525.Az

Sarkisyanın gəmisini tərk edənlərin sayı artır


 

"HAKİM PARTİYADAN İSTEFA VERƏN OVİK ABRAMYANIN OHANYAN-OSKANYAN-AYRİKYAN ÜÇLÜYÜNƏ QOŞULMASI EHTİMALI YÜKSƏKDİR"

Sarkisyanın gəmisini tərk edənlərin sayı artır<b style="color:red"></b> "Ermənistan müxalifəti aprel seçkisinə ciddi hazırlaşır. Bu arada, prezident Serj Sarkisyanın gəmisini tərk edənlərin sayı artır. Sarkisyan Seyran Ohanyanı müdafiə naziri vəzifəsindən uzaqlaşdırdıqdan sonra eks-nazir siyasi fəaliyyətə başlayacağını elan etdi və keçmiş xarici işlər naziri Vardan Oskanyanla siyasi blok formalaşdırdı".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu bloka Ermənistanın tanınmış siyasətçisi, keçmiş dissident Paruyur Ayrikyan da qoşulub:

"Ayrikyan müstəqillikdən bu yana Ermənistan hakimiyyətlərinə qarşı hər zaman müxalifətdə olub, ruspərəst siyasətin əleyhinədir. Ayrikyan özü yeni blokun müvəqqəti xarakter daşıdığını bildirir, əsas məqsədlərinin Serj Sarkisyanı parlament seçkisində qələbəsini əngəlləmək olduğunu deyir".

Dünən Serj Sarkisyanın partiyadakı müavini, keçmiş baş nazir Ovik Abramyanı da itirdiyini xatırladan politoloq qeyd edib ki, Abramyan hakim partiyadan istefa verdiyini açıqlayıb:
 
"Böyük ehtimalla o da müxalifətin sıralarını genişləndirəcək. Ovik Abramyanın Ohanyan-Oskanyan-Ayrikyan üçlüyünə qoşulması ehtimalı da yüksəkdir. O biri tərəfdə isə Serj Sarkisyanı qarabaqara izləyən keçmiş dostu, eks-prezident Robert Köçəryan var. O da Sarkisyanın idarəetməsinin tənqidçilərindəndir. Bu sıraya keçmiş prezident Levon Ter-Petrosyanı da əlavə etsək, apreldə Serj Sarkisyanı ciddi sınaq gözlədiyini ehtimal etmək mümkündür".

Mərkəz sədri hesab edir ki, Sarkisyan hakimiyyətinin ömrünü uzatmaq üçün növbəti dəfə qarşıdurmaya gedəcək:

"İrəvan küçələrində kütləvi silahlı toqquşma da istisna deyil. İndi əsas məsələ Ermənistanda hakimiyyət dəyişikliyinə ağaları Moskvanın icazəsinin alınmasıdır. Moskvada Sarkisyana böyük simpatiya yoxdur.

Təsadüfi deyil ki, hakimiyyətdə təmsil olunmamalarına rəğmən, Robert Köçəryan Vladimir Putinlə, Ovik Abramyan isə Dmitri Medvedyevlə görüşürlər".

Ceyhun ABASOV
 





25.01.2017    çap et  çap et