525.Az

Bəyaz gecələrin soyuğu


 

Bəyaz gecələrin soyuğu<b style="color:red"></b>

Dünyanın ağappaq, bəmbəyaz gecələrindən biriydi və bu ağappaq, bəmbəyaz gecələrin birində Ağca qarı Göycə kişinin gününü göy əsgiyə düymüşdü: “ - sən ata döyülsən, sən balalarıyın düşmənisən”. Sənin ürəyin ürək deyil, sənin ürəyin daşdı, qayadı!”

Əslində bu söhbət təkcə bu ağappaq, bəmbəyaz gecələrin söhbəti deyildi, bir ayın, bəlkə də bir az artığın söhbətiydi ki, Ağca qarıynan Göycə kişinin arasında gedirdi və bu söhbəti söhbət eləyən Ağca qarıynan Göycə kişinin arasına nifaq salan, otuz-qırx ilin istiliyini soyudan ağappaq, bəmbəyaz qar idi ki, Böyük çillənin lap elə birinci günü yağmışdı, Dəli dağdan üzü aşağı ayaq tutub yerimişdi. Ağca qarıynan Göycə kişinin gözünə görükən nə vardısa hamısını ağappaq, bəmbəyaz rəngə boyamışdı...

Düzdü, burasını Ağca qarı özü də bilirdi ki, həmişə ayın-ilin bu çağlarında dağlara qar yağır, dağlar ağappaq don geyinir, dağların gecələri də gündüzləşir, qaranlığı aydınlaşır və bu aydınlıq adamı üşüdür. Bu qış isə Ağca qarını üşüdən, isti yerini soyuq eləyən bu qar, bu aydınlıq deyildi, başqa şey idi...

Yaradan yad eləyib Ağca qarıynan Göycə kişiyə səkkiz qızdan sonra bir oğul vermişdi və bu bircə oğul bu il orta məktəbi bitirib Ağca qarıynan Göycə kişini elə öz kəndlərindəcə səkkiz ev olan bacılarına tapşırıb Bakıya  oxumağa getmişdi. Ağca qarı bu ayrılığın yayına dözmüşdü, payızına dözmüşdü, qışına dözə bilmirdi. Çünki Ağca qarı oğluna yayın yay payından göndərmişdi, payızın payız payından göndərmişdi, qışın qış payından göndərə bilmirdi: nə illah eləyirdi Göycə kişi yola gəlmirdi ki, gəlmirdi. Ağca qarı çox deyirdi, Göycə kişi az eşidirdi:

- Mənim əlim quruyar, mənim barmağım çürüyər bir də bu ocağa od salsam, bir də bu ocağa odun atsam... Atmaram, vallah, billah atmaram, biləm ki, lap belə donub buz olassan, quruyub qaxaca dönəssən, yenə bu ocağa od salmaram...

Ağca qarı hər axşam yerinə girəndə beləcə and içirdi, özünə bərk-bərk söz verirdi və hər dəfə də heç səhərə qədər də olsun sözünün üstündə dura bilmirdi. Ocaq səngidikcə durub sobaya odun atan Göycə kişini görürdü bütün dedikləri yadından çıxırdı... Gecənin bir aləmində Göycə kişini yuxu aparırdı və elə gecənin o bir aləmindən də Ağca qarının yuxusu ərşə çəkilirdi, yerinə qor dolmuş kimi nə qədər o tərəf bu tərəf çevrilirdisə də gözünə yuxu getmirdi. Əlacı bircə ona qalırdı ki, durub sobanı odunla doldururdu, ocaq od alınca üfürürdü və çırthaçırtla yanan ocağın istisində Göycə kişinin şirin yuxusu bir az da şirinləşirdi...

Göycə kişi dərdini heç kimə açıb söyləyə bilmirdi, qorxurdu ki, camaat eşidər, bu yaşda qarıya şəbədə qoşar, qarını ələ salar. Bəlkə də elə heç kimə demədiyindən, tək çəkdiyindən özü də yavaş-yavaş Ağca qarının dediyinə inanmağa başlamışdı. Ağca qarının sözünü özünə dərd eləmişdi. Yəqin elə bu səbəbdən də daha hirslənmirdi, cin atına minib Ağca qarının yeddiarxadönənini qamçılamırdı, dediklərini sakit-sakit dinləyirdi və özü də elə dinləyirdi, deyirdin bəs Göycə kişinin eşitdiyi söz deyil, nəsə küt bir ağrıdı, kirpiklərindən tutmuş barmaqlarının ucuna qədər gəzib dolaşır...

Göycə kişi bir neçə gün idi ki, səhərin gözü açılan kimi kürkünü çiyninə atıb evdən çıxırdı. Çınqıllı dərədən adlayıb qayadakı şiş qayanın dibinə gedirdi və çox yolçuları qəfil tufandan, çovgundan qorumuş bu şiş qayanın daldanacağındakı ocaq daşlarından birinin üstündə oturub qəlyanını tüstülədə-tüstülədə çayqırağı qıvrıla-qıvrıla üzü yuxarı qalxan yollara boylanırdı.

Göycə kişinin fikrincə onun dərdinə əlac tapsa bu yollar tapacaq, bədənində gəzib-dolaşan küt ağrının canından çıxartsa yalnız bu yollar çıxardacaqdı. Çünki Göycə kişi ürəyində dərdə, canında ağrıya dönən sirri yalnız oğlu gələndən sonra aça bilərdi. Ağca qarının dediklərini hamıdan əvvəl oğluna deyə bilərdi...

