AMEA Naxçıvan Bölməsində Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi yazılan 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar keçirilən elmi konfransda ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“20 Yanvar-tariximizin qanlı və şanlı səhifəsi” mövzusuna həsr olunan tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan xalqının vətənə, torpağa sədaqətini, azadlıq, müstəqillik uğrunda mübarizədə sarsılmazlığını bütün dünyaya göstərən 20 Yanvar faciəsinin səbəblərindən, Sovet imperiyasına rəhbərlik edən ermənipərəst quldurların Azərbaycan xalqına qarşı məkrli siyasətlərindən və onların 1990-cı ildə törətdikləri qanlı cinayətlərdən ətraflı danışıb. Akademik çıxışında 20 Yanvar tarixini təkcə Azərbaycan xalqının faciə günü kimi yox, həm də xalqımızın qəhrəmanlıq zirvəsi kimi dəyərləndirib.
Daha sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun”Faciəyə aparan yol”, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyev və 20 Yanvar faciəsi”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Azadlıq fədailəri-şəhidlər”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun “20 Yanvar faciəsinin nəticələri və ibrət dərsləri” mövzusunda məruzələri dinlənilib. Məruzələrdə yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının informasiya blokadasında olması, radio, televiziyanın susdurulması, mətbuatın nəşrinə qadağa qoyulmasının bu faciəni törədənlərin məkirli siyasətinin tərkib hissəsi olduğu bildirilib.
Tədbirdə Azərbaycan tarixinin həm kədərli, həm qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələrini gələcək nəsillərə əsaslı şəkildə çatdırılması istiqamətində Bölmə əməkdaşlarının da öhdəsinə düşən vəzifələrdən danışılıb.
AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında “20 Yanvar” adlı sərgi də təşkil edilib.
çap et