525.Az

Uzaq günlərin nisgilli xatirələri


 

“Yaddaşımın lövhələri”ndən

Uzaq günlərin nisgilli xatirələri<b style="color:red"></b>

Qədim bir bayatıda deyildiyi kimi, ömür sarayımın son kərpicləri də bir-bir öz yerindən qopub düşür.
 
Deməli, vaxtım sona yaxınlaşır, ömrümü başa vurmaqdayam. Belə bir məqamda ötənlərə dönüb baxmaq, keçmişi sərf-nəzər edərək yenidən dəyərləndirmək istəyi yaranır insanda. Əslində, həyatımdan narazı deyiləm, taleyimdən də gileylənmirəm. Nə qədər çətin, keşməkeşli də olsa, bu mənim ömrümdür, onu bacardığım qədər ləyaqətlə yaşamağa çalışmışam. Sona qədər də beləcə davam etmək niyyətindəyəm. Bu həyat mənə Tanrı payıdır, Yaradanın bəxşişidir. Ona görə də özümə çox doğmadır, bütün sevincli və ağrılı, qüssəli məqamları ilə birlikdə şirindir. Ancaq bir fikri burada ifadə etməsəm, səmimiyyətdən uzaq düşmüş olaram. O da bundan ibarətdir ki, mən yaşadığım bu ömrü kimsəyə rəva bilməzdim. Başqalarının da mənim üzləşdiyim ağır və məşəqqətli anlarla qarşılaşmasını əsla istəməzdim.

Ancaq yenə də qeyd edirəm ki, keçmişim, ömrümün arxada qalmış hissəsi əzablı, göynərtili xatirələrlə doludur. Yaddaşımın kitabı vərəqləndikcə o xatirələr çözələnir, yenidən gözlərimin önündə canlanır. Ola bilsin, xatirimdəki həmin lövhələr elə mənim özümə əziz olduğu üçün onları bu qədər əhəmiyyətli bilirəm. Hər halda, onların mənim ömrümdəki yerini, qəlbimdə, beynimdə hansı izlər qoyduğunu özüm qədər heç kəs dəqiq təyin edə bilməz. Bununla belə, yaddaşımda qalan acılı-şirinli məqamların həssas insanları düşündürəcəyinə, ən azı xəyalən bir anlıq keçmişə qaytaracağına inanmaq istərdim. Beləliklə...

Gədəbəy rayonunun Dəyirmandağ kəndindəyəm. Buranın təbiəti mənə uşaqlıqdan doğma olan yerlərin, əzəli yurd-yuvamızın təbiətinə çox oxşayır. Gözəl, səfalı  təbiəti, saf havası, buz bulaqları, yaşıl meşələri ilə bu yerlər məni heyran edib, özünə bağlayıb. İmkan tapdıqca buralara gəlir, bu yerləri seyrə dalıram. Bununla ürəyimə bir azca sərinlik, rahatlıq gəlir, ötəri bir təsəlli tapıram. Artıq bu kənd mənim üçün tamam doğmalaşıb. Zahirən onun təbii lövhələrini anadan olduğum Axundov kəndinin təbiətindən, mənzərələrindən fərqləndirmək çətindir. Arada nə qədər məsafə var, amma elə hiss edirəm ki, xeyli vaxt keçibsə də, məkan dəyişməyib. Elə bil hər şey öz yerində qalıb. Çay kənarındakı gicitkan kollarına, arx qırağındakı acıtərələrə, xalı kimi döşənmiş çəmənliklərə qədər...

Bu mənzərələri seyr etmək məni dərindən həyəcanlandırır, bir də baxıram ki, əllərim titrəyir, boğazımı qəhər tutur.

