525.Az

Musiqili Teatr Fəcr Festivalında mükafat qazandı


 

Musiqili Teatr Fəcr Festivalında mükafat qazandı<b style="color:red"></b>

Azərbaycan Dövlət Musiqili Teatrının İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirakı uğurla yekunlaşıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Musiqili Teatr 20-dək ölkənin təmsil olunduğu bu nüfuzlu festivalda dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyasını təqdim edib. Tamaşanın nümayişi anşlaqa səbəb olub. Səhnə əsəri festival iştirakçıları və təbrizli tamaşaçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb. Tamaşaçıların xahişi ilə “Ər və arvad” komediyası ikinci dəfə nümayiş etdirilib. Yaradıcı heyətin ruh yüksəkliyi ilə oynadığı səhnə əsəri yüzlərlə Təbriz sakininin böyük coşqusuna səbəb olub.

“Kollektivimizin üç üzvü bu möhtəşəm festivalın mükafatını qazandı. Əməkdar artistlər Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib oldular. Mükafatlar təqdim olunarkən bütün zal ayağa qalxıb onları alqışlayırdı. Bu, bizə olan böyük sevginin göstəricisi idi. Sevinirəm ki, Musiqili Teatr 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında ölkəmizi layiqincə təmsil etdi, beynəlxalq arenada daha bir uğura imza atdı”, - deyə Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev söyləyib.

 





20.01.2017    çap et  çap et