525.Az

Goranboy rayon xəstəxanasında ciddi pozuntular


 

Goranboy rayon xəstəxanasında ciddi pozuntular <b style="color:red"></b> Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq  dövlət büdcəsindən 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-sentyabr aylarında Goranboy Mərkəzi Rayon Xəstəxanasına (Xəstəxana) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.
 
APA-nın məlumatına görə, Goranboy Mərkəzi Rayon Xəstəxanasında və tabeliyindəki səhiyyə müəssisələrində ştat vahidlərinin ümumi sayı 1055 vahid, çarpayıların sayı 215 vahid təsdiq edilib.
 
Goranboy Mərkəzi Rayon Xəstəxanasının strukturuna 2 şəhər xəstəxanası 20 kənd həkim məntəqəsi, 40 kənd tibb məntəqəsi və mərkəzləşdirilmiş mühasibatlıq daxil olmaqla, rayon üzrə 100200 nəfərə stasionar və ambulator tibbi xidmət göstərilməsi nəzərdə tutulub. Xəstəxana tərəfindən auditin əhatə etdiyi dövrdə ümumilikdə 7 milyon 950 min 866 manat məbləğində vəsait icra edilib. Goranboy Mərkəzi Rayon Xəstəxanasının və onun tabeliyindəki səhiyyə müəssisələrinin auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən tibb müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib. Bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb, eləcə də əvvəlki illərin icra göstəriciləri nəzərə alınmayıb. Vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi halları müəyyən edilib.
 
Səhiyyə Nazirliyinin rəsmi hesabatına əsasən 2015-ci ildə respublika üzrə hər on min nəfər əhalinin çarpayılarla  təminatı 39,6 ədəd, həkimlərlə təminatı 27 nəfər təşkil etdiyi halda, bu göstəricilər Goranboy rayonu üzrə müvafiq olaraq 21,5 ədəd və 18,8 vahid təşkil edib. Buna baxmayaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasında və onun tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində təsdiq olunmuş ştatların 2014-cü ildə 8,9%-i və ya 94,0 vahidi, 2015-ci ildə 9,3%-i və ya 98,5 vahidi, 2016-cı ilin 9 ayında isə 10,7%-i və ya 113 vahidi vakant olub. Rayon üzrə çarpayı günlərinin icra göstəriciləri çox aşağı olub, müvafiq olaraq,  40,2%, 31,5% və 29,1% təşkil edib. Goranboy Mərkəzi Rayon Xəstəxanasında və tabeliyindəki səhiyyə müəssisələrində bir çarpayı gününə sərf olunmuş dərman və ərzaq xərcləri üzrə göstəricilər strukturuna daxil olan tibb müəssisələri üzrə də kəskin fərqli olub. Müxtəlif illərdə əvəzsiz qaydada verilmiş və alınmış bəzi inventarlar  uzun müddət xəstəxananın şöbələrində istifadəsiz saxlanılmaqla səmərəsiz xərclərə yol verilib. İmtiyazlı xəstələrə dərman, sarğı ləvazimatları və materiallarının paylanması zamanı mövcud normativ aktların tələblərinə tam əməl edilməyib. Bəzi hallarda malların alınması zamanı miqdarı tələbatdan, qiyməti isə orta bazar qiymətindən artıq olub. 
 
Auditlə əhatə olunan dövrdə tarif dərəcələri düzgün müəyyənləşdirilməyib, ərzaq, mal-material, eləcədə dərman, sarğı ləvazimatları və materialları üzrə çatışmazlıq olub, benzin və dizel yanacağı müəyyən edilmiş qiymətdən baha qiymətə alınıb. Təsdiq olunmuş ərzaq məhsullarının siyahısında nəzərdə tutulmayan ərzaq məhsullunun  alınması hallarına yol verilib. Təmir-tikinti işlərinin aparılması zamanı işlər yerinə yetirilmədiyi  halda podratçılara büdcə vəsaiti ödənilib,  “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi Qaydaları”nın tələbələrinə düzgün əməl edilməyərək əsaslı təmir xərci kapitallaşdırılmış məsrəflər kimi uçota alınmayaraq xərcə silinib. “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın tələbləri tam təmin edilməyib, mühasibat uçotu əsasən qüvvədən düşmüş təlimatın hesablar planına uyğun işlənilib,  alınmış bəzi mal-materiallar anbara mədaxil edilmədən birbaşa maddi-məsul şəxsin öhdəsinə verilib. “Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun əsas fondlara və qeyri maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə” təlimatın tələbləri gözlənilməyərək torpaq, tikili avadanlıq və digər uzunmüddətli aktivlərə artıq amortizasiya hesablanıb.
 
Hesablama Palatasının Kollegiyası Goranboy  Mərkəzi Rayon Xəstəxanası  tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib. Müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Goranboy  Mərkəzi Rayon Xəstəxanasına, eyni zamanda auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Səhiyyə Nazirliyinə  və Goranboy  rayon İcra Hakimiyyətinə göndərilib. Eyni zamanda  nəzarət tədbiri zamanı dövlət büdcəsindən ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması ilə bağlı aşkar edilmiş hüquq pozuntuları üzrə müvafiq materialların Goranboy Rayon Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.
 
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
 





26.01.2017    çap et  çap et