Dəyirmandağ kəndini iki hissəyə bölən büllur sulu çayın kənarındayam. Öz gözəllikləri ilə çayın ətrafını bəzəyən yamyaşıl çəmənliklər və səliqə ilə düzülmüş söyüd ağaclarını seyr etməkdən doymuram. Aşağıda, çayın lap dərin yerində cürbəcür quşlar, ən çox da qazlar, ördəklər toplaşıb, biri o birinə mane olmadan üzürlər. Onlar mənə fikir vermədən başlarını tez-tez suyun dərinliklərinə vuraraq orada nə isə axtarırlar. Hərdən də ucadan səslənirlər. Bu səslər təbiətin gözəlliyilə ahəngdardır. Könlümdə uşaqlıq şövqüm, yeniyetməlik həvəsim oyanır. Mən də bu quşlara qoşulub çayda çimmək, suya baş vurmaq eşqinə düşürəm. Bir anlığa özümü uşaq bilirəm, qəlbimə böyük bir sevinc dolur:

- Allah, sənə çox şükür! Mən yenə uşağam! Hər sıxıntıdan uzaq olan məsum, qaynar bir uşaq!..

Özüm də bilmədən uşaq kimi ağlamaq istəyirəm... Ancaq bu halım uzun sürmür. Xəyallardan ayrılıb özümə gəlirəm, keçirdiyim hiss məni utandırır. Axı zamanı geriyə döndərmək mümkün deyil. Demək, mənim bir daha uşaqlıq illərinə qayıtmağım da xam xəyaldır. Nə etmək olar, yaş keçib, vədə ötüb. Mənim burda çaya, onun sərin suyuna baş vurmaq çağım deyil. Üstəlik də revmatizm! Şair demişkən, daha "bizimki bir quru baxışa qalıb..."

Bunları düşündükcə çılğın istəyim öz-özünə sönür. Amma keçmişə dalıb indiki ovqatımı o vaxtlarla müqayisə etməkdən də qalmıram. Yadıma gəlir ki, uşaq vaxtı biz tərəfin çaylarında, arxlarında da beləcə qazlar, ördəklər üzərdi, suyun kənarında toplaşıb qaqqıldaşar, səs salardılar. O zamanlar onların səs-sədası məni hövsələdən çıxarardı. Guya suyu bulandırdıqlarını da bəhanə edib onları daşlayıb qovar, oradan uzaqlaşdırardım. Başqa yaşıdlarım da mənim kimi. Amma indi bu quşların səs-küyü sanki keçmişdən soraq verirmiş deyə, mənə doğma gəlir. Odur ki, onların qorxub uzaqlaşmalarını, susmalarını istəmirəm. Fikirləşirəm ki, onlar getsələr, sussalar, keçmişimin bir hissəsi də onlarla gedəcək, doğma yurd-yuvamdan bir daha uzaq düşəcəyəm. Ümidsizliyə qərq oluram ki, yəqin, bir daha doğma kəndimizi  görməyəcəyəm. Qərbi Azərbaycanda, erməni qəsbkarların əlində qalan doğma yurda dönə bilməyəcəyəm. Yenə də doğrusunu Allah bilir, alnıma nə yazılıbsa, onu da görəcəyəm. Bu fikirlə özümü ovuduram, sakitləşirəm...

