"Dünyada kəskin xarakter alan iqtisadi böhran şəraitində Azərbaycanda həyata keçirilən çevik və məqsədyönlü islahatlar ilk növbədə əhalinin dövlət tərəfindən etibarlı sosial müdafiəsinin təmin edilməsinə yönəlib".
Bunu mətbuata açıqlamasında deputat Tahir Rzayev deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin pensiyaların sığorta hissəsinin və minimum əmək haqqının artırılması barədə verdiyi sərəncam insanların rifahının yüksəldilməsinə xidmət edir.Deputat dövlət başçısının əhalinin sosial müdafiəsini gücləndirməsi üçün daim lazımi tapşırıqlar verdiyini və bu istiqamətdə lazımi addımların atıldığını da söyləyib:"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sərəncamların verilməsi mövcud iqtisadi şəraitdə ilk növbədə insanların sosial müdafiəsi məsələlərinin daim diqqətdə olduğunu göstərir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" fikrinin real əməllə bağlı olduğunu bir daha təsdiq edir. Bu, həm də sosial-iqtisadi inkişafın davam etdirilməsi məqsədilə ölkədə aparılan bütün işlərin əsasında ilk növbədə əhalinin sosial müdafiəsi məsələsinin dayandığını da göstərir".
Deputat Eldəniz Səlimov də deyib ki, ölkə Prezidentinin sərəncamları ilə minimum aylıq əməkhaqqının və əmək pensiyalarının sığorta hissəsinin artırılması çox mühüm və çox əhəmiyyətli addımdır. Millət vəkili qeyd edib ki, bu da əslində səbəbsiz deyil, çünki dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasət sosialyönümlüdür və bu siyasətin də mərkəzində heç şübhəsiz Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır.
"Obyektiv səbəblərə görə, bu ilin dövlət büdcəsi bir qədər yığcam olsa da, büdcə yenə də sosialyönümlüdür və büdcə xərclərinin 40.3 faizindən çoxu məhz sosial xərcləri əhatə edir"-deyən millət vəkilinin sözlərinə görə, bu baxımdan, dövlət başçısı tərəfindən imzalanan bu iki yeni sənəd bir daha məlum siyasətin davamı və inkişafı kimi dəyərləndirilə bilər. Deputat bildirib ki, bütün bunlar cəmiyyətdə çox müsbət qarşılanacaq və təqdirediləcək hadisələrdir. "Cəmiyyətimizə də, insanlarımıza da bu gün dünyamızda, yaxın ətrafımızda hansı proseslərin baş verdiyi, getdiyi yaxşı məlumdur. Ətrafımız od tutub yanır, 2008-ci ildən dünyada başlanan və hələ də sonu görünməyən iqtisadi, siyasi, sosial və hərbi böhran, dövlətlərarası etimad böhranı bir-birinə qarışıb və bu reallıqlar fonunda, Azərbaycan büdcəsinə neftdən gələn gəlirlərin azaldığı şəraitdə Azərbaycan dövləti yenə də sosial siyasəti davam etdirir. Yəni, çətin iqtisadi vəziyyətdə heç bir ölkədə əməkhaqlarının, müavinətlərin, pensiyaların artırılması istiqamətində addımlar atılmır və bu barədə belə demək mümkünsə, heç düşünülmür də... Bu baxımdan, bir çoxları da belə düşünürdü ki, indiki şəraitdə Azərbaycanda müxtəlif kateqoriyalar üzrə əmək haqlarının, pensiyaların, müavinətlərin artırılması qeyri-mümkündür və heç bir halda belə bir addım atılmayacaq. Amma Prezident İlham Əliyevin son qərarları bir daha təsdiqlədi ki, hətta neftin qiymətinin 4 dəfə aşağı düşməsinə, ölkəyə valyuta daxilolmalarının azalmasına baxmayaraq, dövlətimiz öz sosial yönümlü siyasətinə sadiqdir və bu istiqamətdə addımlar atır. Qonşu ölkələrlə müqayisə etsək, bu ölkələrin heç birində ağır iqtisadi şəraitdə belə addımlar atılmayıb. Odur ki, belə bir addıma görə, dövlət başçısına öz minnətdarlığımızı və təşəkkürümüzü bildirir, ona Azərbaycan naminə gərgin və yorulmaz fəaliyyətində uğurlar, yeni nailiyyətlər arzulayırıq. Azərbaycanımız İlham Əliyevin rəhbərliyi altında hələ çox uğurlara və nailiyyətlərə imzasını atacaq. Buna qəti əminik və inamlıyıq"-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının və bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 116 manat müəyyən edilir, bütün növ əmək pensiyalarının sığorta hissəsi isə 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq artırılır.
Kamil HƏMZƏOĞLU
çap et