525.Az

Qarabağımızın qövr eləyən yaraları - Xalq yazıçısı Anar yazır


 

"Səhər-səhər" rubrikasında

Qarabağımızın qövr eləyən yaraları - <b style="color:red">Xalq yazıçısı Anar yazır</b>

Azərbaycan - bütün bölgələriylə vahid, bölünməz məmləkətdir.

Ən gözəl örnəkləriylə xalqımızın həyatını, tarixini, təbiətini, uğurlarını və itkilərini, zəfərlərini və faciələrini güzgü kimi əks etdirən ədəbiyyatımız da regionlara ayrılmır.

Amma bununla belə vətənimizin elə həssas  bölgələri var ki, onların həm keşməkeşli keçmişi, həm də yaralı indisi şeirimizdə, nəsrimizdə, dramaturgiyamızda özəl yer tutur. Belə bölgələrdən biri - Azərbaycanın ayrılmaz parçası, dilbər guşəsi, qədim  türk yurdu Qarabağdır. “Külli Qarabağın”  bayatı qədər ruhumuzu oxşayan  məlahəti, mənzərələrinin füsunkarlığı, iqliminin, sularının şəfası, musiqi və söz sərvəti, zarafatlarının duzu, ləhcəsinin şirinliyi və  bütün bunlarla yanaşı  başıbəlalı və cəfakeş tarixinin sağalmaz yaraları daima yazıçılarımızın diqqət mərkəzindədir.

X1X əsrin sonu XX əsrin əvvəllərində Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov   “bəxtsiz cavanların müsibətini”, “dağılan tifaqların eşq və intiqamını”  səhnəyə çıxardılar. XX əsrdə  İlyas Əfəndiyevin haqlı olaraq “elat dastanı” adlandırılan “Geriyə baxma, qoca” romanında Qarabağın həyatı, təbiəti, məişəti parlaq boyalarla canlandırıldı. Bayram Bayramovun, Sabir Əhmədlinin, İsi Məlikzadənin nəsri bu diyarı  daha da doğmalaşdırdı, məhrəmləşdirdi. Elçinin romanları, səhnə və ekran əsərlərində  Qarabağa tarix və folklor açısından baxdıq.

Adı çəkilən yazıçıların sırasında Yusif Vəzir Çəmənzəminlinin özəl yeri  var. Onun timsalında Qarabağın tarixi fəlakətləri yazıçının öz taleyinin acılarıyla qovuşur.

Stalin repressiyalarının qurbanı olan, sürgün edilən Yusif Vəzir ölümündən sonra bəraət aldı və məşhur romanı “Qan içində” adıyla nəşr edildi. Romanın müəllif tərəfindən qoyulan əsl adı “İki od arasında”dır. Bu təşbeh - ad doğrudan da Qarabağ xanlığının (yəni elə bütün digər Azərbaycan xanlıqlarının da) iki zülm arasında - Çar Rusiyasıyla Qacar İranının arasında qalmış aqibətini dəqiq müəyyənləşdirir.      

İlk  dəfə 2002-ci ildə  müəllifin verdiyi əsl adıyla -  “İki od arasında”  adıyla nəşr olunan romanına görkəmli alimimiz Yaşar Qarayev dərin məzmunlu ön söz yazıb. Bu ön sözdə Yaşar incə yumorla romanın  qondarma adı məsələsinə də toxunur: “Klassik əsərlərin adlarını motivlərə görə dəyişməyə başlasaq, onda bütün “Leyli və Məcnun”lar dönüb olardı - “Qəm içində”, bütün sahil və dəniz romanları dönüb olardı - “Nəm içində”. 

Yeddi Qarabağ salnaməsi  qanlı səhifələrlə dopdoludur. Bihuşdarı içib yalan ölümüylə həqiqi əcəlini aldatmağa çalışan  və bu yolla yarı ölü - yarı diri şəkildə doğma yurduna  qayıtmağa çalışan Pənahəli xanın uğursuz cəhdi - bədəninin yarılması  - Şekspir qələminə layiq süjetdir.

Rus çarı ikinci  Nikolayın bütün ailəsiylə bir yerdə  müdhiş qətllərindən  yüz il əvvəl Qarabağ hökmdarı İbrahim xan Cavanşir əhli-əyalı, övladları, nəvələri, əsabələri,  qoruyucularıyla birlikdə  şəhid qəhrəman  Cavad xanın qatili, mayor Lisaneviç tərəfindən acımasız şəkildə məhv edilmişdi.