Uşaqlığım çox ağır keçib. Çox kasıb yaşayırdıq. Çay içməyə qəndimiz olmadığından, qurudla içirdik. Mən isə çox vaxt adi soyuq su içərdim. Yeməyimiz əsasən əvəlik aşı, bir də kartof olurdu. Novruz bayramında isə əriştə plovu bişərdi. Əlimizi, bədənimizi, paltarlarımızı vaxtlı-vaxtında, yaxşıca yumaq üçün sabunumuz olmazdı. Əllərimdən, üzümdən oxunardı, geyimimdən bilinərdi bu vəziyyət. Qonşular, qohumlar, kənd sakinləri məni "Yetim Qara" çağırırdılar. Adımın Nurəddin olması yaddan çıxmışdı sanki. Mənimsə bu "Yetim Qara" ləqəbindən heç xoşum gəlməzdi. Hər dəfə bu kəlməni eşidəndə qanım qaralar, acığım tutardı. Fikirləşərdim ki, camaat belə deməklə mənə yazıqları gəldiyini, köməksiz olduğumu bildirmək istəyirlər. Axı məni yetim saymaq olmazdı. Çünki atalığım var idi. Gözümü açandan mən bir ata kimi onu görmüşdüm, ona bağlanmışdım. Düzdür, ona nədənsə ata yox, əmi deyirdim. Atalığım heç vaxt məni ögey saymazdı. Məni öz doğma balası kimi istəyər, xətrimi əziz tutardı. Bəs onda kənd camaatının dilinə hardan düşmüşdü bu yetim sözü? Onların gözündə mən əslində kim idim? Bu barədə o vaxt çox düşünər, amma bir cavab tapa bilməzdım.  İndi isə buna az-çox cavabım var. Özüm-özümə sual verirəm:

Axı, mən bu həyatda kiməm? Necə bir insanam?

Cavabım belə olur:  

Heç kəsə pislik etməyən, lazım olanda kasıblara, qohumlara bacardığı qədər kömək edən, haram tikə yeməyən, təmiz, zəhmətkeş bir insan! Xalqını, vətənini candan sevən, ölkəsinin xidmətində layiqincə dayanmağa can atmış bir Azərbaycan övladı! Bu keyfiyyətlərimə görə Ulu Yaradana şükr edirəm. Ömrümü beləcə də başa vurmağıma izn versin deyə Allaha yalvarıram...

Belə yalvarışlar, dinindən və dilindən asılı olmayaraq, hər insanın dilindən çıxa, hər kəs Allahdan bu cür kömək diləyə bilər. Rəbbimiz isə bütün insanları sevir və onlara bir gözlə baxır.

Bununla belə, Uca Yaradan hər bir insanı pis əməllərinə görə pis, yaxşı əməllərinə görə yaxşı işlərə rəğbətləndirir. Mütləq iradə sahibi Odur. Bunun sübuta ehtiyacı yoxdur. Rəhman və rəhmli Allah hər bir yaratdığına lazımınca kömək edir, hər hansı bir insan pis əməllərdən əl çəkib tövbə edərsə, onu bağışlayır.

Bu dünyada elə yaşamalıyıq ki, axirətdə hesab verərkən rəhm edilənlərdən olaq. Allah ikiüzlüləri, yaltaqları, bədniyyətləri sevməz! Bunu hər bir insan vaxtında anlamalıdır. Özüm barədə deyim ki, mən, bütün inanclı insanlar kimi dini-mənəvi qaydalara bacardıqca hörmətlə yanaşmışam, ilahi nizama zidd əməllərdən çəkinmişəm. Ömrü boyu üzləşdiyim hədsiz çətinlikləri də ilahi əmrin əlamətləri kimi qəbul edib onlara qatlaşmağa çalışmışam. Belə ağır hallarım isə, əvvəldə dediyim kimi, heç də az olmayıb...

İndiyə kimi yadımdadır. Payız təzəcə girmişdi. Ağacların yarpaqları yavaş-yavaş saralır, qızılı rəngə çalırdı. Kəndimizin sakinləri qışın tədarükünü görürdülər. Kimi qışda isinmək üçün odun daşıyır, kimsə mal-qaranı yemləmək üçün ot tayalarını qaydaya salırdı. Kəndin sakinləri bu il qışın çox sərt keçəcəyini söyləyirdilər. Mən də həm belə işlərdə ailəmə köməklik göstərir, həm də fəhləlik edirdim. 10 gün işlədikdən sonra həyatımda ilk dəfə məvacib almışdım. O vaxta qədər görmədiyim qədər pul almışdım. Buna görə də sevincimin həddi-hüdudu yox idi. Maaşımı alandan sonra fikirləşdim ki, bu pulla nə edim? Aparıb pulu anama verib onu sevindirim, yoxsa ömrümdə heç vaxt abırlı ayaqqabı geyməmiş ayaqlarımın qayğısına qalım?! İkincini seçdim. Gedib kənd mağazasından özümə bir cüt, ürəyim istəyən ayaqqabı alıb yalın ayaqlarımı sevindirdim. Doğrudan ayaqqabılar ayaqlarıma çox yaraşırdı. Elə bil xüsusi sifarişlə, mənim ayaqlarıma tikilmişdi. Aldığım ayaqqabıları ailəmizə göstərmək üçün evə tələsirdim. Nəhayət, evimizə çataraq, qapıya yaxınlaşanda qışqırdım:

