525.Az

Düşüncə tərzimiz və əməllərimiz


 

Düşüncə tərzimiz və əməllərimiz<b style="color:red"></b>

Bəzən çevrəmizdə baş verənlərə seyirçi münasibət bəsləyirik və onun ağır nəticələrini görəndən sonra tədbir düşünməyə başlayırıq.

Əksər hallarda bu, belədir. Məsələn, görəndə ki, küçədə iki-üç nəfər ictimaiyyət arasında özünü apara bilmir, davranışlarına nəzarəti itirib, yanlarından keçib gedirik ki, xətası uzaq olsun. Və ya açıq-aşkar özünü şübhəli aparan birini polisə nişan verməyə tələsmirik. Kaş ki, qanımızdakı bu səbri, təmkini və "dözümlü"lüyü qanunlara, qanun qoruyucularına da göstərə biləydik. Kaş ki, tarixən el qınağından qorxan, ətrafdakıların təpkisinə uyarlı həyat, yaşam tərzi seçən soydaşlarımız bu həssaslığı qanunun, elementar etik davranış normalarının tələblərinə münasibətdə də göstərəydilər. "Olmaz"lara qarşı səbirsizik, qayda-qanunlara, tələblərə riayət etmək istəmirik. Haqlı olaraq cəzalananda isə...Yəqin ki, bunu özünüz təsəvvür etdiniz...

Bunları yazmaq elə də asan deyil. Öz ayıblarımıza güzgü tutmaq istəməzdim. Ancaq bu yaxınlarda oxuduğum hadisəyə münasibətimi bildirmək üçün bunları yazmaqdan özümü saxlaya bilmədim.

Deməli, bugünlərdə Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları qayda pozuntularını aşkarlamaq məqsədi ilə reyd keçiriblər. Qısa müddətdə 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Onlardan 20-si barədə inzibati protokol tərtib edilib. Həmin günü saxlanılanlar elə bir şou göstəriblər ki!... Düzdür, polis öz işini görüb. Ancaq məni yandıran işin başqa tərəfidir. Biz niyə beləyik axı? Texniki göstəriciləri tələblərə cavab verməyən avtomobildə ailəsini yığıb toya-nişana aparan soydaşımızın  sərxoş vəziyyətdə avtomobili idarə etməsi onun yox, həm də hər birimizin faciəsidir. Çünki bir ailənin faciəsi cəmiyyətin dayaqlarının çöküşünə rəvac verir və təkcə maddi ziyanla deyil, psixoloji travmalarla da insanlar əzab çəkir. Polis səni, məni düşünür, ey astaralılar, leriklilər, gədəbəylilər, şəmkirlilər, qubalılar və digər bütün bölgələrimizin sakinləri - Vətənimin, millətimin əziz insanları. İnsan üçün ən böyük nemət Yaradanın verdiyi ömrü əzizləri, doğmaları ilə birlikdə sağlam və mənalı yaşamaqdır .

Reyd zamanı polisin "Nə üçün spirtli içki içib maşın sürürsən?", sualına "Rəis, pivə içmişəm də", - deyib sonra da asayiş keşikçisinin üstünə maşın sürəndən nə gözləmək olar?

Qaydalara riayət etmək hər birimizin borcudur. Törətdiyimiz xoşagəlməyən, irili-xırdalı hər hansı bir əməldən əgər yaxın çevrəmiz ziyan görürsə, demək ki, biz cəmiyyətimiz üçün də təhlükəli biriyik. Bu təhlükənin zərbəsi  gec-tez hər birimizə dəyə bilər...

Hafiz TƏMİROV
polis mayoru

 





24.01.2017    çap et  çap et