525.Az

20 Yanvar - qəhrəmanlıq salnaməsi


 

20 Yanvar - <b style="color:red">qəhrəmanlıq salnaməsi</b>

Qəhrəmanlar kimdir? Kimə qəhrəman deyilməlidir? Əlbəttə, bu suala göz qırpmadan cavab vermək mümkündür: babalarımızın uyuduğu torpağa düşmən ayağı basdırmamaq, canını, qanını fəda etməkdir qəhrəmanlıq.

20 Yanvar faciəsində həlak olan xalqımızın mərd oğulları da ölümləri ilə bir qəhrəmanlıq yazdılar, şəhidlik zirvəsinə yüksəldilər. O günü ürək ağrısı ilə xatırlasaq da,   həmin gün Azərbaycanın müstəqilliyinə gedən yolun başlanğıcı oldu və hər birimizdə qürur hissi yaratdı.

1990-cı ilin 20 Yanvar tarixində keçmiş Sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. O müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının ictimai şüurunda da ciddi dəyişiklik baş verdi, xalqımız milli azadlıq hərəkatına başladı və şəhidlərin vətən üçün tökdükləri qan hədər getmədi.

Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” fərmanla Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu.  Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Ümummilli lider 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirdi.  Belə ki, ulu öndər 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi və qısa müddətdə bütün şəhid məzarlarının üstünün götürülməsi, şəhidlərin uyuduğu məkanda memorial kompleksinin ucaldılması barədə tapşırıq verdi. Dövlətin ayırdığı vəsait hesabına bu iş qısa müddət ərzində başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu.

Bu gün Şəhidlər Xiyabanı Azərbaycanın hər bir vətəndaşının müqəddəs and yeri və ziyarətgahına çevrilib. Ölkəmizdə müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub. Bununla bağlı dövlətimizin başçısı tərəfindən mühüm sənədlər imzalanıb və şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilib.

20 Yanvar faciəsi milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, bu təcavuz xalqımızı mənəvi cəhətdən cox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.

Bu gün 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünü qeyd edilir. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir. Nəsillər dəyişsə də, Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

İlqar MƏMMƏDOV
Bakı Şəhəri 11 saylı Notariat Kontorunun xüsusi notariusu, fəlsəfə elmləri namizədi

 





20.01.2017    çap et  çap et