- Ana, ay ana, gəl bir bax! Gör özümə nə almışam?! Maaşımı verdilər ey! Mən də ayaqqabı aldım özümə! Bir gəl bax, gör nə yaxşı yaraşır?!

Anam mənə sarı gələndə sevincimdən ona tərəf atıldım, onu qucaqlamaq istədim ki, sevincimi bölüşüm. Ancaq bu səadət mənə qismət olmadı. Anam bərk hirslənmişdi, bu an lap özündən çıxdı, məni əli ilə geri itələdi. Sonra da tezcə yaxına çəkib şilləni şillə üstündən çəkməyə başladı, iş-gücdən bərkimiş əllərini düyünləyib dalbadal iki-üç yumruq da vurdu. Vurduqca da üstümə çığırırdı:

- Yetim it küçüyü! Evdə bir tikə çörək yoxdu, bilmirsən?! Niyə pulu aparıb ayaqqabıya veribsən?! Ay camaat, bu, itdən əmələ gəlmişə bir baxın! Görün bu məni nə cür yandırıb-tökür?!

Anamın hirslənəndə heç nəyə baxmadığını, az qala dəliyə döndüyünü bilirdim. Ancaq mənim belə fərəhli vaxtımda onun bu cür insafsız hərəkəti qəlbimi yaman qırdı. Axır sözləri isə lap ağır oldu:

- Rədd ol, hansı cəhənnəmə gedirsənsə get! Sən oğul yox, bu evə düşmənsənmiş! Andırlarını ki alıb geymisən, itil, get bu evdən!..

Bunu deyərək sağ qulağımdan yapışdı, amansızcasına dartıb burdu. Bir yandan anamın ağır sözləri, bir yandan da qulağımın ağrısı! Dünya gözümdə qaraldı, az qaldı ağlım başımdan çıxsın. Səs-küyə toplaşan qonşular da nədənsə mənə kömək etmirdilər. Qulağımdan axan qan üzümdən aşağı süzülüb paltarımı buladı. Birtəhər anamın əlindən çıxdım,  var gücümü toplayıb qaçmağa başladım.

Heç özüm bilmirdim ki, hara qaçıram. Artıq kəndimizdən xeyli uzaqlaşmışdım. Birdən arxadan maşın səsi eşidərək ayaq saxladım. Maşın yanımdan ötüb keçəndə, heç fikirləşmədən, yüyürüb ona çatdım, yük yerinin kənarından yapışaraq üstə qalxdım. O an da məndən beş-altı yaş böyük olan bir oğlanı orada görüb karıxdım. Sakitcə aşağı çökdüm. O dinməz-söyləməz oturub maraqla mənə baxırdı. Bir qədər gedəndən sonra nəhayət, dilləndi:

- Türksən?! Hə, it oğlu türk?! Danış da! De görüm türk küçüyüsən?!

Anladım ki, ermənidir, biz tərəflərdə deyildiyi kimi dığadır. Özü də yamanından, azğınından!

