Füzulinin qəzəlləri ve bir eşq dastanı olan "Leyla və Məcnun" əsəri, ona ədəbiyyat tarixində xüsusi bir yer almasına imkan yaratmışdır. Nəvai xaric bütün Türk dünyasında başqa heç bir şair onun qazandığı şöhrəti əldə etməmişdir.

Bütün bu fəaliyyətləri bir çox cəhətdən aktuallıq kəsb edir. Məsələn, orta əsrlərdə yaşamış Nemətullah Naxçıvani adlı sufi-alim öz təfsir əsərinin müqəddiməsində heç bir rəvayətə yer vermədən Tanrıdan gələn ilhamla yazdığını qeyd edir. O, əlbətdə ki rasional arqumentləri rədd etmirdi. Sadəcə rasional arqumentlər ilə mistik ilhama istinad edən idrak formalarının müxtəlif mahiyyətlərini göstərməyə çalışırdı. Rasional düşüncə tərzi ilə təxəyyülə istinad edən şeir dili də bu kontekstdə qiymətləndirilməlidir.

***

Ümumi mənada “Azərbaycan Məktəbi“ eyni zamanda İslam sivilizasiyası daxilində intellektual körpü rolunu da oynamışdır. Bu eyni zamanda intellektual məktəblər və elmi mərkəzlər arasında inteqrasiya və inkişafı da göstərir. Dünya tarixinə baxdığımızda müxtəlif mədəniyyətlər arasında, müəyyən zamanlarda intellektual mühacirətlərin baş verdiyini görürük. Təbii olaraq belə mühacirətlərin siyasi-iqtisadi səbəbləri vardır. Tarixi prosesdə İslam coğrafiyasında bu veya digər səbəblərlə baş verən intellektuial mühacirətlər İslam sivilizasiyasının öz daxilində inkişaf mərhələlərinin yaranmasına gətirib çıxarmışdır.

Dünya sivilizasiyası, xüsusi olaraq isə İslam sivilizasiyası tarixində elm və irfanla məşğul olmaq üçün öz vətənlərini tərk etmiş şair və mütəfəkkirlər mövcud olmuşdur. Xüsusilə Azərbaycanın müxtəlif bölgələrindən yola çıxaraq Anadoluya və digər islam şəhərlərinə üz tutmuş azərbaycanlı ədiblər, şairlər və alimlər elm tarixinə məlumdur.  Bu proses eyni zamanda elmi termin vasitəsi ilə də izah edilmiş və arqumentləşdirilmişdir. Bu sahədə biyoqrafiya və ``təbaqat`` kitablarında prosesin adı ``elm əldə etmək üçün səyahət`` (ər-rıhlə fi taləbi`l-ilm) olaraq adlandırılmışdır. Məhz böyük sufi şair Nigarinin həyatını nəzərdən keçirdiyimizdə də onun Azərbaycandan, Zəngəzur qəzası Cicimli kəndindən yola çıxaraq müxtəlif şəhərlərdə elm və irfanla məşğul olduğunu görürük. Nəhayət səyahətlərinin nəticəsində Nigari Anadoluda yaşayıb yaratmağa başlamışdır.

Ümumiyyətlə İslam elm tarixinin qərəzli orientalist baxış tərzi ilə deyil, ontoloji mənada mahiyyətinə müvafiq olaraq müxtəlif məktəblərin tədqiqi ilə ortaya çıxarılması aktuallıq kəsb edir. Belə ki, İslam elm tarixində müxtəlif məktəblərin olması ve fərqli görüşləri müdafiə etmələri onlar arasında konfliktlərin qabardılmasını ve şişirdilməsini göstərmir. Burada onların əsas ortaq məxrəcdə həmfikir olaraq bəzi istiqamətlərdə fərqli görüşlərə malik olması mənasına gəlir. Bu klassik dil ile dəsək aksidensiya ve substansiya(cövhər-araz) əlaqəsinə de bənzəməkdədir. Nəhayət bu məktəblər bir birləri ilə bütov(holistik) paradıqmaya mensubdurlar deyə bilərik.

Müqayisə olaraq eyd edə bilərərm ki, Osmanlı elm tarixində əsas sütunlardan birni təsəvvüfi düşüncə tərzi təşkil edir. Azərbaycan məktəbinə mənsub mütəfəkkir Şəhabəddin Sührəvərdinin Platon və qədim İran din fəlsəfələrini uzlaşdıran işraqiyyə fəlsəfəsi ilə Nəsrəddin Tusinin təsəvvüf düşüncə və fəlsəfəsi Osmanlıda qəbul edilirkən böyük təsəvvüf nəzəriyyəçisi İbn Ərəbinin fəlsəfəsi də böyük nüfuza malik olmuşdur. Məhz Osmanlı mədrəsə ənənəsinin qurucusu Mehmet Fənari də İbn Ərəbini ustad olaraq qəbul etmişdir.

Türk tədqiqatçısı İhsan Fazlıoğlunun Osmanlı elm sistemi, xüsusilə Azərbaycan məktəbinə mənsub Fəthullah Şirvani dövrünün fəlsəfi-elmi mahiyyətinə dair ifadə etdiyi fikirlər, elm tarixi  və Fəthullah Şirvaninin alim kimi funksional rolu baxımından son dərəcə əhəmiyyət kəsb edir: “Platoncu riyazi hikmət ilə bu hikmətin dili həndəsə, Səmərqənd məktəbinin, Qazı-zadənin rəhbərliyi ilə yüksək səviyyəyə çatmış, daha sonra bu istiqamət Əli Quşçu və Fəthullah Şirvani vasitəsilə İstanbula daşınmışdır. Səmərqənd riyaziyyat-astronomiya məktəbi Marağa riyaziyyat-astronomiya məktəbinin bünovrəsi üzərində qurulmuş və inkişaf etmişdir. Həm bu çərçivə, həm də bu çərçivəni daşıyan əsərlər böyük həcimdə Marağa məktəbinə mənsub alimlər tərəfindən yazılmışdır”.  

Bu proses bizə qədim zamanlarda islam sivilizasiyasında elm və irfan öyrənmənin  necə ciddi şəkildə həyata keçirildiyini də göstərir.

Rəşad İLYASOV
fəlsəfə doktoru

Yazı 2017-ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan olunması münasibətilə qələmə alınıb

 





19.01.2017    çap et  çap et