Böyük şair Molla Pənah Vaqif də   oğluyla birlikdə görünməmiş qəddarlıqla  qətl edilir. Onun qətlinə hökm verənin də özu də vaxtı gələndə  öldürülür. Çar rejiminin məqsədli siyasətlə yabançıların  Qarabağa   köçürülməsi, təzə “qonşuların” xəyanəti, “özümüzünkülərin” daxili çəkişmələri və bu qanlı təməllərdən   bizim günlərə qədər uzanan əzablı yollarda  Şaumyanın bolşevik-daşnak koalisiyası tərəfindən  1918-ci ilin martında törədilən müsəlman soyqırımını da görürük, tayqulaq Andronikin Naxçıvanda, Stepka Lalayanın Şamaxıda, Amazaspın Qubada törətdikləri rəzalətləri də…Və yeni dövrdə əski “siyasətin” davamı - 37-ci ildə yüksək rütbəli NKVD rəhbərləri - Xoren qriqoryanların, Ruben markaryanların Azərbaycan ziyalılarının kökünü kəsmək niyyəti - iki əsr boyu  davam edən zəncirin həlqələridir. Bu mənhus niyyətin qurbanlarından biri də  böyük yazar, ədəbiyyatşünas alim, foklorçu, jurnalist, diplomat, neçə xarici  dili mükəmməl bilən Yusif Vəzirdir. Yusif  Vəzir romanında Qarabağı nəzərdə tutaraq M.P.Vaqifin diliylə: “Ermənilər buralara çox sonralar gəlmişlər - deyir -bunlar Çingiz və  Teymurləngin  zülmündən qaçıb bu dağlara sığınmışlar. Görmürsənmi, erməni yaşayan yerlərə “sığnaq” deyirlər...

37-ci il müsibətindən səksən il sonra 90-cı il tariximizə “Qara Yanvar” kimi daxil olmuş ayın ilk günlərində oxuduğum  “nubar” bədii əsər istedadlı yazıçı Elçin Hüseynbəylinin yeni  romanı oldu. “Azərbaycan” jurnalının iki nömrəsində  (№9,10. 2016) dərc edilmiş roman “Yenə iki od arasında” adlanır, alt başlığı  isə “Səkkizinci Qarabağnamədir”.

Beləliklə   əsərin mövzusu və baş qəhrəmanı elə adından və alt başlığından məlum olur. Aydındır ki, roman “İki od arasında” romanının müəllifinə  həsr olunur və  məlum Qarabağnamələrə  istinadən yazılıb.

Əsərin qeyri-adi kompozisiya quruluşu var. Süjet  bir neçə müstəvidə cərəyan edir. Bu həm öz məzmunu olan romandır, həm də bu romanın yazılma prosesi  haqqında mətndir -necə deyərlər  “roman içində roman”. Bundan başqa  əsərin bir qatı Yusif Vəzirin öz həyatıyla bağlı epizodlar, başqa bir qatı isə  “İki od arasında” yazılmamış, fəqət yazıla biləcək hadisələrin “bərpası”dır. Bu maraqlı olduğu qədər də risqli bir üsuldur. Axı  Yusif Vəzirin yazmadığı  səhnələri  klassikin öz mətnləriylə nə dərəcədə səsləşib səsləşmədiyi, məşhur romanın bədii səviyyəsiylə uyğun olub olmaması - mübahisə doğura biləcək məsələlərdir.

Elçinin romanı haqqında  yazmaq niyyətimlə  əlaqədar Yusif Vəzirin romanını da  yenidən oxudum və istər-istəməz iki əsər arasında müqayisələr etdim,Yusif Vəzir romanının ətli-qanlı olmasıyla tutuşdurulduqda  Elçin Hüseynbəylinin yazısı müəyyən qədər “arıq” təsir bağışlayır. “İki od arasında” təbiət, məişət ayrıntılarının zənginliyi, etnoqrafik bilgilərin əlvanlığıyla seçilir.Yalnız Şuşanın füsunkar təbiəti deyil, dövrün adət-ənənələri, binaların daxili interyeri, geyimlər, təamlar yerli-yataqlı təqdim olunur. Amma bu parlaq dekorlar, dəqiq əlbisələr, dürüst rekvizitin içində personajların xarakterləri, iş haqqında bəhs olunan adamların daxili aləmi psixoloji durumları  sönük görünür. Çağdaş dövrün yazıçısı olan Elçinin romanında isə zahiri mühit, bütün təfərrüatı ilə yetərincə təsvir olunmasa da, surətlərin xarakterləri, psixoloji aləmləri daha qabarıq görünür.