Çənəmdən tutaraq başımı yuxarı qaldırdı, möhkəm bir şillə çəkdi. Tamam özümü itirmiş, yazıqlaşmışdım. Fikirləşirdim ki,  ona heç cür gücüm çatmaz. Yəqin, o da bunu bildiyi üçün arxayınlaşmışdı. Yol boyu məni qorxudur, ələ salır, şillə-yumruqla vurub incidirdi. O gün gördüyüm müsibətlər ayaqlarıma, təzə ayaqqabıma görə başlamışdısa da, nədənsə ən çox cəzasını qulaqlarım çəkirdi. Bu azğın dığa da məni söyüb döydükcə qanamış qulağıma baxır, o biri qulağımı da özü kəsəcəyi ilə hədələyirdi. Onda ağlıma gəlməmişdi, amma sonralar onların bu qulaq dərdinin səbəbini öyrənib başa düşdüm.

Məni maşının yük yerinin kənarına tərəf sıxışdırdıqca canımdakı qorxu daha da artırdı. Birdən məni itələyib maşından salsa...

Nə gizlədim, çarəsiz qalıb yalvarmağa, onu dilə tutmağa başladım. Yetimliyimdən, kimsəsizliyimdən söz saldım, dedim ki, ona heç bir pisliyim keçməyib axı, keçə də bilməz. Yalvardım ki, dinc qoysun məni...

Birdən əlini cibinə salıb orda nəyisə yoxladı, sonra da:

- Murdar türk küçüyü, bəxtin gətirdi. Cib bıçağım üstümdə deyil. Yoxsa qulağını kəsib özümlə götürəcəkdim. Amma canını qurtarmadın ha! İndi səni burdan aşağı atacam! Qoy özün kimi itlər, canavarlar parçalasınlar səni!..

Elə bil yuxudan ayıldım. Vəziyyətim nə qədər ağır olsa da, anladım ki, gücümü toplayıb ona qarşı durmasam, canımdan olacam. Bədəncə o qədər də zəif olmadığımı bilirdim əslində. Ancaq anamın o qəddar rəftarı məni sındırıb yazılaşdırmışdı. İndi son təhlükəni duyub əlacsızlıqdan bir anda sanki dirçəldim. Erməni dığası əl atıb yaxamdan yapışmaq istəyəndə düyünlənmiş yumruğumla qolundan vurdum. Vəhşi, yırtıcı heyvan kimi üstümə atılanda mən də onun çiynindən, boynundan yapışdım. Bir neçə dəqiqə süpürləşdik. Onu üstələyə bilməzdim, ancaq hiss edirdim ki, belə müqavimət gözləmədiyi üçün karıxıb. Həm də yorulduğunu hiss edirdim. Düzü, məndə də hey qalmamışdı, amma çarəm yox idi, təslim ola bilməzdim. Axır ki, dayanıb məni buraxdı. Bir kənara çəkilib oturdu. Nəfəsini dərəndən sonra əlləri əsə-əsə cibindən papiros çıxardı. Birtəhər yandırıb tüstülətdi. Xilas olduğumu düşündüm, ya nədəndisə, bədənim süstləşdi. Özümü saxlaya bilməyib qəfildən hönkürdüm. Başımı dizlərimin arasına soxub xeyli ağladım. O isə dillənmir, heç tərpənmirdi də. Ürəyimi boşaldandan sonra başımı qaldıranda onun acı-acı gülümsədiyini gördüm. Buna nə məna verəcəyimi kəsdirməmişdim ki, özü dilləndi:

- Bəsdir, olan oldu, keçdi, daha sənlə işim yoxdu, - deyib, əlini cibinə apardı. - Papiros verimmi?

Başımı buladım. Sonra yenə ordan

-burdan bir-iki söz soruşdu, cavabında çarəsiz mızıldandım. Beləcə neçə saatsa yol getdik. Bir müddətdən sonra dığa dikəlib irəli baxaraq səsləndi:

- Həə, dur görək, ay yetim, dur sən də bax! Yerevana çatırıq. Bax e, işıqlara bax! Yerevandı ey, gözəl Yerevan!..

