525.Az

Müqəddəs borc


 

ATAMIN - ŞAİR VƏ PUBLİSİST VAQİF MƏMMƏDOVUN ƏZİZ XATİRƏSİNƏ

Müqəddəs borc<b style="color:red"></b>

Atam haqq dünyasına qovuşduqdan sonra onun haqqında keçmiş zamanda danışmaq, yazmaq mənim üçün çox çətindir.

Onun haqqında sağlığında günlərcə, saatlarca danışardım, lakin indi nədənsə hiss və duyğularımı heç kimlə paylaşa bilmirəm. Ata oğul kimi onunla aramızda olan mənəvi körpü o qədər möhtəşəm idi ki, indi bu münasibətin tərifini verməkdə, onun haqqında yazmaq üçün gərəkli olan kəlimələri seçməkdə çətinlik çəkirəm. Mənə elə gəlir ki, övladlar neçə yaşlarında olursa-olsun valideynlərini itirəndən sonra böyüyürlər. Ata-ana həyatda olduğu müddətdə uşaq kimi qalırlar, ancaq o böyük itkinin ağırlığını duyandan sonra sanki yetkin insana çevrilirlər.  

Vaqif Məmmədov oxucuları üçün əvəzsiz şair, publisist, tələbələri üçün dəyərli müəllim, universitet üçün əsl ziyalı alim, gərəkli naşir idisə, mənim üçün qayğıkeş ata, qibləgah, yol göstərən mayak idi. Artıq bir ildir ki, atam aramızda yoxdur. Nə qədər ki, atam həyatda idi, mən özümü qollu-budaqlı, əzəmətli bir çinarın cavan pöhrəsi hesab edirdim. Çünki o, həmişə güvəndiyim, varlığına şükr etdiyim bir insan idi. Lakin indi... Qəribədir ki, ölümündən bir il keçməsinə baxmayaraq gözüm hər yerdə onu axtarır. Nədənsə, həmişə gələcəyinə olan ümidim sadəlövhcəsinə olsa da sönmür. Hətta telefonuma zəng gələndə bir anlıq da olsa, o olduğunu zənn etdiyim vaxtlar olur. Bir hadisə baş verəndə qeyri-ixtiyari atama zəng etmək istəyirəm. Ötən il oğlum ali məktəbə qəbul olanda sevinclə bu şad xəbəri ilk atama vermək üçün tələsik nömrəsini yığıb zəng etdim, ancaq bu sevinc uzun sürmədi, tez xatırladım ki, artıq o bizimlə deyil...

Onun haqqında yazmaq məni həm iftixar hissinə, həm də hüznlü duyğulara kökləyir. Amma düşünəndə ki, yaşanmış bu ömür hədər getməyib, şərəfli bir ömürdür, bununla qürur duyuram. Atam ömrünün sonlarında keçirdiyi ağır beyin əməliyyatından sonra 30-dan artıq şeir yazmışdı. “Gedirəm” adlı şeirində də dediyi kimi:

Kimsənin yazığı gəlməsin mənə,
Sanmayın qəlblərə dəyib gedirəm.
Atımı sürmədim dumana, çənə,
Şərəfli bir ömür qoyub gedirəm.

Həqiqətən, atam çox ədalətli və haqqa sadiq insan idi. Onun üçün ədalətsizlik yolverilməz idi. Heç yadımdan çıxmaz, atam Sədərək kənd orta məktəbində direktor işləyirdi. Mən də bu məktəbdə oxuyurdum. O vaxt atamın təşəbbüsü və təşkilatçılığı ilə məktəbdə fond yaradılmışdı. Bu Naxçıvanda, bəlkə də Azərbaycanda öz fondu olan yeganə orta məktəb idi. Belə ki, bu fondun hesabına ildə otuza yaxın şagird keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə ekskursiyaya göndərilirdi. Ancaq bunun üçün şagirdlərin il boyu əlaçı olmaları şərt idi. Mənim də bir fəndən dördüm vardı. Həmin il əlaçı çıxa bilməmişdim. Atama nə qədər dil tökdüm ki, o dördümü görməzdən gəlib məni də əlaçılar sırasında ekskursiyaya göndərsin, qətiyyən razı olmadı ki, mən heç kəsin haqqına girə bilmərəm. Sən çalış, oxu, qiymətini düzəlt, növbəti il səni məmnuniyyətlə göndərərəm. Halbuki bu atamın əlində çox asan bir iş idi. Nə o vaxtlar, nə də sonra atam heç bir zaman öz vəzifəsindən sui-istifadə edən insan olmadı. İşlədiyi kollektivdə həmişə haqq, ədalət tərəfdarı, dürüst və vicdanlı olmağı ilə tanınıb sevildi.

Vətənpərvərliyi, yurd məhəbbəti onun ən dəyərli mənəvi keyfiyyətlərindən idi. O, bir salnaməçi tək 1990-1992-ci illərdəki Sədərək döyüşlərini, müharibənin dəhşətlərini ustalıqla qələmə almış, o günlərin odunu, alovunu, xalqın dərdini, nisgilini ürək ağrısıyla şeirlərində “Tanrı talelərini yazıb , mən sadəcə kağıza köçürürəm” deyib təsvir etmişdi:

Taxıl zəmisinə düşmən od atıb,
Yanır, tabağımda çörəyim yanır.
Alov dilimləri lap ərşə çatıb,
Elə bil cızhacız ürəyim yanır... 