Yusif Vəzirin romanında tutalım Vaqifin dolğun obrazını görmürük (o daha çox  epizodik personaj kimi verilir).  Elçin Hüseynbəylinin mürəkkəb kompozisiyalı romanında yuxarıda deyildiyi kimi  əsərin yazılma prosesi də yer alır. Müəllif  əsər üzərində işləyərkən  Yusif Vəzirin sürgün illərində  keçdiyi yerlərə səfər edir və bu səfərinin təəssüratlarını  də qələmə alır. Amma təəssüf ki, bu  təsvirlərdə səfər qeydlərinə xas olan reportaj  üslubu bir yana dursun, başqa bir cəhət də var.

Belə bir  priyomdan Elçin Oruc bəy Bayata - Don Juana hərs etdiyi uğurlu romanında da istifadə etmişdi. Amma əgər ispan həyatının, İspaniya coğrafiyasının, məişətinin oxucularımıza az məlum olan tərəfləri maraq doğururdusa, klassik və çağdaş rus ədəbiyyatında müfəssəl təsvir olunmuş əyalət şəhnəciklərinin, qəsəbə və kəndlərinin  həyat tərzi bu romanda diqqətimizi  çəkmir.

Elçin Hüseynbəyli özü sidq ürəklə inanmalıdır ki, əsərin bu səhifələrində “arağı içməkmi içməməkmi”, “balıq tutmaqmı tutmamaqmı” kimi dönə-dönə təkrar olunan  cümlələr, abzaslar çıxarılsa roman  bir şey uduzmaz, əksinə yığcam süjet ardıcıllığı, dinamizm cəhətdən qazanar.

Sürgün, məhbəs həyatı  haqqında canlı şəhadətnamələrlə, o cümlədən, bədii ədəbiyyat mətnləriylə tanış olduğumuz üçün  Elçinin yazısındakı bu səhnələr də  bizi sarsıda bilmir. Yusif Vəzirin sürgün və dustaq həyatından daha çox onun Fransada çəkdiyi əzabları, kimsəsizliyi, kasıbçılığı, maddi ehtiyacları, Ceyhun bəylə münasibətlərinin idealizə edilməmiş təqdimatı,  qardaşının ağır xəstəliyiylə bağlı çarəsizliyi şəxsən məni daha çox mütəəssir etdi.

Romanın ən əhəmiyyətli   səhifələri tarixi epizodlarıdır. Yusif Vəzirin romanıyla müqayisəni bir qırağa qoyub bu mətnləri öz-özlüyündə qiymətləndirsək, məni  Ağabəyim ağa və Batmanqılınc münasibətlərinin yozumu  cəlb etdi. Ağabəyim ağanın məşhur beytindəki “Əfsus ki, yarım gecə gəldi, gecə getdi”  misrasının yaranma səbəbi  haqqında  Elçin Hüseynbəylinin versiyası orijinaldır. Bu gecə görüşünü Ağabəyim ağa yuxusundamı görüb ya xəyalındamı canlandırıb? Bu mətləb açıq qalır, amma hər hansı halda  müəllif o yanıqlı etirafın necə doğulmasına oxucunu   inandıra bilir. “Əli və Nino” romanının müəmmalı taleyi haqqında   versiya da maraq doğurur. Düşünürsən ki, güman ki, elə belə də  olub,  ya da belə ola bilərdi.

Tarixi hadisələrdən bəhs edən səhifələrdə  mətn bəzən bədii üslubdan  çox salnamə təhkiyəsini andırır. Bir də onu düşünürsən ki, salnamələrdən də, bir çox tarixi əsərlərdən də yaxşı bələd olduğumuz faktların yenidən qələmə alınmasına ehtiyac vardımı? Məncə - vardı, çünki uzaq əsrlərdən başlayan bədnam qonşularımızın təcavüzkar siyasəti - hələ də davam edirsə, Ermənistanın Qarabağ anşlyusu, 1990-cı ilin Qara Yanvarı, Xocalı soyqırımı baş verirsə, bu hadisələrin kökləri, tarixi təməlləri və səbəbləri  haqqında da danışmaqdan, yazmaqdan usanmamalıyıq. Məhz bu baxımdan belə mövzulara  ehtiyac var.

Elçin Hüseynbəylinin yeni əsəri bu ehtiyacı ödəmək yolunda atılan önəmli addımlardandır.

17 yanvar 2017

 





23.01.2017    çap et  çap et