Dediyi səmtə boylandım. Doğrudan da irəlidə hər tərəf gur işıqlar işərisindəydi. O vaxtacan bu qədər çox, bu qədər gur işıqlar görməmişdim.

Bir qədər də gedib, şəhərə girdik. O, maşının kabinəsini döyəcləyib ermənicə qışqırdı:

- Saxla, Gevork, saxla!

Maşın dayandı. Gevork dediyi sürücü kabinədən çıxıb yuxarı boylandı. Məni görəndə çaşıb qaldı. Handan-hana:

- Bu kimdir? Burda nə gəzir? - soruşdu.

- Bilmirəm. Yolda atıldı maşına. Yetim türk küçüyüdü. Deyirəm, düşürək bunu.

Birdən əlini-əlinə vurub gülərək: - Ya bəlkə hələ bir az da gəzdirəsən bunu? Yerevanı göstərəsən?!

Sürücü onun şitliyinə məhəl qoymadı, kabinəyə qayıdıb maşını işə saldı. Beş-altı dəqiqə də gedəndən sonra maşını bir küçənin qırağında saxlayıb, məni səslədi, dedi ki, aşağı düşüm. Dediyi kimi elədim. İşarə elədi ki, ardımca gəl. Sakitcə addımladım. Məni milis şöbəsinə apardı. Növbətçiyə təhvil verib idarədən çıxanda qayıdıb üzümə baxaraq bir az narazı, bir az da təəssüf bildirən tərzdə başını yellədi...

Təmir getdiyi üçün toz-torpaq içində olan milis şöbəsində oturub özümlə bağlı nə qərar veriləcəyini gözləyirdim. Başıma gələnlər dəhşətli yuxu kimiydi. Həddən artıq  yorulmuşdum. Acından başım ağrıyırdı.

Bir azdan milislərdən biri:

- Qurgen, yemək yeyək, acından ölürəm - deyə səsləndi. Mən yemək sözünü eşidəndə çox sevindim. Fikirləşdim ki, yəqin mənə də bir-iki tikə düşər. Onlar bağlamaları açaraq, içindəki ərzaqları stolun üstünə düzdülər. Kolbasa, qaynamış yumurta, xiyar-pomidor. Dörd dənə də alma. Oturub, yeməyə girişdilər. Mənə fikir vermədən iştahla yeyir, hərdən zarafatlaşırdılar. Dillərini anlamadığımı sanan Qurgen adlı milis o birinə dedi:

- Vartan, bilirsən o küçük kimdir? Türk küçüyüdür, yetimidir özü də. Paqonumun dərdi olmasaydı, burdaca başına bir güllə vurub gəbərdərdim bunu...

O birisi mənə baxdı, ağzındakı yeməyi çeynəyib uddu. Görünür, qanlı, tozlu-palçıqlı sifətimdəki acizlik onda tərəddüd yaratmışdı deyə, dillənmədi.

Onlar bir daha mənə fikir vermədən, yeməklərini yeyib, stolun üstünü yığışdırıb yandakı otağa çəkildilər.

Ac-susuz qalmışdım. Amma yuxusuzluğa heç dözə bilmirdim. Toz-torpaqlı döşəmənin üstündə uzandım, o an gözümə qapının yanındakı süpürgə sataşdı. Çox sevindim. Tez durub süpürgəni götürdüm, gətirib başımın altına qoyaraq uzandım. Az keçmiş, yuxu apardı...

Səhər açıldı, məni rəis olduğu bilinən başqa bir milisin yanına apardılar. Orda başa düşdüm ki, məni uşaq evinə təhvil vermək istəyirlər. Qayğı görəcəyimdən, yeməkdən, əyin-başdan söz açdılar. Sonra da giriş-çıxış qapısını göstərib onun yanında gözləməyimi istədilər.