Yanır, bütün kəndin gözü önündə,
Dönübdü ünyetməz divara tüstü.
Qarabəxtlilərin qara günündə
Kəndi bürüyübdü bu qara tüstü.

Bu şeirin yaranmasının canlı şahidiyəm. Müharibə vaxtı atılan top və güllələrdən kəndimizin taxıl zəmisinə od düşdü. Hər tərəf bir anda alova büründü. Heç bir şəkildə bu yanğını söndürmək mümkün olmadı. Çox qısa bir müddətdə böyük bir ərazi külə döndü. Mən ilk dəfəydi ki, atamın gözlərində çarəsizlik, ümidsizlik görürdüm. O günlərdə mən bir şairdən, müəllimdən daha çox bir vətən oğlunu, el qəhrəmanını gördüm. O, vətənin dar günündə qələmini süngüyə çevirib, ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, qeyrət qalası Sədərəyin müdafiəsinə qalxdı. Bunu yalnız vətənini ürəkdən sevən, ona cismən, ruhən bağlı olan insan edə bilərdi.

Mən bir oğulun atasına duyduğu heyranlıqdan daha çox, bir oxucu kimi həmişə atama qibtə etmişəm. Onun bütün yaradıcılıq uğurlarına mən və bütün ailəmiz həmişə ürəkdən sevinmişik. Bir dəfə qardaşımla birgə, ancaq atamdan xəbərsiz, onun şeir kitabını çap etdirib ad günündə hədiyyə etdik. 40-dan artıq kitabın müəllifi olsa da, şeirləri dünyanın 12 ölkəsində müxtəlif dillərdə çap edilsə də, bizim hədiyyə etdiyimiz bu kitaba görə uşaq təki sevindiyi hələ də gözlərimin qarşısındadır. Həmişə deyərdi ki, bu kitab mənim üçün ona görə daha doğma və əzizdir ki, oğul qayğısı və diqqəti ilə çap olunub. Bu ənənəyə sadiq qalaraq, haqq dünyasına qovuşandan sonra onun ayrı-ayrı illərdə yazdığı  iki bəndlik şeirlərini eyni adla - “Qoşayarpaq misralar” adıyla çap etdirib atama doğum günü hədiyyəsi etdik. Xəstə olduğu müddətdə “Ömrün payız nəğməsi” adlı kitabını çapa verdik, təəssüf ki, onu görməyi qismət olmadı. Ölümündən sonra kitab işıq üzü gördü.

Atam ürəyi arzularla dolu bir insan idi, onun yazılmamış neçə-neçə əsərləri qaldı. Sədərək kəndində mənsub olduğumuz Bəyməmməd nəslinin 1700-cü ildən bəri nəsil şəcərəsi atamın böyük araşdırmalarından sonra ərsəyə gəlmişdi. Həmin nəsil şəcərəsi sonuncu dəfə yəni, 2002-ci ildə çap olunsa da, atam son illəri də işləmək haqqında düşünürdü. Böyük bir nəslin şəcərəsini araşdırıb ərsəyə gətirən atamın bu araşdırmasını davam etdirməyi bir övlad kimi özümə mənəvi borc bilib, yeni əlavələri şəcərəyə əlavə edərək yenidən çap etdirməyi düşünürəm. Atamın bir çox tamamlanmamış işləri var idi ki, onları həyata keçirə bilmədi. “Seçilmiş əsərləri”nin 1-ci və 2-ci cildlərini 2008-ci ildə çap etdirmişdi. 3-cü cildini də hazırlamışdı, lakin ömür vəfa etmədi. Hazırda atamdan sonra onun yaxın dostlarının, şair və yazıçıların, iş yoldaşlarının, həmkarlarının atam haqqındakı xatirələrini toplayıb kitab halında çap etdirmək istəyirəm. Əminəm ki, bu kitab da maraqla qarşılanacaq.

İndi mən ancaq atamın şeir və kitabları vasitəsilə onunla danışa bilirəm. Şeirlərinin ilk oxucusu olmağıma baxmayaraq, indi bu şeirləri oxuyanda daha çox fərqli duyğular keçirirəm. Sanki indi daha çox başqa mətləblər, sətiraltı eyhamlar kəşf edirəm. Bu mənada, “Ata” şeiri mənim üçün çox dəyərlidir:

Ata səbr, dözüm, əzəmət, vüqar,
Ata övlad üçün haqqın yoludur.
“Ata” kəlməsində böyük məna var,
Ata müqəddəsdir, ata uludur. 

Tikməyə, qurmağa həvəsi olar,
Ata əkən güllər solmaz dünyada.
Dostun, sirdaşın da əvəzi olar,
Atanın əvəzi olmaz dünyada. 

Ata bu həyatın mənası, dadı,
Ata keşikçidir ata yurduna.
Ən uca heykəli, ən böyük adı
Övlad ürəyində ucaldar ona.

Şeirin son misrasında yazdığı kimi, “Ən uca heykəli, ən böyük adı, Övlad ürəyində ucaldar ona”. Atamın dediyi kimi, bundan sonra bu şərəfli adı və atamdan qalan dəyərli xəzinəni qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq bizim - övladlarının müqəddəs borcudur.

Səbuhi MƏMMƏDOV
Hüquqşünas

 





20.01.2017    çap et  çap et