Tələbə oğlanın yol yuxarı gəlişini əvvəlcə uca-uca dağlar gördü, sonra Göycə kişinin sığındığı şiş qaya gördü və axırda Göycə kişinin özü gördü. Oğlunu görcəyincə elə bil doğrudan da Göycə kişinin bütün ağrısı-acısı canından çıxdı, çoxdan bəri hiss eləmədiyi bir yüngüllüklə ayağa durdu, yoldan aşağı yola enib oğlunun qabağına yeridi. Ata-oğul qucaqlaşıb görüşdülər, hal-əhval tuta-tuta Çınqıllı dərədən adlayıb evlərinə getdilər...

Tələbə oğlan ağappaq, bəmbəyaz gecənin işığında qapı-qapı düşüb səkkiz bacısıynan, səkkiz bacısının on-on beş uşağıynan görüşüb qayıtmışdı. Ağca qarının bişirdiyi qovurmalı-qurutlu xəngəldən yemişdi və başlamışdı dərslərindən, imtahanlarından, bu beş ayda Bakıda gördüklərindən, eşitdiklərindən, ən çoxsa kənd müəllimlərindən fərqli olaraq bir-birilərinə o qədər də bənzəməyən hərəsi nəsə, bambaşqa xasiyyətdə olan İnstitut müəllimlərindən söhbət eləməyə. Tələbə oğlan söhbət eləyirdi, Ağca  qarı maddım-maddım qulaq asırdı. Göyçə kişi nə vaxtdan bəri ürəyini deşən dərdini söyləməyə, Ağca qarının işdəklərindən oğluna söz açmağa girəvə axtarırdı. Ona görə də tələbə oğlan bir müəllimin tərsliyindən, heç kimi eşitmədiyindən, həmişə də özünü haqlı bilib guya dünyanın haqsız işlərinə dözmədiyindən söz salmağıynan Göycə kişinin ağzının açılması bir oldu:

- Tərs adamnan yol getmək, sözü göyərdən adama söz anlatmaq çətin məsələdi, ay oğul, - dedi və elə bil kişinin üstündə dağ götürüldü, nə vaxtdan bəri ağır bir yük kimi ürəyində gəzdirdiyi sözləri qəribə bir uşaq sevinci ilə danışmağa başladı, - budu, qış girəli bu qarı məni girinc eləyib, iki ayağını bir başmağa dirəyib ki, bəs gərək burdan Bakıya odun göndərəsən, uşaq Bakıda üşüyür. Nə qədər də and-aman eləyirəm ki, Bakıdan odun yandırmırlar, qaz yandırırlar, inanmır ki, inanmır. Elə başlayıb kəsmir ki, odunsuz ocağın közü olmaz, közü olmayan ocağın istisi adamı qızdırmaz...

Bundan sonra Göycə kişi yenə nəsə dedi, söylənə-söylənə Böyük çillənin  axırına çıxan, Kiçik çillənin də ömrünə vər salan Ağca qarının dediklərindən nəsə oğluna eşitdirmək istədi. Ancaq tələbə oğlan daha bir söz eşitmirdi, nənəsinin göy üzünün ən işıqlı ulduzlarından da işıqlı gözlərinə baxa-baxa yataqxanada keçirdiyi günləri, olub qalanını üst-üstə geyinib pambıq yorğanın altında səhərə kimi dişi-dişinə dəyə-dəyə imtahana hazırlaşdığını xatırlayırdı və xatırladıqca da bu isti ocağın qırağında da canına üşütmə düşürdü. Ona görə də tələbə oğlan Göycə kişinin gözlədiyi kimi onun sözünə qüvvət verib, Ağca qarının sözünü qəribliyə salmadı, əksinə, soyuqlar düşəli onunla birlikdə üşüyən, isti ocağın qırağında otura-otura dünyanın soyuqluğu canından keçən anasının məhəbbəti qarşısında baş əydi və nəsə qəribə bir kövrəkliknən:

- Bilirsən bu odunun iyindən, bu ocağın istisindən ötrü burnumun ucu necə göynəyirdi, ay dədə, - dedi, - az qalırdı...

İndi də Göycə kişinin bir söz eşidəsi halı qalmamışdı və elə bil bircə anın içindəcə bu ağappaq, bu bəmbəyaz gecənin bütün şaxtası, soyuğu onun üstünə ələndi, iliyinə, qanına işlədi, barmaqlarının ucuna kimi buz bağladı. Əlbəttə, Göycə kişini bu isti ocağın qırağındaca birdən-birə üşüdən təkcə o deyildi ki, oğlu bu ocağın iyi-istisi üçün darıxırmış, burnunun ucu göynəyirmiş. Göycə kişini yandıran-donduran o idi ki, oğlunun istəyini dünyanın o başından duyan Ağca qarını başa düşməmişdi, Ağca qarının sözünü göyərtmişdi. Təsəllisi isə bircə o idi ki, arvadının sözünü aləmə car eləməmişdi, camaata söyləməmişdi, yoxsa bilmək olmazdı ki, bu camaat kimin sözünə bəzək vurardı, kimə şəbədə qoşardı: Ağca qarıyamı, yoxsa Göycə kişiyəmi.

Yanvar, 1987

İnqilab HƏSƏNLİ

 





23.01.2017    çap et  çap et