Milis idarəsinə çoxlu gəlib-gedən vardı, ya nə səbəbdən idisə, bir müddət kimsə mənimlə maraqlanmadı. Yaddan çıxmağımı fürsət bilib özümü küçəyə atdım. Hara getdiyimi bilmirdim. Hava tutqun idi, yağış çisələyirdi. Yeridiyim ara küçə zığlı-palçıqlı olduğundan başıma bəla ayaqqabılarım yaman günə düşmüşdü. Onlar da mənim kimi əzab çəkirdi.

Məndən qabaq bir nəfər əlində peraşki topası tutub, yeyə-yeyə gedirdi. Qəfildən sürüşüb gölməçəyə yıxıldı. Əlindəki peraşkilər tökülüb suya-palçığa batdı. Qalxıb üst-başına baxdı, peraşkiləri yerdə qoyub asta-asta uzaqlaşdı. Mən fürsəti əldən verməyərək, tezcə yaxınlaşıb peraşkiləri yerdən topladım, elə palçıqlı halda tələsik cibimə soxdum. Ordan aralanan kimi cibimdən çıxardaraq bir azca təmizləyib yeməyə başladım. Yavaş-yavaş ayaqlarıma taqət, gözlərimə işıq gəldi. O çarəsiz vəziyyətimdə də heç olmasa qarnımı doyura bildiyim üçün Allaha dönə-dönə şükür elədiyim lap yaxşı yadımdadır...

Məcburən yol getdiyim o iki erməninin də, bu iki erməni milisinin də timsalında bir həqiqətə şahid oldum. Gördüm ki, adamları arasında kiməsə zülm etməkdən ləzzət alanlar da var, yaxşılığı keçməsə belə, heç olmasa pislik etmək istəməyənlər də. Kimisi rastlaşdığı insana əziyyət çəkdirməyi, əzab verməyi xoşlayır, qəsdən onun işini dolaşığa salır, başına oyunlar gətirir. Kimisi də qarşısındakının da onun kimi adam olduğunu nəzərə alıb heç nədən ona ziyan vurmaqdan, əzabını artırmaqdan çəkinir. Belələrinə ömür boyu qarşılaşdığım adamlar içərisində çox rast gəlmişəm...

Peraşki yeyə-yeyə bir qədər getmişdim ki, böyük bir bazar yerinə çatdım. Burada qızğın alver gedirdi. Hərə öz malına müştəri çağırırdı. Özümü itirmişdim, karıxmış halda oralarda hərlənirdim. Dünəndən yığılıb qalan təbii ehtiyacım indi bir az sərbəstləşdiyim üçün məni sıxışdırmağa başlamışdı. Özüm kimi bir oğlana yaxınlaşaraq utana-utana ondan tualet yeri soruşdum. O mənə qəribə bir tərzdə baxıb dilləndi:

- Ora bax, bazarın axırındakı söyüd ağacını görürsən?

Mən sevincək olub tez cavab verdim:

- Hə, görürəm qardaş, görürəm!

- Tualet ordadır, özünü ver oraya...

Artıq dözə bilmirdim. Tələsik qaçıb söyüd ağacının yanındakı tikiliyə girdim... İçəridəkilərin hamısı qadınlardı. Çaşıb qaldım. Nə irəli yeriyə, nə də qayıdıb çıxa bildim. Bircə anlıq mən qadınlara baxdım, onlar da mənə. Qəfil onlardan biri ağac budaqlarından hazırlanmış, "çalğı" dediyimiz iri süpürgəni qapıb üstümə cumdu. Birinci zərbəni düz sifətimə çırpdı. Gözümdə alov parladı, daha ətrafı görmürdüm. Süpürgə bu dəfə başıma çırpıldı, dayana bilmədim, səndələyib yıxıldım. İndi qadın süpürgə ilə harama gəldi vurur, var gücüylə çırpırdı. Baxışlarım nisbətən aydınlaşdığı üçün onun hirsli sifətini görür, daha da qorxurdum. Sifətinin ifadəsindən görünürdü ki, hələ məni xeyli əzişdirmək fikrindədir. Yaxşı ki, qadınlardan biri yaxınlaşdı, məni döyənə acıqlanıb onu kənara itələdi. Sonra da süpürgəni ondan alaraq tualetin bir küncünə tulladı. Əl atıb məni yerdən qaldırdı. Oradan çıxmağıma kömək eləyib, tualetin ikinci qapısını göstərdi. İşin nə yerdə olduğunu anladım. Əslində o qədər də günahkar deyildim. Kənd uşağıydım, bunu hardan biləydim?!

Başımda, belimdə ağrılar vardı. Üzüm göynəyirdi, yəqin, şişmişdi də. Bazarın içindəki su kranına yaxınlaşaraq əl-üzümü yudum, su içdim. Palçıqlı ayaqqabılarımı bir az təmizləyib oradan uzaqlaşdım.

Bazarın çıxacağında bir küncə atılmış zay, çürük meyvələrdən bir-ikisini götürdüm, salamat yerlərindən dişləyib yeməyə başlamışdım ki, kimsə tanış bir səslə məni çağırdı. Dayandım, əlimdə qalan meyvəni qorxa-qorxa cibimə qoydum. Əvvəl elə bildim qulağım səsə düşüb. Amma həmin səsi bir də eşitdim. Səs yan tərəfdən gəlmişdi. O tərəfə baxdım... Həm ədəbiyyat müəllimim, həm də bibim qızının yoldaşı olan Namaz müəllim idi. Yeyin addımlarla irəli gəlib məni qucaqladı. Görünür, evdəki vəziyyətdən haliydi. Odur ki, qaçacağımdan ehtiyatlanaraq, əlimdən bərk-bərk yapışıb məni öz arxasınca dartdı. Əvvəlcə bazarın yaxınlığındakı aşxanada isti yemək alıb qarnımı doyuzdurdu. Çay da içdim, halım tamam düzəldi. O vaxta qədərki yaşayışımı, dünəndən başıma gələnləri nəzərə alanda bu məndən ötrü əsl ziyafət kimiydi.

Sonra Namaz müəllim məni özüylə kəndimizə qaytardı, evimizə təhvil verdi. Həm həyatımdakı roluna, həm də hər cəhətdən gözəl insan olduğuna görə ömrüm boyu Namaz müəllimə hörmətlə yanaşmışam, indi də onu ehtiramla, rəhmətlə yad edirəm...

Evdəkilərdən əlavə, qonum-qonşu, qohum-əqrəba da bizdəydi. Bizi görəndə çox sevindilər. Deyəsən, məndən əllərini üzübmüşlər, ölüb-itdiyimi düşünürmüşlər. Ona görə də anam da, o birilər də şadlıqdan ağlamağa başladılar. Ən çox da anam! Üzünü cırmışdı, saçları dağılıb pırpızlanmışdı. Gözləri ağlamaqdan qızarıb şişmiş, dodaqları göyərmişdi. Çox halsız görünürdü. O məni dönə-dönə bağrına basdı, peşmanlıqdanmı, sevindiyindənmi, xeyli ağladı. Bir azdan məni buraxıb əllərini göyə qaldıraraq, yanıqlı səslə bu sözləri dedi:

- Allah kasıblığın üzünü qara eləsin! Necə ki, kasıblıq mənim üzümü hamının yanında qara elədi!..

Adamlar kimisi təsəlli, kimisi də gözaydınlığı verib dağılışdılar. O axşam həm öz aləmimdə, həm də anamın nəzərində mən yenicə doğulmuş uşaq kimiydim...

Nurəddin CƏFƏROV
keçmiş hərbçi

 





24.01.2017    çap et  çap et